Xocalıda yarımçıq qalan  “Son zəng” çalındı

1992-ci ildə məzun ola bilməyən şagirdlər nəhayət 32 il sonra,  2024 cü il iyunun 14-də arzularına qovuşub.  

"Sherg.az" xəbər verir ki, 32 ildən sonra ilk dəfə Xocalıda məzunlar üçün “Son zəng” çalınıb. 

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, hazırda doğma Xocalıda yaşayan Ceyran Əzizova bildirdi ki, 1992-ci ildə məzun olmaq arzuları yüzlərlə Xocalı sakini kimi erməni separatçılarının açdığı atəşlə yarımçıq qalanlar  bu gün “Son zəng” sevincini yaşayıb. 
Allah bu həyatda gec də olsa onları arzularına qovuşdurub. Xocalı şəhər 2 nömrəli tam orta məktəbini 1992-ci ildə bitirməli olan şagirdlər yarımçıq qalan “Son zəng” tədbirini 32 il sonra doğma yurdlarında qeyd ediblər. 1992-ci ilin mayın 25-də keçirilməli olan “Son zəng”ə hazırlaşan şagirdlərin arzuları fevralın 26-da Xocalının işğalı ilə yarımçıq qalmışdı. Həmin şagirdlər gecikən “Son zəng”lərini qeyd etmək üçün Xocalı şəhərinə toplaşıblar. Əvvəlcə Xocalıdakı Şəhidlər xiyabanı ziyarət olunub. 
Sonra Xocalı faciəsi zamanı qətlə yetirilən 63 uşağın xatirəsinə Qarqar çayına qərənfil çiçəkləri buraxılıb. Xocalı şəhərində keçirilən mərasimdə 32 il əvvəlki ağrılı-acılı günlər yad edilib. Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə və Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən şükranlıqla bəhs ediblər.
Sonda “Son zəng”in simvolu olan qırmızı lentli zınqırovlu zənglər çalınıb.