Ərdoğan Akşenerə vəzifə təklif edib? - Dərvişoğludan açıqlama

İYİ Partiyasının başqanı Müsavat Dərvişoğlu prezident Rəcəb Tayyib Ərdoğanla İYİ Partiyasının keçmiş sədri Meral Akşener arasında keçirilən görüşlə bağlı danışıb. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Dervişoğlu Halk TV-nin canlı yayımında gündəmlə bağlı qiymətləndirmələr edib və jurnalistlərin suallarını cavablandırıb.

Akşenerin görüşlə bağlı ona məlumat verdiyini deyən Dervişoğlu belə davam edib:

"Dövlət və siyasi həyatda mühüm vəzifələr tutmuş insanların qarşılıqlı səfərləri qədər təbii bir şey yoxdur. İnanıram ki, onlar Türkiyənin qarşısında duran fundamental məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Hörmətli sədrimiz (Akşener) səfərdən sonra mənə telefonla zəng edib, məlumat verdi. Ümumilikdə Türkiyə haqqında danışdıqlarına dair bəzi açıqlamalar verdilər, bunun xaricində 'konkret' olaraq xarakterizə edilə biləcək heç bir açıqlama vermədilər."

Dərvişoğlu bildirib ki, siyasi partiya liderlərinin bir-birini ziyarət etməsi ilə “normallaşma” əldə olunarsa, o, bütün siyasi partiya liderləri ilə danışmağa hazırdır, ancaq Türkiyənin üzləşdiyi problemlər aradan qaldırıldıqdan sonra normallaşmaya dəstək verə bilərlər.

Prezident Rəcəb Tayyib Ərdoğanla mümkün görüşünün olub-olmayacağı sualına isə Dərvişoğlu, "Hazırda mənə heç bir məlumat verilməyib. Mən yeni seçilmiş başqanam. Cənab prezident istəsə,  bizə uğurlar arzulasa, bu görüşdən  çəkinməyəcəyəm. Hazırda sədr seçilməyimlə bağlı nə ondan dəvət, nə də təbrik var" deyib.

Dervişoğlu, prezident Ərdoğanın onunla deyil, Akşenerlə görüşməsi  mövzusunda bir etirazı olmadığını bildirib və səfərin Meral Akşenerə zərər verməyəcəyini açıqlayıb.

“Meral Akşenerə vitse-prezidentlik vəzifəsinin verilməsi” ilə bağlı bəzi iddiaların olduğu sualına  Dervişoğlu bunun mümkün olduğunu düşünmədiyini bildirib.