Sülhməramlıların gedişindən sonra Rusiya və Azərbaycanın dostluq münasibətləri daha da güclənəcək
ABŞ-nin Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını təqdir etmək əvəzinə pisləməsi siyasi riyakarlığın bariz nümunəsidir. ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən “etibarsız müttəfiq” ifadəsi heç bir məntiqə sığmır. Amerikalı rəsmiyə görə, rus hərbçilər Azərbaycan ərazisində qalmalı və ermənilərin zorla Qarabağa köçürülməsi ilə məşğul olmalıydı. Moldova, Gürcüstan, Ukrayna və digər ölkələrdən Rusiya hərbçilərinin çıxarılmasını tələb edən ABŞ Azərbaycana gələndə tam əks mövqe ortaya qoyur. Əslində, bu mövqe bizi o qədər də təəccübləndirmir. ATƏT-in Minsk qrupunun fəaliyyətinin fonunda 30 il ərzində belə yanaşmalarla çox rastlaşmışıq. Görünür, Ağ Ev riyakar siyasətindən əl çəkmək niyyətində deyil. Azərbaycanın öz suverenliyini təmin etməsi ABŞ və Fransa kimi ölkələri ciddi narahat edir. Onlar Azərbaycanın Cənubi Qafqazda güclənməsini qəbul edə bilmirlər. Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşmasından narahatdırlar. Onlar regionda sülh və sabitliyin bərqərar olmasını, əməkdaşlıq mühitinin formalaşmasını, kommunikasiya xətlərinin açılmasını, iqtisadi inkişafın sürətlənməsini istəmirlər. ABŞ və Fransa Qarabağ probleminin həllinin ən böyük əleyhdarları olublar. Həmsədr kimi 30 il ərzində münaqişənin mövcudluğunun qalmasına çalışıblar.
Dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ-nin Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoyması onların həm də Ermənistanı qorumasına xidmət edir. ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadanı sülhməramlı kontingenti çıxarmağa çağırıb. 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlayıb.
Məntiqlə ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlamalı və Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhün davamlı təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür. Üzdə Rusiya ilə düşmən münasibətdə olan ABŞ müəyyən məsələlərdə Kremllə əməkdaşlıq edir.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında ilk növbədə qeyd edib ki, 10 noyabrda imzalanmış üçtərəfli sənəddə müvəqqəti şərtinin qoyulması və prosesin məntiqi sonluğa çatdırılması Prezident İlham Əliyevin qətiyyəti və prinsipial siyasətinin nəticəsidir. Deputatın sözlərinə görə, 10 noyabr sazişində sülhməramlıların 2025-ci ilədək, yəni torpaqlarımızda müvəqqəti yerləşdirilməsi ilə bağlı müddəanın sənəddə əksini tapması üçün məhz Prezident İlham Əliyev israr etmişdi:
"Dövlət başçısının Qarabağla bağlı apardığı uğurlu siyasət sayəsində Rusiya tərəfi sülhməramlı kontingentin Qarabağdan çıxarılması barədə qərar qəbul etdi. Heç şübhəsiz ki, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir. Rusiya-Azərbaycan münasibətləri yüksək idi. Sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək. Əlbəttə, sülhməramlıların Qarabağdan çıxarılmasına ABŞ-nin reaksiyası təəssüf doğurur. Dövlət Departamentinin nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanı "etibarsız müttəfiq" adlandırması, sülhməramlıların Azərbaycandan çıxarılmasının alqışlanmaması, əksinə, mənfi tərzdə şərh edilməsi ABŞ-nin riyakarlığının göstəricisidir. Bu, bir daha onu göstərir ki, ABŞ və Fransa sülhün əldə olunmasının həllinin ən böyük əleyhdarlarıdırlar. İndiyədək dünyanın bir çox bölgəsindən Rusiyanı sıxışdırıb çıxartmağa çalışan, bu yöndə çağırışlar edən ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoyur. Məyusluğunu açıq şəkildə bəyan edir. ABŞ-nin əks mövqe ortaya qoyması göstərir ki, Ağ Ev Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür. 2023-cü ilin antiterror əməliyyatlarından bir neçə gün əvvəl İstanbulda Qarabağla bağlı gizli ABŞ, Avropa İttifaqı və Rusiyanın gizli görüşünü yaxşı xatırlayırıq. Həmin görüş göstərdi ki, Qərb və ABŞ Azərbaycan öz suverenliyinin tam bərpasına imkan verməmək üçün hətta rəqibi Rusiya ilə birgə sövdələşməyə hazırdır. Heç şübhəsiz, bütün bunlara rəğmən, Azərbaycan qarşısına qoyduğu hədəflərə növbəti illərdə də nail olacaq".