Azərbaycan Türk Ocağı gənclərə Türk dünyasının ilk hüquq vəkilini tanıtdı
"Azərbaycan Türk Ocağı" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Şuşadan İstanbula - Sürəyya Ağaoğlu yolu" adlı layihəsi çərçivəsində ilk tədbirini keçirib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təşkil olunmuş tədbirdə fakültənin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev, "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı, müəllimlər və tələbələr iştirak ediblər. Tədbirdə "Şuşadan İstanbula - Sürəyya Ağaoğlu yolu" adlı kitabın təqdimatı keçirilib.
Giriş sözü ilə tədbirin açılışını edən Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu məşhur bir şəxsiyyətin dəyərli övladı haqqında tərtib olunmuş kitabın təqdimat mərasiminə yığışdıqlarını söyləyib. S.Xalidoğlu qeyd edib ki, "Azərbaycan Türk Ocağı" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sürəyya Ağaoğlunun həyat və yaradıcılığından bəhs edən maraqlı bir kitab hazırlayıb: "Sürəyya Ağaoğlu elə bir şəxsin övladıdır ki, o şəxs, yəni Əhməd bəy Ağaoğlu təkcə Azərbaycan üçün yox, Türk dünyası üçün ortaq dəyərlərdən biridir. Özü necə dəyər olubsa, formalaşıbsa, övladlarını o yöndə yetişdirib. Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunun övladı - Sürəyya Ağaoğlu Türkiyədə ilk qadın hüquqşünas, ilk qadın hüquq vəkilidir. Əlbəttə, bu barədə Akif müəllim özü geniş məlumat verəcək, ona görə ətraflı danışmaq fikrində deyiləm. Ümumi məlumat üçün deyirəm ki, biz sıradan bir kitabın təqdimatına, imza gününə toplaşmamışıq".
Daha sonra söz "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlıya verilib. A.Aşırlı ilk növbədə "Şuşadan İstanbula - Sürəyya Ağaoğlu yolu" kitabı haqqında ətraflı məlumat verib. Sonra "Azərbaycan Türk Ocağı" barəsində danışıb. O vurğulayıb ki, Türk dünyası üçün çox önəmli bir şəxsiyyətin həyat və yaradıcılığına həsr olunmuş layihənin ilk təqdimatı keçirilir: "Türkiyənin ilk qadın hüquq vəkili olan Sürəyya Ağaoğlunun həyat və fəaliyyətindən, onun türk-müsəlman dünyası üçün gördüyü önəmli işlərdən söhbət açacağıq. Əfsuslar olsun ki, nə Türkiyədə, nə də Azərbaycanda Sürəyya Ağaoğlu haqqında yetərli məlumat yoxdur. "Şuşadan İstanbula - Sürəyya Ağaoğlu yolu" Azərbaycanda çap olunan ilk kitabdır. Baxmayaraq ki, 1970-ci illərin ortalarında Sürəyya Ağaoğlunun özü "Bir Ömür Böyle Geçti - Sessiz Gemiyi Beklerken" adlı memuarını qələmə alıb və bu kitab Azərbaycan dilinə çevrilərək çap olunub. Bu memuarda öz həyatı, fəaliyyəti, təhsil illəri ilə bağlı məlumatlar, mühüm tarixi hadisələrdən yaddaşında qalanları əks olunub. Bu kitab isə S.Ağaoğlunun həyatı, fəaliyyəti barədə müstəqil araşdırmaların, tədqiqatın nəticəsində ərsəyə gəlib. Sürəyya Ağaoğlu məşhur Ağaoğlular nəslinə mənsubdur. Əhməd bəy Ağaoğlu Türkiyə və Azərbaycan üçün, Azərbaycan jurnalistika sistemi üçün çox önəmli simalardan biri olub. Peşəkar publisistlərimizdən ən öndə dayanan, anadilli mətbuatın əsasını qoyan şəxslərdəndir, fikir insanı, böyük mütəffəkkirdir, türkçüdür. Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olub. 5 yaşınadək Şuşada böyüyüb, sonra Bakıya gəliblər. 7 yaşından etibarən ömrünün sonlarına kimi İstanbulda yaşayıb. Son 80 illik həyatı isə İstanbulla bağlı olub. Sorğularda Türkiyəyə yön verən 10 xanımdan biri kimi qiymətləndirilir. Sürəyya Ağaoğlu təkcə hüquq vəkili kimi yox, eyni zamanda ictimai-siyasi fəaliyyəti, demokratik proseslərə gətirdiyi yeniliklərlə ön sıralarda duran xanım olub".
