Heydər Əliyev Azərbaycan tarixinin işıqlı səhifəsidir

Azərbaycanın dövlətçilik tarixinin, milli-adət ənənələrinin, elm və mədəniyyətinin təbliği

Vətənə sevgi, xalqa xidmət, dövlətçiliyə bağlılıq


  Azərbaycanın müasir dövlətçilik tarixinin nəhəng və işıqlı səhifələri ulu Öndər Heydər Əliyevlə bağlıdır. Bu dahi insanın həyatı bütünlüklə Azərbaycana – ölkəmizin qüdrətlənməsinə, çiçəkləməsinə, xalqımızın millətlər arasında seçilməsinə, vüqarlı, qürurlu xalq kimi tanınmasına həsr olunub. Ümummilli Liderin həyatına və siyasi fəaliyyətinə qısaca nəzər salmaq mümkün deyil. Bu fəaliyyət o qədər geniş, çoxşaxəlidir ki, nəinki hər bir il, hətta hər bir gün də böyük hadisələr, taleyüklü hadisələrlə zəngindir. Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Başlanan Böyük Vətən müharibəsi (1941-45) ona təhsilini başa çatdırmağa imkan verməyib. Heydər Əliyev 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. O, 1949–1950-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqrad şəhərində yerləşən Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alıb, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunub. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub və həmin ildə ona general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib və SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz onun adı ilə bağlıdır. H.Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə (1971-ci, 1973-cü, 1976-cı, 1979-cu, 1983-cü illər), Qırmızı Ulduz ordeni ilə (1962-ci il), çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979-cu və 1983-cü illər), həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbini qoyub. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ildə Bakıya qayıdan Heydər Əliyev sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. O, 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
  Heydər Əliyev Azərbaycan tarixinin XX əsrdə əhəmiyyətli simalarından biri hesab edilir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının dövlət kimi möhkəmlənməsində onun xidmətləri misilsizdir. 1993-cü ildə o, prezident seçildikdən sonra Azərbaycanda siyasi sabitlik bərpa olunub və mühüm dövlət təsisatları yaradılıb. Heydər Əliyevin rəhbərliyi ilə əhəmiyyətli siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilib. 1994-cü ildə Birinci Qarabağ müharibəsini dayandıran atəşkəs sazişi olan Bişkek protokolu imzalanıb. Azərbaycanın ilk konstitusiyası qəbul edilib, parlament seçkiləri baş tutub. Onun təşəbbüsü və səyi nəticəsində Azərbaycanın gələcək iqtisadi yüksəlişini təmin edən "Əsrin müqaviləsi" adlanan neft sazişi imzalanıb. Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında" qanunun və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu verib, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləyib. Heydər Əliyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul edilib. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, sözləri bu gün hər bir azərbaycanlı üçün həyat devizidir. Ulu Öndər bütün həyatı və siyasi fəaliyyəti ilə Vətənə xidmət etməklə yanaşı, onu necə sevməyi də öyrədirdi. Vətənə sevgi, dövlətçiliyə bağlılığı və xalqa xidməti bu gün hər kəs Ümummilli Liderin həyat və fəaliyyətinə nəzər salaraq öyrənə bilər. Ümummilli Lider Heydər Əliyevin həyatı xalqımız üçün ən gözəl nümunə, ən gözəl örnəkdir.