Parlament 70 faiz yenilənəcək

Yetər artıq...

Mandatla vidalaşacaq deputatların arasında səfir göndəriləcək, icra başçısı təyin olunacaq təcrübəli şəxslər də var

  Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yaxın müddətdə vəzifəsindən azad ediləcək. Bildirilib ki, 9 ildir - 2015-ci ildən bu rayona rəhbərlik edən Asif Əsgərov Milli Məclisə 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə Nəsimi rayonundan namizəd olmağa hazırlaşır.
Nəsimi rayonuna isə 6-cı çağırış Milli Məclisin deputatı olan məşhur isimlərdən birinin başçı təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Bakının ən iri rayonlarından olan Nəsimi rayonunun icra başçısı Asif Əsgərov vaxtaşırı olaraq müxtəlif qalmaqallarla gündəmə gəlib.
  2021-ci ildə o, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbərinin işi üzrə məhkəmədə şahid kimi dindirilmişdi. O, Nəsimi rayonunda aparılan qanunsuz tikinti haqda “məlumatsız olduğunu” bildirmişdi.
  Bundan öncə isə Asif Əsgərov oğlunun avtoqəza törətməsi və ölümə səbəb olması ilə gündəmə gəlmişdi. Belə ki, 2014-cü il sentyabrın 27-də Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi "Mersedes" markalı avtomobil Ə.Qəhrəmanovun idarə etdiyi "Hovo" markalı yük maşını ilə toqquşmuşdu. Qəza nəticəsində "Mersedes" markalı avtomobildə olan Sənan Mirzəyev dünyasını dəyişmişdi. S.Mirzəyev “MakDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu idi.
  İstintaq müddətində azadlıqda qalan İlham Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli “səhhəti ilə bağlı” azadlığa çıxmışdı.
İ.Əsgərlinin qısa müddətdə həbsdən çıxması həmin vaxt qarşı tərəfin etirazı və narazılığı ilə qarşılanmışdı. (axar.az)
İddialara görə, bu posta Milli Məclisin Yasamaldan olan deputatı Ülvi Quliyevin təyin olunacağı gözlənilir.
  Siyasi şərhçi Azər Həsrət isə “Sherg.az"a açıqlamasında deyib ki, parlament üzvü olmaq əlavə təcrübə sahibi olmaq deməkdir:

“Məsələn, bir neçə gün əvvəl ölkə başçısının sərəncamı ilə keçmiş deputat Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin olunmasını uğurlu təyinat hesab edirəm. Adil Əliyev uzun illər millət vəkili olaraq xalqın göz önündə olub və xalqla işləmək təcrübəsi kifayət qədər yaxşıdır. Onun icra başçısı olaraq da özünü doğruldacağına indidən zəmanət vermək olar. Sözsüz ki, millət vəkili olan şəxslər ömürlərinin axırına qədər parlamentdə oturası deyillər. Zamanı gələndə onların parlamentdə topladıqları idarəetmə təcrübələri və qanunvericilik bilgilərini dövlətin başqa sahələrində də tətbiq etmələri məqsədəuyğun haldır. Şəxsən mən bunu zərərli tendensiya hesab etmirəm. O ki qaldı Nəsimi rayon icra başçısının deputat olacağı, onun yerinə hansısa bir deputatın başçı təyin olacağı kimi iddiaları isə ağlabatan hesab eləmirəm. Bu postlar axı kimlərinsə özəl mülki deyil ki, istədikləri adamı deputat, istədikləri adamı icra başçısı təyin etsin. İcra başçıları birbaşa dövlət rəhbərinin sərəncamı ilə təyin olunan şəxsdir. Parlament isə seçkili orqandır və kimlərin mandat alacağı ancaq seçkidən sonra bəlli olacaq. Yayılan şayiələrdən belə çıxır ki, hansısa deputat və icra başçısı öz aralarında sövdələşib yerdəyişmə edirlər”.
  A.Həsrət hesab edir ki, uzun illər parlamentdə təmsil olunan şəxslər maksimum bacarıqlarını, nəyə qadir olduqlarını yetərincə göstəriblər. Onların edə biləcəkləri bura qədər idi: “Ona görə də böyük əksəriyyəti növbədənkənar parlament seçkilərində parlament kürsüsü ilə vidalaşmalı olacaqlar. Milli Məclis 70 faiz yenilənməlidir. Parlament ölkəmizi beynəlxalq platformalarda təmsil edə biləcək deputatlardan təşkil olunmalıdır. Bu yöndə təcrübəsi olan vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, siyasi fəallar, dövlətə bu və ya digər formada xidməti olan şəxslər önə çıxarılmalıdır ki, ölkəmizin problemlərini rahat şəkildə həll edə bilək. Hər şeyi də İlham Əliyev həll etməli deyil. Beynəlxalq platformalarda cənab prezident təkbaşına mübarizə aparmalı deyil. Parlament üzvləri də onun qədər olmasa da, yüzdə birini görməlidir. Bu bacarığa və cəsarətə sahib ürəkli şəxslərin parlamentdə toplaşmasının vaxtı çoxdan çatıb. Mandatla vidalaşan deputatların təcrübəsindən isə dövlətin istifadə edəcəyi istisna deyil. Seçkidən kənarda qalan deputatların da hansısa vəzifələrə təyinat alacaqlarını istisna etmirəm. Düşünürəm ki, onların arasında səfir göndəriləcək, icra başçısı təyin olunacaq, hətta bələdiyyə sədri sədri olacaq kifayət qədər təcrübəli şəxslər var”.