Hər kəsin 100 il yaşaması öz əlindədir
İnsan ömrünü süni şəkildə uzatmaq mümkün deyil
İndiyədək müxtəlif preparatlar kəşf edilib, bir çox eksperimentlər aparılıb, amma hamısı da nəticəsiz olub, heç biri effekt verməyib
İnsan ömrünü süni şəkildə uzatmaq mümkün deyil
İndiyədək müxtəlif preparatlar kəşf edilib, bir çox eksperimentlər aparılıb, amma hamısı da nəticəsiz olub, heç biri effekt verməyib
Lerik rayonunda doğulan Mahmud Eyvazov və Şirəli Müslümov Azərbaycanın ən uzunömürlü insanlarından hesab olunurlar.
Mahmud Eyvazov 7 fevral 1808-ci ildə Lerik rayonunun Pirəsora kəndində anadan olub. 1956-cı ildə ona SSRİ poçt markası həsr olunub. Həmin il isə Mahmud babanın qızının 120 yaşı tamam olub.
Mahmud Eyvazov 1960-cı il 3 dekabrda 152 yaşında Lerik rayonunun Pirəsora kəndində vəfat edib.
1805-ci ildə Lerik rayonunun Barzavu kəndində anadan olan Şirəli Müslümov da Azərbaycanın uzunömürlü insanları siyahısındadır.
O, 3 dəfə evlənib və 23 övladı olub. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilib. 136 yaşında yenidən qız atası olub. Uzunömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb.
Onun yaşını təsdiqləyən yeganə sənəd şəxsiyyət vəsiqəsi olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığı üçün Müslümovun yaşı şübhə doğurur.
O, 1973-cü ildə 163 yaşında dünyasını dəyişib.
Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cı illərində çap olunmuş özünün "Qafqaz xalqları və onların mədəniyyəti" əsərində Azərbaycana da xüsusi yer ayırıb. Həmin əsərdə 1800-cü ildə əhalinin siyahıya alınması, yaş və doğum məsələlərinə aid olan bölməsi xüsusi diqqət çəkir. Əsərdə Lerik (Zuvand) camaatının düzgün siyahıya alınmasının həmin dövr üçün qeyri-mümkün olduğu, kəndin dağlıq ərazidə və çətin şəraitdə yerləşdiyi, cənub mərkəzi ilə əlaqələrin və sair olmadığı yazılıb. Sosioloq Şirəli Müslümovun doğum tarixinin düzgün olmadığına diqqət çəkib və onun 100 ilə yaxın yaşadığını qeyd edib.
İndi isə insanların ömrünü uzada biləcəyi ehtimal edilən dərman hazırda sınaqdan keçirilir. Amerikalı alimlər sınaqları hələ ki heyvanlar – itlər üzərində aparır. "Telomir Pharmaceuticals" şirkətinin rəhbəri Kristofer Çapman və Klivlend klinikasının mütəxəssisi Maykl Roizen arasında əməkdaşlıq nəticəsində yaradılan dərman artıq iki yaşlı itdə - ölümcül xərçəng xəstəsi olan çoban itində və artritə yoluxan nyufaundlenddə uğurla sınaqdan keçirilib. İtlərin sahibləri hər iki heyvanın vəziyyətinin qısa müddət ərzində xeyli yaxşılaşdığını iddia edir. Qeyd edilir ki, yeni dərman sayəsində kök hüceyrələri çoxalmağa başlayır və sözün əsl mənasında cavanlaşma müşahidə edilir. Hazırda sınaqlarda 10 it iştirak edir. Araşdırmanın nəticələri gələn ilin əvvəlində təqdim olunacaq. İnsanlar üzərində aparılacaq klinik sınaqlar isə 2025-ci ildə başlaya bilər. Bundan öncə də elm adamları insan ömrünü 200 ilə qədər uzatmağı hədəfləyən dərmanın hazırlandığını və sınaqdan keçirildiyini bəyan edib. İnsan bədənindəki yaşlı hüceyrələri öldürərək qocalmanı dayandırmaq və ya yavaşlatmaq məqsədi daşıyan senolitik dərmanlar haqqında bioloq Endryu Stil danışıb. E.Stil Britaniyanın “Daily Mail” qəzetinə müsahibəsində insanların 200 yaşa qədər yaşaması üçün heç bir bioloji maneənin olmadığını deyib. “Nə qədər yaşaya biləcəyimizə dair hər hansı bir məhdudiyyət olduğunu düşünmürəm” deyən Stil sözlərinə belə davam edib: “Bir neçə ildən bir nəşr olunan araşdırmalar var ki, ömür həddini müəyyən edir. Ancaq onlar vacib bir məqamı yaddan çıxarırlar, bu da odur ki, biz heç vaxt qocalma prosesini müalicə etməyə çalışmamışıq. İnsanların 200 yaşa qədər yaşaya bilməməsi üçün heç bir fiziki və ya bioloji səbəb görmürəm. Sual ondan ibarətdir ki, biz bunu mümkün etmək üçün biotibbi elmi inkişaf etdirə bilərikmi?”. “Gero” biotibbi süni intellekt firmasını idarə edən rus molekulyar fizik Pyotr Fediçevin də aralarında olduğu mütəxəssislər hesab edirlər ki, insanlar təbii olaraq 150 yaşa qədər yaşaya bilər. Lakin Fediçev insanların həyat keyfiyyətini yaxşılaşdırmadan onların ömrünün uzadılmasından narahat olduğunu söyləyərək, yaşlı insanların xəstəliklərə daha çox meyilli olduğu üçün bu halda ömrü uzatmağın mənasız olacağını bildirib. Çünki bu hal yeni hazırlanacaq dərmana ehtiyacın daha çox artmasına səbəb ola bilər.
