Tarixi binaların üzərinə “yerimək” kimə lazımdır?

Bakıda təmirə ehtiyacı olan binalar çoxdu

  “Bakıda 200-ə yaxın binada, heç bir layihə olmadan, Elçin Əliyevin rəhbərliyi altında Bakı Abadlıq Xidməti “təmir-bərpa” işlərini, əslində isə memarlıq abidələrinin təhqir olunmasını həyata keçirir. Bakı Abadlıq Xidməti ilə yanaşı, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti kimi qurumlar da susur!”. Bu sözləri sosial şəbəkə istifadəçisi Dilqəm İsmayılov şəxsi feysbuk səhifəsində paylaşıb. Təmir-abadlıq işləri aparılan binaların fotolarını da yerləşdirib.
  Məlum məsələdir ki, paytaxtımız çox mötəbər bir tədbirə - COP-29-da hazırlaşır. Hazırlıq çərçivəsində şəhərdə təmizlik, abadlıq, təmir işləri də aparılır və bu, vacibdir. Amma məsələ abadlıq, təmir işlərinin necə aparılmasıdır. Cənab Prezident İlham Əliyev daim öz çıxışlarında milli-tarixi dəyərlərin qorunmasının vacibliyini vurğulayır. Birinci-vitse prezident, ölkənin birinci xanımı Mehriban Əliyeva isə milli dəyərlərin birbaşa hamisidir. Belə olan halda şəhərdə tarixi binaların simasını dəyişənlər hansı dövlətə, kimə xidmət edir, sualı təbii olaraq ortaya çıxır.
  Paytaxtdakı təmir-abadlıq işlərinin qanunazidd qaydada aparılması haqqında “Sherg.az"a danışan gənc memar Dilqəm İsmayılov qeyd etdi ki, proses heç bir layihəyə istinad edilmədən aparılır:

"Sistem bu cür olmamalıdır. Şəhər bələdiyyəsi olmalıdır, onun büdcəsi formalaşmalıdır və sair. Bunlar şəhər idarəetməsində açıq qalan suallardır. Reallığa qayıtsaq, hazırda 200-ə yaxın binada abadlıq-təmir işləri aparılır. Bunlar hamısı tarixi binalardır və ortada heç bir layihə də yoxdur. Necə gəldi, kustar şəkildə iş görürlər. Mən Avropa standartlarının bir kənara qoyuram, çünki Avropada, həmçinin qardaş Türkiyədədə şəhər bələdiyyələri idarəetmə sistemi formalaşıb, şəhərdə aparılan işlərə bu qurum cavabdehdr. Xüsusən tarixi binalarla bağlı hər hansı abadlıq, təmirə ehtiyac duyulduqda öncə ekspertiza təyin edilir, ekspertlər rəy verir, mütəxəssislərin iştirakı ilə binaya baxış keçirilir, rəylər tərtib olunur, təmirə ehtiyac varsa, tender elan edilir, tenderi udan şirkətə vəsait ayrılır və işlər bu cür həllini tapır. Amma hazırda paytaxtda tarixi binalar üzərində görülən işlər, nəinki Avropa standartlarına, heç Azərbaycan qanunvericiliyinə uyğun deyil, ziddir. Ortada layihə-smeta sənədləri yoxdur. Bu işlər hər hansı layihə əsasında aparılmır. Sadəcə, Bakı Abadlıq Xidmətinin rəisi Elçin Əliyevin rəhbərliyi alıtnda görülür. Konkret tarixi binaların siması dəyişdirilir, memarlıq dekorları lazımsız yerə boyanır, bununla da, tarixi binaya müasir görünüş verilir. Bütün bu işlər ölkə qanunvericiliyinə zidd şəkildə aparılır".

D.İsmayılov bildirdi ki, Bakı öz simasını onsuz da vaxtilə Hacıbala Abutalıbovun “sayəsində” itirmişdi, indi də məsuliyyətsiz, qanunlara saymazyana yanaşan bəzi məmurlar paytaxtın tarixi binalarına qənim kəsilib:
" Bakının memarlıq abidələri hazırda kütləvi şəkildə, bayağı formada, necə gəldi rənglənir. Hər bir Bakı sakini buna DUR deməlidir! Bakı Abadlıq Xidməti, sizin “professor” “memarınızın” gördüyü işlər budur?!. Deyirlər, heç bir daş elementləri boyanmır. Amma aşkar görünür ki, boyanma işləri aparılır. Fotolardan da görünür. Əyani şəkildə də kim istəsə, ərazilərə gedib aparılan işlərə baxsın. Bütün işlər, qeyri-professional, bazar qaydaları ilə görünür, dünən özüm üçün kiçik bir monitorinq apardım və əmin oldum ki, heç bir binada layihə üzərindən iş aparılmır, qeyri-peşəkar usta fəhlələr üstəlik heç bir təhlükəsizlik qaydalarına riayət etmədən memarlıq abidələrinin bərpası yox, təhqiri ilə məşğuldur! Aidiyyəti qurumlar isə susmaqda, tarixi binaların məhvini kənardan seyr etməkdədir. M.F.Axundov parkına paralel, Lermontov küçəsindəki tarixi binada da bu cür kustar abadlıq işləri aparılır. Üzeyir Hacıbəyov küçəsində, Səbail Rayon İcra Hakimiyyəti binasının yanındakı tarixi bina üzərində də. Vaxtilə bu cür eybəcər “abadlıq” “Monolit” adlanan bina üzərində də aparıldı. Binanı boyadılar, bununla da, tarixiliyi tarixin zibilliyinə atıldı. Hazırda aparılan naşı, kustar abadlıq işləri Azərbaycan Respublikasının “Tarixi abidələrin mühafizəsi haqqında” qanunun 10-cu maddəsinə birbaşa ziddir. Bu qanuna görə, tarixi-mədəniyyət abidələrinin bədii-estetik görünüşünün dəyişdirilməsi, dağıdılması, onlara zərər verə biləcək hər hansı təmir işlərinin aparılması qadağandır. Ümumiyyətlə, tarixi binaların fasadının qaşınması, ağardılması, rənglənməsi yolverilməzdir. Binaların fasadında abadlıq işləri – təmizlik yalnız vakuum üsulu ilə aparıla bilər. Əgər fasad daşları atmosfer tullantılarından çirklənibsə.
  Bir məsələni də qeyd etməliyik ki, hazırda paytaxtda təmir və abadlıq aparılmasına real ehtiyac duyulan yaşayış binaları var. H.Zərdabi küçəsi, 84 saylı binanın sakinləri dəfələrlə aidiyyəti orqanlara müraciət etmələrinə baxmayaraq, binanın fasadı təmir edilmir, qurumuş suvağ parçaları həyətə, küçəyə tökülür, bu isə sakinlərin və küçədən keçən piyadaların həyatına təhlükə yaradır.
Paytaxtda təmirə ehtiyac duyulan bu cür binalar olduğu halda tarixi binaların üzərinə “yerimək” kimə lazımdır və ya kimə sərf edir?".