Dağıdıcı müxalifət deyəndə ilk olaraq ağlımıza şər və böhtan səsləndirən, milli və dövlətçilik maraqlarına qarşı hədyanlar yağdıran qüvvələr gəlir. Ona görə də həmin qüvvələri antimilli ünsürlər adlandırırlar. Antimilli ünsürlər xalqımızın, dünyadakı milyonlarla soydaşımızın səfərbər və həmrəy olduğu 44 günlük Vətən müharibəsində də xalqdan ayrı düşdülər, xarici ermənipərəst dairələrin əlinə oynadılar. Sonrakı mərhələ Qarabağ zəfərinə kölgə salmaq üçün hər cür yaramaz və əxlaqa zidd fəaliyyət yolunu tutdular. Bu gün də eyni qüvvələr həya etmədən bəd əməllərini davam etdirir, əhatəli formada qarayaxma kampaniyalarını aparırlar. Uzun illərdir ABŞ-də yaşayan və oradan Azərbaycanın milli maraqlarına zidd çıxışlar edən jurnalist Sevinc Osmanqızının “proqnozları” da hər zamankı kimi özünü doğrultmadı. Məlum olduğu kimi, 10 noyabr 2020-ci ildə üçtərəfli saziş əsasında Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti mərhələli şəkildə Azərbaycanı boşaltmağa başlayıb. "Uzaqgörən" Sevinc Osmanqızı isə 2023-cü ildə çıxışlarının birində demişdi ki, "2025-ci ildə Rusiya sülhməramlıları Qarabağdan çıxmayacaq". O iddia etmişdi ki, Rusiya qoşunları Moldovadan, Ermənistan və Gürcüstandan çıxacaq, amma Azərbaycandan çıxması mümkün olmayacaq. Hətta ruslar Qarabağdan çıxarsa, Prezident İlham Əliyevə "Bravo", "Müzəffər", "Birinci" deyəcəyini vəd etmişdi. 3 il yarım idi ki, Əli Kərimli, Qabil Məmmədov, Sevinc Osmanqızı və başqaları bu mövzunu çeynəməkdə davam edirdilər. Azərbaycana, millətə düşmənçilik edənlər növbəti dəfə yanıldılar. Dövlətimizə şər atanlar, ölkəmizə kin qusanlar, tarixi uğurlara kölgə salmağa çalışanlar mənəvi, psixoloji və siyasi baxımdan darmadağın edildi. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd işğaldan azad edildikdən sonra əsas "arqumentləri" Qarabağdakı Rusiya sülhməramlıları idi. O da əllərindən çıxdı. Ən əsası bir daha aydın oldu ki, hakimiyyətə "müxalif" olduğunu iddia edən Sevinc Osmanqızı, AXCP sədri Əli Kərimli və digərləri əslində Azərbaycan dövlətinə, xalqına xəyanət və düşmənçilik yolu tutublar.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, 1990-cı illərin əvvəllərində xalqın etimadını itirən, ümidləri puç edən, torpaqlarımızın işğal olunmasına, bir milyon qaçqınımızın yaranmasına səbəb olanların bu gün xalqa çağırış etməsinə heç bir haqqı yoxdur. Deputat bildirib ki, əllərinə hakimiyyət düşəndə ölkənin ləl-cəvahirat fondunu talayaraq, dövləti müflis edənlərin haqq-hüquqdan, mənimsəmədən danışmağa haqqı çatmır:
"Yola saldığımız üç onillikdə görünən hər şey tamamilə dəyişildi. Azərbaycan dövləti siyasi-iqtisadi və hərbi cəhətdən gücləndi, torpaqlarımız işğaldan azad olundu, suverenliyimiz bərpa olundu, keçmiş məcburi köçkünlərimizin öz ata yurdlarına dönüşü başladı. Azərbaycan sabitlik adasına çevrildi. Dəyişilməyən isə Əli Kərimli və onun ətrafında cəmləşmiş şəxslərin təfəkkürü oldu. Müharibə və gərginliklərin baş verdiyi ölkələrdə şəhər və kəndlərin yerlə yeksan olunmasını, dinc insanların doğma yurdlarından didərgin düşmələrini, yüz minlərlə günahsız insanın ölümünü görənlər yenə də Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər. Bu, xalqımıza qarşı xainlik və düşmənçilik deyilmi? Rusiya sülhməramlılarının Qarabağda əbədi qalacağını iddia edərək, "2025-ci ildə Əliyev rus hərbçilərini yola sala bilsə, ona "Bravo, Müzəffər", "Birinci" deyəcəm" söyləyən siz deyildinizmi? Rusiya sülhməramlıları vaxtından bir il əvvəl ərazilərimizi tərk etdilər. Cəsarətiniz çatırsa, xalqı meydanlara səsləmək əvəzinə vəd etdiyiniz sözləri tutun. Əlbəttə, bunu etməyəcəksiniz. Çünki sizə verilən sifarişlər hakimiyyətin uğurlarına kölgə salmaq, ölkədə sabitliyi pozmaq, dövlətimizi gücsüzlüşdərməkdir. Məqsədiniz, niyyətiniz Azərbaycanı 1990-cı illərin əvvəlindəki vəziyyətə qaytarmaqdır. Ancaq müdrik xalqımız hər şeyin fərqindədir. Kimin kim olduğunu yaxşı bilirik. Ona görə də həmin qüvvələr heç vaxt uğur qazana bilməyəcək. Prezident İlham Əliyev nəyi, nə vaxt və necə etmək lazım olduğunu hamıdan yaxşı bilir. Xalqımız da öz liderinin yanındadır".
Millət vəkili Fəzail Ağamalı da deyib ki, ölkə Prezidentinin siyasətini dərk edən, onunla bərabər olan hər kəs, xalqın mütləq əksəriyyəti müharibədən sonra Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşməsinə müvəqqəti hal kimi yanaşırdı: "Əli Kərimli və onun ətrafında olanlardan fərqli olaraq biz düşünürdük ki, İlham Əliyev ölkəmizdə erməni separatizminə son qoymağı başlıca hədəf götürüb. Bu yolda ən müxtəlif üsullardan istifadə edən cənab Prezident buna nail oldu. 2023-cü ilin antiterror əməliyyatından sonra tamamilə əmin idik ki, zaman gələcək tezliklə sülhməramlı qüvvələr buradan gedəcək. Əli Kərimli və onun ətrafında olanlar əgər özlərində zərrə qədər ləyaqət hissi görürlərsə, cənab Prezidentin önündə baş əyərək ondan və Azərbaycan xalqından etmiş olduqları böhtanlara görə üzr istəməlidirlər".