Akif Aşırlı vurğulayıb ki, Sürəyya Ağaoğlu hər zaman Azərbaycanı, Şuşanı xatırlayıb:
"Ömür boyu Azərbaycanı görmək həsrəti ilə yaşayıb. Türkiyədə qadınların təhsil almaq imkanları olsa da, hüquq sistemində təhsil almaları çətin idi, çünki ancaq kişilər hüquqda təhsil alırdı. Sürəyya xanım uşaq vaxtı deyəndə ki, hüquqşünas olmaq istəyir, ona gülürdülər ki, bu qız nağıl danışır. Amma Sürəyya xanım gələcəkdə hüquq fakültəsində təhsil alır. Atatürk Sürəyya Ağaoğlunun bu cəsarətini alqışlayır. Sürəyya Ağaoğlu atası Əhməd bəy Ağaoğlu Malta adasında sürgün həyatı yaşadığı dönəmdə hüquq fakültəsinə sənəd verir və oranı bitirən ilk türk xanımlarından biri olur. Sonra müxtəlif dövlət strukturlarında, hüquq sistemində çalışır. Böyük Britaniyada, ABŞ-də, Hindistanda, Pakistanda, dünyanın 70 ölkəsində hüquqla bağlı beynəlxalq simpoziumlara qatılır. Uşaq hüquqlarının qorunması sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsində iştirak edir, öz tövsiyələrini verir. Sürəyya xanım Türk dünyası üçün həm də ona görə əzizdir ki, o, 1949-cu ildə ilk dəfə kimsəsiz uşaqlar üçün Türkiyədə öz maddi imkanı ilə sığınacaq yaradır. Kimsəsiz uşaqların təhsili, yetişdirilməsi üçün gücünü, imkanlarını səfərbər edir. Türkiyədə hazırda Sürəyya Ağaoğlu adına dərnək fəaliyyət göstərir".
A.Aşırlı bəyan edib ki, Sürəyya Ağaoğlu Atatürkün dəyər verdiyi, cəsarətinə heyran olduğu və inkişafına yön verdiyi xanımlardan biridir: "Sürəyya Ağaoğlu hüquq fakültəsini bitirəndən sonra Atatürk öz evində onun şərəfinə ziyafət verir, ona şəxsən qulluq göstərir. Sürəyya Ağaoğlu da öz xatirələrində hər zaman Atatürkü böyük dövlət xadimi kimi yad edib, qiymətləndirib. Sovetlər dönəmində iki dəfə Moskvaya səfər edən Sürəyya Ağaoğlu 1981-ci ildə Azərbaycana gəlib, qohumları ilə görüşüb, ata yurdu Şuşaya getmək istəsə də, mümkün olmayıb. Azərbaycanı Türkiyə qədər sevən, bu iki qardaş dövləti bir-birindən ayırmayan Sürəyya Ağaoğlu atası Əhməd bəy Ağaoğlunun 120 illiyi yubiley tədbirinə dəvət alsa da, ömür vəfa verməyib. 1989-cu ilin dekabrın 29-da beyin qanamasından dünyasını dəyişib".
