Xəzər dənizində süni torpaq sahələrinin yaradılması haqqında qanun parlamentdə mübahisəyə səbəb olub. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o, dövlətin mülkiyyətinə keçir. Deputat Qüdrət Həsənquliyev buna etiraz edib və bildirib ki, bu torpaq sahəsi süni yaradılır: "Öz vəsaitim hesabına süni torpaq sahəsi, ada yaradıram. Burada məntiq haradadır ki, mənim yaratdığımı sonra dövlət deyir ki, sən onu mənim mülkiyyətimə verməlisən. Bu baxımdan bu müddəa da buradan çıxarılmalıdır”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə qeyd edib ki, süni adalar su fondunun üzərində yaradıldığı üçün özəlləşdirilə bilməz, dövlətin hesabında olmalıdır: “Bu, dünyanın hər yerində belədir”.
Qüdrət Həsənquliyev isə yenidən bu cavaba etiraz edib: “Beynəlxalq təcrübəyə əsaslanırsınızsa, onda beynəlxalq təcrübəni düzgün izləyin: “Hörmətli Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi. Bir çox ölkələrdə adalar satışa çıxarılır. Nəinki süni adalar, təbii adalar. İtaliyada Neapol şəhərində mənə göstərdilər ki, adanı bir nəfər alıb və orada mənzil tikib. Beynəlxalq təcrübəyə istinad edirsinizsə, onu diqqətlə öyrənmək lazımdır. Bu qanunun əleyhinə səs verəcəm”.