Parlament seçkiləri yüksək səviyyədə keçəcək

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Azərbaycan vətəndaşları seçkinin mahiyyətini, fəlsəfəsini dərindən anlayır və öz hüquqlarını dərk edirlər

  Siyasi mədəniyyətin, hüquq şüurunun və mədəniyyətinin formalaşmasında, xalqın iradəsinin milli maraqlar ətrafında birləşməsində seçkilərin əhəmiyyəti olduqca böyükdür. Seçkilər ümumi hüquq münasibətləri içərisində xüsusi yer tutaraq demokratiyanın təmin edilməsində və inkişaf etməsində mühüm rol oynayır ki, bu da seçkilərin vətəndaşları dövlətin idarə olunmasına cəlb edilməsi vasitəsi olması ilə əlaqədardır. Dövlət hakimiyyətinin və yerli özünüidarə orqanlarının yalnız xalqın iradəsi əsasında təşkil edilməsi və fəaliyyət göstərməsi cəmiyyətdə siyasi sabitliyə təminat verir, hər kəsdə milli özünüdərketmə hisslərini inkişaf etdirir. Bütün bunlar isə seçki hüququnun vətəndaşların digər Konstitusiya hüquqları içərisində xüsusi yerə malik olduğunu göstərir. Ölkəmizdə həyata keçirilən konstitusion hüquqi islahatlar nətisəsində insan hüquq və azadlıqlarının, o cümlədən vətəndaşların seçki hüququnun daha səmərəli həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb.
  Azərbaycanda vətəndaşların seçki hüququnun həyata keçirilməsi üçün istər qanunvericilik, istərsə də praktiki baxımdan geniş imkanlar yaradılıb.
Azərbaycan xalqı öz müqəddəratını müəyyən etmək hüququnu bilavasitə ümumxalq səsverməsi (referendum) və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Seçkilərdə iştirak etməklə xalq onu təmsil etmək hüququnu seçdiyi şəxslərə verir. Konstitusiyamızın 4-cü maddəsinə görə, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək hüququ yoxdur.
  Seçki hüququ konkret formalarda aktiv və passiv seçki hüququ kimi fərqləndirilir. Aktiv seçki hüququ dedikdə, dövlət hakimiyyəti orqanlarının seçilməsi üçün əhalinin səsvermədə iştirak etmək hüququnu nəzərdə tutur. Passiv seçki hüququ isə ayrı-ayrı fərdlərin seçkili orqanlara və seçkili vəzifələrə öz namizədliyini irəli sürmək imkanında ifadə olunur.
  Azərbaycan Respublikasında vətəndaşların seçkilərdə iştirakı azad və könüllülük prinsipinə əsaslanır. Qeyd edək ki, beynəlxalq prinsiplərə əsasən seçkilər bəzi ölkələrdə hüquq, bəzi ölkələrdə isə vəzifə kimi müəyyənləşdirilib. Seçkilərin vəzifə kimi müəyyən edildiyi ölkələrdə seçkilərdə iştirak məcburidir və seçkilərdə iştirak etməyən vətəndaşlar üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza tədbirləri tətbiq edilir. Ölkəmizdə isə seçki vətəndaşların hüquqları kimi müəyyənləşdirildiyindən seçkilərdə iştirak könüllüdür, iştirak etməyən vətəndaşlar üçün heç bir məsuliyyət nəzərdə tutulmayıb. Beynəlxalq təcrübədə seçkilərin hüquq kimi müəyyənləşdirilməsi adətən, seçki mədəniyyətinin yüksək inkişaf etdiyi cəmiyyətlərdə tətbiq edilir. Bu isə o deməkdir ki, insanlar seçkilərdə iştirakı cəmiyyətin və dövlətin idarəetməsində bilavasitə iştirak kimi dərk edir, məsuliyyəti könüllü olaraq qəbul edirlər.
