Hər küçə, hər məhəllə tər-təmiz olmalıdır

Abadlıq işləri bütün Bakını əhatə etməlidir

Ölkəmizə gələn turistlər, Bakının qonaqları təkcə İçərişəhəri, Fəvvarələr meydanını, bulvarı... gəzmir

  Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı təmir-abadlıq işləri, sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Rayonlarda görülən təmir işlərinin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Həmçinin şəhərdə aparılan yaşıllaşdırma işlərinin vəziyyəti müzakirə edilib, yaşıllıq zonalarının artırılması, görülən işlərin daha da genişləndirilməsi, əkilən həmişəyaşıl kollar və çiçəklərin sayının artırılması tapşırılıb.
  Paytaxtda təmizlik, abadlıq işləri həqiqətən də sürətlənib. Ötən əsrin 70-80-ci illərində tikilən yaşayış binalarının fasad hissələri də ağardılır, rənglənir. Paytaxt COP29-a hazırlaşır, bu baxımdan təmizlik, abadlıq işləri başadüşüləndir. Başa düşülməyən bu səpkili işlərin paytaxtın daha çox mərkəzi hissəsində aparılması, ətraf ərazilərinsə yenə də gözdən-könüldən uzaq qalmasıdır. Bunu da başa düşürük ki, əcnəbilər şəhərin mərkəzində qonaqlanacaq, tədbirdə, konfransda iştirakdan sonra mərkəzdə də istirahət edəcəklər. Bəs işdi-şayəd, birdən yollarını azıb paytaxtın mərkəzdən kənar hissələrinə ayaq bassalar, onda necə? Təəccüb və heyrətdən gözləri bərələ qala bilər. Çox da uzağa getməyək, “İnşaatçılar” “Neftçilər”, “Xalqlar dostluğu” metrostansiyalarının önündəki vəziyyəti görsələr, yetərlidir. Şəhərimiz və şəhər idarəetməsi haqqında tam təsəvvürləri formalaşacaq. Dediyimiz odur ki, müşavirə keçirib bir-iki icra başçısına xəbərdarlıq etməklə iş bitmir. Təmizlik, abadlıq bütün şəhəri əhatə etməlidir. Bakı şəhər (!) İcra Hakimiyyətidir, şəhər təsərrüfatına nəzarət etməli olan qurumun adı. Deməli, ümumi şəhərdəki vəziyyətə görə məsuldurlar. Tək-tək rayonlara deyil.
  Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, mötəbər, qlobal miqyaslı tədbirə hazırlıq çərçivəsində şəhərdə abadlıq işlərinin aparılması təqdirəlayiqdir:

"Amma bu işlər bütün Bakını əhatə etməlidir, ayrı-ayrı, əlahiddə əraziləri deyil. Şəhərdə hərəkət edərkən bir çoxumuz küçələrdə, metrostansiyaların qarşısında natəmizliyin şahidi oluruq. Kənar məhəllələrə, qəsəbələrə də ciddi diqqət yetirilmir. Belə olmamalıdır. Paytaxt şəhər olan Bakının hər küçəsi, hər məhəlləsi tər-təmiz olmalıdır. Ölkəmizə gələn turistlər, Bakının qonaqları təkcə İçərişəhəri, Fəvvarələr meydanını, bulvarı... gəzmir. Turistə deyə bilməzsən ki, bura getmə, ora get. İstədiyi yerə gedəcək. Şəhərin hansısa yerində yığın-yığın qalanmış, daşınmayan zibilləri görən əcnəbi haqqımızda nə düşünər?! İndi yay fəslidir, zibillər gün ərzində tez-tez daşınmalıdır ki, ətrafa pis qoxu yayılmasın. Əcnəbiləri bir kənara qoyaq, təmizlik ilk növbədə özümüzə lazımdır. Hər dəfə təxminən eyni küçələrin asfalt örtüyü təzələnir, eyni məhəllələr, eyni parklar abadlaşdırılır. Paytaxtın mərkəzdən kənar məhəllələri yenə əvvəlki kimi asfaltsız, zibilli, natəmiz vəziyyətdə qalır. Mərkəzi küçələr abadlaşır, kənar küçələr olduğu kimi qalır. Belə çıxır ki, BŞİH kənar məhəllələrin, qəsəbə yollarının abadlaşmasına zərurət görmür. Bakının problemləri çoxdur. İctimai nəqliyyatdan tutmuş, tıxaclara və binaların zirzəmilərinə qədər. Amma nə görürük, binaların fasadı rənglənir, ağaclara əhəng çəkilir, dövlət strukturlarının inzibati binaları, binaların önü abadlaşır, gül-çiçəyə bürünür. Bununla da iş bitir. Hər inzibati rayonun illik büdcəsi var. Hər inzibati rayonda il ərzində görülməsi vacib işlər müəyyənləşməlidir və bu işlərin icrası aparılmalıdır. Bunun üçün də hər bir məmur vəzifəsinə vicdanla yanaşmalıdır. Hər inzibati rayonun icra orqanı öz ərazisində hansı işlərin görülməli olduğunu, sakinlərin nədən narazı qaldığını bilməlidir. Təəssüf ki, belə deyil".
  V.Tofiqli qeyd etdi ki, bu işdə bələdiyyələrin də öhdəsinə düşən konkret vəzifələr var:
" Bələdiyyələr icra hakimiyyətləri qarşısında məsələ qaldırmalıdır. Bələdiyyə işçiləri əraziyə bələd olur. Harada nə nöqsan varsa, qeyd etməli, aradan qaldırılmasını tələb etməlidir. Bizdə də Türkiyədəki bələdiyyə idarəetmə sistemi olsa, bələdiyyələrin bəlli büdcəsi formalaşsa, sakinlər problemlərin həllini onlardan tələb edər. Amma belə deyil, bələdiyyələrin büdcəsi yoxdur. Büdcədən vəsait ayrılan icra hakimiyyətləridir, onların da büdcə vəsaitlərini necə, hara xərclədiyini kimsə sorğulamır. Şəhərdə abadlıq bir-iki dekorativ kol, gül əkməklə yekunlaşmamalıdır. Şəhər sakinlərinin rahatlığını təmin edəcək işlər görülməlidir. Əgər paytaxtda isti havada insanlar günün altında dayanıb avtobus gözləyirsə, günün yandırıcı şüasından daldalanmaq üçün heç bir şərait yoxdursa, səkilərdə ağac qalmayıbsa, piyada səkiləri avtomobillərə, kafelərə, restoranlara, ofislərə peşkəş edilibsə, demək bu, müasir şəhər deyil, paytaxt adına heç uyğun deyil".