İranın təsir imkanlarını neytrallaşdıracağıq - RƏY

Xalq və dövlət ayıqdır

  Xəbər verdiyimiz kimi, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani növbəti dəfə Azərbaycanı ittiham edib. Səfir iddia edib ki, sionist rejimi Cənubi Qafqazda qeyri-sabitliyin əsas faktorlarından biridir və Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahları ilə öldürülüb". Əslində, sözügedən iddia müharibə dönəmində və sonrakı dövrdə də dəfələrlə gündəmə gətirilib. İran rəsmiləri, millət vəkilləri və diplomatları İsraillə mübarizədə Azərbaycanın adını hallandırmaqdan yorulmurlar. Azərbaycan bu qarşıdumada tərəf olmasa da, bizi hədəf göstərməyə çalışırlar. Əvvəlcə İranın deputatlarından biri İsrailin Azərbaycandakı səfirliyini hədəf seçməyi təklif etdi, indi də İranın Ermənistandakı səfiri Mehdi Sübhani İsraili Cənubi Qafqazda "qeyri-sabitliyin" əsas mənbələrindən biri olduğunu iddia edərək “Qarabağdakı erməni əsgərləri İsrail silahları ilə öldürülüb” ifadəsini səsləndirib. Birincisi, İsrailin Azərbaycanla yanaşı həmin Ermənistanla da diplomatik münasibətləri var və Ermənistan Azərbaycandan xeyli əvvəl İsraildə səfirliyini açıb. İkincisi, iranlı diplomat bilməmiş deyil ki, Azərbaycan silahı bu illərdə yalnız İsraildən almayıb, işğalçıları Rusiya və Türkiyə istehsalı olan silahlarla da neytrallaşdırmışıq. Səfir Azərbaycan ordusunda İsrail silahlarını qabartmaqla ermənilərin İsrailə qarşı nifrətinin artmasına çalışır. Məsələ ondadır ki, rəsmən "İslam dövləti" statusuna sahib bu ölkənin həmrəyliyi, nədənsə, müsəlman ölkəsi olan Azərbaycanla deyil, məscidləri dağıdan, təhqir edən, ibadətgahlarda donuz saxlayan Ermənistanla münasibətlərində özünü göstərir. 30 il davam edən işğal dövründə Azərbaycanın sərvətlərinin ermənilər tərəfindən talan edilməsində bilavasitə iştirakı, işğal altında olan Qarabağda at oynadan separatçılara silah-sursat daşınmasını həyata keçirməsi, minlərlə günahsız müsəlmanın vəhşicəsinə qətlə yetirilməsinə göz yumması azmış kimi, bu gün də İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını əngəlləmək üçün əlindən gələni edir. Xüsusilə də Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmağa çalışan İran uzun illərdən bəri beynəlxalq narkoticarət marşrutunun əlindən çıxması ilə də heç cür barışa bilmir. İranın Azərbaycana qarşı düşmənçilik siyasəti təkcə işğal altında olan ərazilərimizdə fəaliyyətində deyil, həmçinin ölkəmizdə daim təxribatlar və iğtişaşlar törətmək cəhdlərində də özünü göstərib.
  Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, Azərbaycan müstəqillik qazandığı gündən İranla münasibətləri yaxşılaşdırmaq və inkişaf etdirmək üçün əlindən gələni etsə də, təəssüflə demək istəyirəm ki, qarşı tərəf heç də xoşgörüşlü deyil:

"Biz qonşularımızla heç bir konflikt yaşamadan dost və qardaş münasibətləri qurmaq niyyətimizi hər zaman bildirmişik. Bu münasibətlərin qalıcı olmasında tərəf olaraq bütün öhdəliklərimizə sadiqik. Azərbaycan həm də İrana qonşudan daha çox qardaş münasibəti bəsləmək niyyətindədir. Çünki İran əhalisinin böyük çoxluğu etnik türklərdən ibarətdir və bu əhalinin də Azərbaycana isti münasibətləri var. Bütün bu cəhdlərimizə baxmayaraq, İran yanlış olaraq bizi yumşaq desək, dost olmayan dövlət olaraq görür. Bizdən məsafədə dayanmağa çalışır. Əslində, məsafə deyərkən bərabərtərəfli münasibətlərdən qaçdığını qeyd etmək istəyirəm. Eyni zamanda İran mütəmadi olaraq əleyhimizə bəyanatlar səsləndirsə də, əməli şəkildə bizə qarşı hərəkətlər edir. İranın Ermənistanın xeyrinə bizə qarşı davranışlarını ciddi şəkildə və ağılla təhlil etsək, ilk növbədə onların özlərinə ziyan verəcəyini görməmək mümkün deyil. Perspektivdə bu ölkənin ayaqda qalmasına əngəl törədəcək faktora çevrilməsi qaçılmaz olacaq. İranın bu davranışında bir amil, əsas və səbəb tapmaq məntiqi olaraq çox çətindir. İran öz-özlüyündə bizi özünə təhlükə görürsə, bu artıq onların ağıl əskikliyi problemidir. Azərbaycanın nə İranın, nə də uzun illər topraqlarımızı işğal altında saxlayan Ermənistanın torpaqlarında gözü yoxdur. Azərbaycan tərəfi bu təhdid və böhtanlara cavab vermək iqtidarındadır. İranın uzun illər ərazimizdə məzhəb üzərindən təsir etməyə çalışması da göz qabağındadır. Lakin xalq və dövlət ayıqdır. İranın bizə təsir imkanlarını maksimuma qədər neytrallaşdıracağıq".