  Məlumat üçün bildirək ki, 2024-cü il sentyabr ayının 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bu məqsədlə dünən dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib.
Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov parlament seçkilərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bundan öncə prezident seçkiləri suveren Azərbaycanın bütün ərazilərində keçirildiyindən Zəfər seçkisi adlandırılıb: "Parlament seçkiləri də Azərbaycanın bütün ərazilərində keçiriləcək və olduqca vacib prosesdir".
  MSK sədri həmçinin bildirib ki, seçkini müşahidə etmək üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gəlir: “Məhz Prezidentin tapşırığı ilə Azərbaycanda 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Dünyanın istənilən nöqtəsindən MSK-nın saytında seçkiləri veb-kameralar vasitəsilə izləmək olur və veb-kameralar vasitəsilə seçkiləri müşahidə edənlərin sayı da ildən-ilə artır. Tələbləri pozan seçki komissiyalarını cəzalandıracağıq”.
  Məzahir Pənahovun sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, seçkilərdə media subyektləri heç bir qurumdan icazə almırlar və onlar seçkilərin işıqlandırılması prosesinə sərbəst şəkildə qoşulurlar.
MSK sədri bildirib ki, parlament seçkilərinin keçirilməsi üçün ölkəmizdə 125 seçki dairəsi üzrə 6400-dən artıq seçki məntəqəsində şərait yaradılır: “Ötən prezident seçkilərində işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. Parlament seçkilərində isə seçki məntəqələrinin sayı artacaq və seçkilər daha geniş tərkibdə keçiriləcək".
Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev isə qeyd edib ki, seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib”.
  Zeynal Nağdəliyev qeyd edib ki, seçici siyahılarının dəqiqləşdirilməsi zamanı aydın olub ki, 2024-cü il iyunun 28-nə olan məlumata əsasən, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var: “Seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib. Avqustun 9-dək bu iş bitəcək”.
Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, seçici siyahılarının dürüstləşdirilməsi ən vacib məsələlərdən biridir: “Bu iş aidiyyəti qurumlar tərəfindən davam etdirilməlidir. İndiyə qədər seçicilərin sayı 22,2 faiz artıb. Bu, 28 iyuna olan rəqəmdir”.
  Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev seçki hüququ və onun əsas prinsiplərinin Azərbaycan Konstitusiyasında əksini tapdığını nəzərə çatdırıb: “Seçki prosesi dinamik və inkişaf edən bir prosesdir. Seçki demokratik cəmiyyətin mühüm amillərindən biridir. Müasir Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilmiş Konstitusiyada öz əksini tapıb”. O qeyd edib ki, seçki prosesinin doğru, şəffaf və açıq-aydın keçirilməsi əsas amillərdən biridir: "Seçki prosesində məhkəmələrin iştirakını siyasi çərçivədə qiymətləndirmək olmaz. Məhkəmələrin prosesdə iştirakı ona hesablanıb ki, cəmiyyət və dövlət insanların seçki hüququnun təmin edilməsində maraqlıdır. Qanuna riayət etmək seçkilərin uğurlu keçirilməsi üçün ən vacib məqamlardan biridir" .
  “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan vətəndaşları seçkinin mahiyyətini, fəlsəfəsini dərindən anlayır və öz hüquqlarını dərk edirlər: 

“Sentyabrın 1-də parlament seçkilərinin yüksək səviyyədə keçəcəyinə əminəm. Azərbaycan demokratiya xətti tutmuş dövlətdir və seçki üzrə ixtisaslaşmış qurumlar da qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərirlər. Onu da deyim ki, artıq Azərbaycanda seçki mədəniyyəti formalaşıb. Ötən əsrin sonu - 2000-ci illərin əvvəllərindən fərqli olaraq, vətəndaşlara seçki prosesi ilə bağlı təbliğata ehtiyac yoxdur. Azərbaycan vətəndaşları seçkilərdə aktiv olma mədəniyyətinə sahibdirlər.
  Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqıdır (Konstitusiyanın 1-ci maddəsinin I hissəsi). Bu müddəa yalnız dövlət hakimiyyətinin formalaşmasının legitim əsasını müəyyən etmir, eyni zamanda hər bir vətəndaşa hüquqla yanaşı bir vəzifə də müəyyən edir. Belə ki, hakimiyyətin mənbəyi kimi yalnız vətəndaşların öz iradəsini sərbəst ifadə etməsi çıxış edə bilər. Seçki hüququnun reallaşdırılması, dövlət hakimiyyəti orqanlarının formalaşdırılmasının əsas amili kimi çıxış edir.
  Vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ və seçki hüququ Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb (Konstitusiyanın 55 və 56-cı maddələri). Azərbaycan Respublikası vətəndaşının dövlət orqanlarına və bələdiyyələrə seçmək və seçilmək, həmçinin referendumlarda iştirak etmək hüququ onun konstitusiya statusunun vacib elementlərindən biridir. Dünyanın əksər ölkələrində belə hesab olunur ki, seçkilərdə iştirak hər bir vətəndaşın könüllü seçimidir. Azərbaycan Respublikasında da vətəndaşlar seçmək və seçilmək hüququndan istifadə edib-etməməkdə sərbəstdirlər. Bununla belə, bu seçim azadlığının olması elə hər birimiz üçün böyük mənəvi məsuliyyət yaradır. Seçkilərə getməklə özümüzü vətəndaş kimi reallaşdırırıq. Seçkilərə getmək yalnız konkret namizədə, siyasi qüvvəyə səs vermək deyil, ölkənin inkişaf istiqamətini, gələcəyinin necə şəkilləndiriləcəyini müəyyən etməkdir”.
  Fond prezidentinin sözlərinə görə, seçkilərdə iştirak eyni zamanda hər bir cəmiyyətin passionarlıq səviyyəsini, cəmiyyətdə məsuliyyət və cavabdehlik hisslərinin inkişafı səviyyəsinin göstəricisi sayılır: “Seçkilərdə iştirak həm də onu göstərir ki, vətəndaşlar taleyüklü qərarların verilməsində nə dərəcədə məsuliyyətli davranışa hazırdırlar? Mənim, sizin, hər birimizin seçkilərdə iştirakı cəmiyyətimizin yetkinliyini də nümayiş etdirir. Məşhur filosof və dövlət xadimi Mahatma Qandi deyirdi ki, "Biz özümüz dünyada görmək istədiyimiz dəyişikliklərə çevrilməliyik". Biz özümüz seçkidə iştirakımızla dövlətimizin idarə olunması, inkişaf yolunun seçilməsində fəal iştirak etmək iradəmizi nümayiş etdiririk. Seçki qutusuna atılan hər bir bülleten həm də bizim rəyimizdir.
  Tarixin keşməkeşli dövrlərində və böhranlı zamanlarda seçkilərdə iştirak göstəricisi isə xalqın öz taleyinə sahib çıxmaq, taleyüklü məsələlərdə bir araya gəlib seçim etmək iradəsinin, səfərbər olmaq qabiliyyətinin təzahürü kimi dəyərləndirilir. Dədə Qorqud Oğuz oğluna tapşırırdı ki, dağların başında üç tonqal qalasın. Qoy düşmən bilsin ki, Oğuz yurdunun ocağı yanır... İndi də seçkilərə getməklə hər birimiz göstərəcəyik ki, 44 günlük Vətən müharibəsində və ondan sonra davam edən mübarizə dönəmində də Azərbaycan cəmiyyəti sayıqdır, vətəndaşlarımız hərbi çağırış məntəqələrinə getdikləri kimi seçki məntəqələrinə də eyni coşqu ilə gedirlər. Seçimimizdən asılı olmayaraq hər brimizin bu cür davranışı, həm də bir qalib vətəndaş davranışıdır”.