İnsan ömrünü dərmanlar, hər hansı preparatlar vasitəsilə uzatmaq mümkündürmü? Bu, nə dərəcədə realdır?
Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla “Sherg.az"a açıqlamasında qeyd etdi ki, ümumiyyətlə, insanlar 100 yaşa çatmaq və 100 yaşından daha artıq yaşamaq üçün fizioloji imkanlara sahibdirlər:
" Yaş faktoru hər bir insanda 100 yaşdan yuxarıdır. Yəni bizim 100 yaşa çatmaq və 100 yaşdan artıq yaşamaq üçün fizioloji imkanlarımız var. Bu imkanlar ayrı-ayrı canlılarda müxtəlifdir. İnsanlarda isə belədir: 100 yaş və üstü. Lakin 100 yaşını haqlayanlar və daha artıq uzun ömür sürənlər dünya əhalisi arasında azdır. 100 yaşına çata bilməyənlər, müxtəlif yaş dövründə vəfat edənlər daha çoxdur. Ümumilikdə götürsək, niyə 100 yaşına çata bilmirik? Çünki düzgün qidalanmırıq, az hərəkət edirik, zərərli vərdişlərimiz var, qidalanmada problemlər, ekoloji problemlər, stress, həyəcan, ümidsizlik bizə 100 yaşa çatmağa imkan vermir. İnsan orqanizmində hər bir hüceyrənin yaşam dövrü var. Hüceyrələr mütəmadi ölürlər, strukturu dağılır, onların əvəzinə, bölünmə yoluyla yeniləri yaranır, hüceyrələr cavanlaşır. Hüceyrələrin cavanlaşması üçünsə orqanizmin düzgün çalışması lazımdır. Orqanizmin normal fəaliyyəti üçün zülal, yağ, vitaminlər, karbohidratlar, mineralların orqanizmə düzgün daxil olması şərtdir. İnsan açıq havada çox gəzməli, oksigen təminatı yüksək dərəcədə almalı, həmçinin məmnunluq hissi yaşamalıdır. İnsan yaşadığı üçün sevinməli, həyatdan zövq almalıdır. İşindən, ətrafından, ailəsindən, övladından razı qalmalıdır. Bunlar varsa, insanın həyatı xoş keçir, yoxdursa, nələrsə əskikdirsə, həyat yaşanmaz hala gəlir. Orqanizmin qocalması, tükənməsi xəstəliklər zamanı artır. Vacib şərt sərbəst radikalların orqanizmə daxil olmasının qarşısını almaqdır. Xərçəng şişləri yaranması, digər başqa ağır xəstəliklərə düçar olmanın başlıca səbəbi sərbəst radikalların orqanizmdə özünə məskən salması və orqanların fəaliyyətini pozmasıdır".
A.Qeybulla qeyd etdi ki, insan ömrünün uzadılmasıyla bağlı çox sayda tədqiqatlar aparılıb, müxtəlif preparatlar icad edilib, sınaqdan keçirilib:
" İnsan ömrünü süni şəkildə uzatmaq mümkün deyil. İndiyədək müxtəlif preparatlar kəşf edilib, bir çox eksperimentlər aparılıb. Müxtəlif zamanlarda buna cəhdlər edilib. Amma hamısı da nəticəsiz olub, heç biri effekt verməyib. Bu cür eksperimentlərdənsə insanların həyatını yüngülləşdirmək istiqamətində işlər aparılsa, insanlığa daha çox faydası olar. İnsanlar düzgün həyat tərzi keçirsələr, uzun ömür yaşaya bilər. Amma insan ömrü onun fizioloji imkanlarına bağlıdır. Bu, belə qurulub. Bunu kimsə dəyişə bilməz".