“Bakı onları əməllərindən əl çəkməyə çağırır, əks halda, şərti sərhəddə müşahidə aparanları casus kimi qəbul etməklə cavab tədbiri görməyə məcbur olacaq”
Ermənistan və Avropa İttifaqının bu ölkədəki missiyası növbəti dəfə Azərbaycana qarşı təxribat törədiblər. Dövlət sərhədimizin yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçilər müşahidə cihazları ilə ərazilərimizi müşahidə ediblər. Hadisə Gorus istiqamətində baş verib. Qeyd edək ki, bənzər hadisələr dəfələrlə baş verib. Ötən gün Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov da deyib ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Rusiya və tərəfdaşlarına qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir. Bortnikovun sözlərinə görə, Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Azərbaycan-Ermənistan nizamlanması prosesinə başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. O bildirib ki, Qərbin Cənubi Qafqazda möhkəmlənməsi, təbii ki, regionda sabitliyə kömək etməyəcək.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Ermənistanın sərhədə gətirdiyi Aİ missiyasının bu reydləri, əvvəla, Azərbaycana təzyiq mahiyyəti daşıyır. Digər yandan böyük ehtimalla Ermənistanın növbəti təxribatına zəmin hazırlamaq məqsədi güdür:
"Məsələ ondadır ki, Gorus istiqamətində Azərbaycan Ordusu bütün yüksəkliklərə sahibdir. Ermənistan isə bu əraziləri "özününkü" hesab edir. Paşinyan da dəfələrlə bu ərazilərdən Azərbaycan qoşunlarının çıxmasını istəyib və ümumiyyətlə, bu əraziləri Azərbaycanın "işğal etdiyi" fikrindədir. Ermənistan bu ərazilərə Aİ-nin müşahidəçilərini ona görə gətirir ki, məsələni gündəmdə saxlasın. Təbii ki, Azərbaycan Ordusunun dayandığı yüksəkliklər tarixi torpaqlarımızdır və heç bir işğaldan söz gedə bilməz. Azərbaycan dövləti Aİ-nin müşahidə missiyasının qeyri-legitim və təxribatçı hərəkətlərini pisləməklə yanaşı onları bu əməllərindən əl çəkməyə çağırır. Əks halda şərti sərhəddə müşahidə aparanları casus kimi qəbul etməklə cavab tədbiri görməyə məcbur olacağıq. Azərbaycan Ordusunu, hərbi texnika və ordu mənsublarının yerləşdiyi əraziləri nəzarət altında saxlamağa çalışan hər bir subyekt legitim hədəf kimi qəbul ediləcək. Bu, ordu nizamının vacib elementidir".