Potensial risklər xaricdən gələ bilər- ŞƏRH


O qüvvələr pandemiyanın yaratdığı təhlükədən də qorxuludur

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". Bu barədə Prezident İlham Əliyev COP29-bağlı keçirilən beynəlxalq forumda deyib. Dövlət başçısı bildirib ki, üzləşə biləcəyimiz yeganə potensial risklər xaricdən gələ bilər: "Onda biz nə etməliyik? Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq". Ölkə rəhbəri qeyd edib ki, biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik:

 "Bu yerləşmə bizi narahat etmir. Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın - Avropa və İslam sivilizasiyalarının dəyərlərini böyük dərəcədə qəbul edib”. Prezident əlavə edib ki, quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük: "Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb. Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum". 


Dövlət başçısının diqqət çəkdiyi məqamı "Sherg.az"a dəyərləndirən millət vəkili Azər Badamov deyib ki, Azərbaycanın əldə etdiyi uğurların təməlində ölkə başçısının apardığı düşünülmüş siyasi kursu dayanır. Deputatın sözlərinə görə, məhz bu sayədə ölkəmizdə siyasi sabitlik formalaşıb:

 "Bu gün Azərbaycan dünyada sabitlik adasına çevrilib. Bu baxımdan ölkə daxilində riskli vəziyyət yoxdur. Amma təəssüf ki, ölkəmizdəki sabitliyi pozmağa çalışan qüvvələr var. Həmin qüvvələr Azərbaycanın qələbəsini və apardığı müstəqil siyasətini həzm edə bilmirlər. Bu baxımdan həmin qüvvələr pandemiyanın yaratdığı təhlükədən də qorxuludur. Ona görə də quru sərhədlərimiz bağlı saxlanılır. Dövlət başçımız ADA universitetində keçirilən forumda bu məsələni xüsusilə vurgulayaraq "Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq" şəklində qeyd etdi. Təbii ki, bu məsələ milli təhlükəsizılik məsələsidir. Dost ölkələrlə əməlkdaşlığımızı genişləndiririk və qardaşlığımızı möhkəmləndirirk. Bizə düşmən münasibət bəsləyənlərə də adekvat cavablar veririk. Öz müstəqil və ədalətli mövqeyimizi nümayiş etdiririk. Quru sərhədlərinin ölkəmizə qarşı olan xarici təhlükələr sovuşandan sonra açılmasını düzgün addım hesab edirəm".