Baş redaktor "Türk Ocaqları"nın yaranmasından da danışıb: "Türk Ocaqları 1911-ci ildə Türkiyədə qeyri-rəsmi şəkildə fəaliyyət göstərib. Əsas məqsədi Birinci Dünya savaşı ərəfəsində Türkiyənin parçalanmasının qarşısını almağa yönələn hərəkat idi. Bu hərəkatın da başında Azərbaycan ziyalıları, Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə dayanırdı. 1912-ci il martın 25 də "Türk Ocaqları" rəsmi fəaliyyətə başladı. Azərbaycanda isə 1918-ci ildə Cümhuriyyətin yaradılmasına rəsmən icazə verdiyi ilk qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayıb. 1920-ci ilədək fəaliyyət göstərib. Yaradıcıları Əhməd Cavad, Abdulla Şaiq, Kərbəlayi Vəli Mikayılzadə və digər önəmli şəxslər idi. Azərbaycan Türk Ocaqları iki il müddətində çoxsaylı tədbirlər keçirib. Biz də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində "Azərbaycan Türk Ocağı"nı bərpa etdik. "Azərbaycan Türk Ocağı" İctimai Birliyi olaraq Ədliyyə Nazirliyində qeydiyyata alındı. Eyni zamanda mərkəzi Ankarada yerləşən Türk Ocaqları Mərkəzinin təmsilçilik hüququnu qazandıq. Sürəyya Ağaoğlu da milliyyətçi bir adam idi, milliyyətçi bir ailəyə mənsub idi. O, Türk Ocaqları cameəsində böyüyüb".
BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli "Şuşadan İstanbula - Sürəyya Ağaoğlu yolu" adlı layihədə çoxlu yeni faktların olduğunu deyib. Professor bildirib ki, Sürəyya Ağaoğlu atasına - Əhməd bəy Ağaoğluna yaraşan övlad olub: "Əhməd bəy Ağaoğlu dünyasını dəyişəndə Atatürk bundan böyük ağrı duyub. Əhməd bəy Ağaoğlu, onun övladı Sürəyya Ağaoğlu kimi dəyərli şəxsiyyətlər Türk dünyasının tərəqqisi üçün mühüm işlər görüblər, ömürlərini fəda ediblər. Akif müəllimə bu gözəl təşəbbüsə görə çox təşəkkür edirəm. Hər yerdə deyirəm ki, Akif müəllim bizim fakültənin müəllimidir. Türklər demişkən: - "İyiki varsınız".
Sonra Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyevə söz verilib. V.Əliyev belə maraqlı bir kitab ərsəyə gətirdiklərinə görə təşəbbüskarlara öz minnətdarlığını bildirib:
"Belə layihələrin təşkil olunması çox vacib və önəmlidir. Ən azından bizim üçün önəmli olan tarixi şəxsiyyətlərin tanınması baxımından belə layihələr əhəmiyyətlidir. Əhməd bəy Ağaoğlu Azərbaycanda ideoloji fikrin formalaşmasında, siyasi türkçülüyün formalaşmasında önəmli rol oynayıb. Bu ideya hazırda bütün Türk dünyasını bir araya gətirən ən vacib dəyərlərdən biridir və üçrəngli bayrağımızda birinci rəngi təmsil edir. Soy-kökümüzdən, milli dəyərlərimizdən irəli gələn bu dəyəri yaşatmaq bizim üzərimizə düşür. Həyatlarını bu ideya uğruna qurban vermiş insanları tanıtmaq lazımdır. Belə bir tədbirin məhz Jurnalistika fakültəsində keçirilməsi təsadüfi deyil və buna görə Akif müəllimə təşəkkürümü bildirirəm. Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə jurnalistikasının formalaşmasında önəmli rol oynayıb. "Anadolu Agentliyi"ni təsis edən ilk şəxslərdən, hətta onun banisi deyə biləcəyimiz insanlardan biri olub. Bu mənada qəzetçilik və publisistik fəaliyyəti Azərbaycan və Türkiyədə önəmli yer tutub. Sürəyya Ağaoğlunun da maraqlı publisistik yazıları olub. İstər ideoloji nöqteyi-nəzərdən, istər Türkiyənin çağdaş siyasi tarixi ilə bağlı, orada gedən siyasi proseslərlə bağlı önəmli məqalələr qələmə alıb. Azərbaycan sevdalısı olub. Belə insanların gənclərə tanıdılması, təbliğ olunması çox vacibdir və buna görə öz təşəkkürümü bildirirəm".
Çıxışların ardından tələbələrin mövzu ilə bağlı suallarına cavab verilib. Daha sonra Akif Aşırlının imzası ilə "Şuşadan İstanbula - Sürəyya Ağaoğlu yolu" adlı kitab tələbələrə paylanılıb.