İran səfiri Almaniya XİN-ə çağırılıb

İranın Almaniyadakı səfiri İran hökumətinin Tehrandakı səfirlikdəki Alman Dili Tədqiqatları İnstitutunu bağlamaq qərarı ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya XİN-in nümayəndəsi bildirib.
“İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılır. İranın təhlükəsizlik orqanlarının Tehrandakı Alman Dili Tədqiqatları İnstitutuna qarşı hərəkətlərini pisləyirik. Buna heç cür haqq qazandırmaq olmaz. Biz İranın yeni hökumətini dərhal tədrisin bərpasına icazə verməyə çağırırıq”, - nazirlikdən qeyd edilib.
Qurumdan əlavə olunub ki, dil mübadiləsi qarşılıqlı anlaşmanın əsasını təşkil edir.
Qeyd edək ki, daha əvvəl İranın ədliyyə məlumatları agentliyi olan “Mizan” Almaniyanın Tehrandakı səfirliyi nəzdində fəaliyyət göstərən Alman Dili Tədqiqatları İnstitutunun ölkə qanunvericiliyinin sistematik şəkildə pozulması və maliyyə fırıldaqlarına görə İran hökumətinin qərarı ilə bağlandığını məlumat vermişdi.