Ekologiya və ətraf mühitin mühafizəsi;
İnşa edilən evlərdə günəş panellərinin olması Azərbaycanın yaşıl enerjini əyani surətdə dəstəkləməsini göstərir
Qarabağ və Şərqi Zəngəzura qayıdış prosesində diqqəti cəlb edən əsas məqamlardan biri də kənddə tikilən evlərin üzərində günəş panellərinin olmasıdır. Cəbrayılın Horovlu kəndində evlərin üzərinə quraşdırılan günəş panelləri, həm ekoloji, həm də iqtisadi cəhətdən əhəmiyyətli bir layihədir. Çünki günəş enerjisi, dayanıqlı və təmiz bir enerji mənbəyidir. Horovlu kəndində quraşdırılan günəş panelləri, yerli əhalinin enerji ehtiyaclarını qarşılamağa, elektrik istehlakını azaltmağa və eyni zamanda müstəqil enerji istehsalını təşviq etməyə yönəlib. Layihənin məqsədi kənd sakinlərinin öz enerjisini istehsal etməsi, şəbəkədən asılılıqlarının azalmasıdır. Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə birinci mərhələdə 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. Təmiz enerji mənbələrinin istifadəsi, atmosferə atılan zərərli qazların miqdarını azaltmağa kömək edəcəkdir. Günəş enerjisinin istifadəsi, uzunmüddətli perspektivdə enerji xərclərini azaltmağa və yerli iqtisadiyyata müsbət təsir göstərməyə imkan tanıyır. Günəş panelləri, günəş işığını elektrik enerjisinə çevirən fotovoltaik hüceyrələrdən ibarətdir. Horovlu kəndində quraşdırılan sistemlər, evlərin damlarında optimal bir şəkildə yerləşdirilib. Bu panellər, aşağıdakı xüsusiyyətlərə malikdir: - Yüksək performanslı fotovoltaik hüceyrələr, daha az günəş işığı ilə daha çox enerji istehsal etməyə imkan tanıyır. Müasir texnologiya ilə istehsal olunan panellər, uzun müddət xidmət göstərir və az texniki xidmət tələb edir. Horovlu kəndində quraşdırılan günəş panelləri, yalnız indi deyil, gələcəkdə də uzunmüddətli müsbət təsir göstərəcəkdir. Bu təşəbbüs, regionun digər kəndləri üçün də model ola bilər, ekoloji enerjinin istifadəsi və kənd təsərrüfatı sahəsində dayanıqlı inkişaf üçün yeni imkanlar yaradır. Bundan əlavə, bu layihənin genişlənməsi ilə, digər təmiz enerji mənbələrinin, məsələn, külək enerjisinin də istifadəsi nəzərdən keçirilə bilər. Horovlu kəndi, bərpa olunan enerji mənbələrinin inkişafı ilə öz iqtisadiyyatını gücləndirə və ekoloji tarazlığı qorumağa müsbət töhfə verə bilər. Cəbrayıl rayonunun Horovlu kəndində günəş panellərinin quraşdırılması, müasir enerji istehsalına yönəlmiş bir addım olaraq, ekoloji və iqtisadi cəhətdən əhəmiyyətli bir layihədir. Bu təşəbbüs, yalnız yerli icmanın enerji müstəqilliyini artırmaqla kifayətlənmir, eyni zamanda ekoloji mühafizəyə də töhfə verir. Gələcəkdə bu cür layihələrin daha da genişlənməsi, regionun inkişafını sürətləndirmək və enerji sahəsində yeni imkanlar yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Baş nazir Əli Əsədov hökumətin iclasında 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsi zamanı bildirib ki, bərpaolunan enerji mənbələrinin, xüsusən günəş və külək enerjisinin inkişafı, enerji səmərəliliyinin artırılması istiqamətində qarşıdakı dövrdə də işlər davam etdiriləcək: "Qarabağda yaşıl enerji zonasının yaradılması istiqamətində aparılan tədbirlərə xüsusi diqqət yetiriləcək". Baş nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan böyük bərpa-quruculuq işlərinin daha geniş və sürətli şəkildə həyata keçirilməsi üçün əsas şərtlərdən biri həmin ərazilərin çoxsaylı minalardan və partlamamış sursatlardan təmizlənməsidir. Bu baxımdan, ANAMA və tədbirlərə cəlb olunmuş digər qurumlar fəaliyyətlərini daha da genişləndirməli və sürətləndirməlidirlər. Qeyd edək ki, enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Ölkəmizdə bərpaolunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilib. Son illərdə sahə üzrə görülən işlər davam etdirilib və bərpaolunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edilmişdir. Qanunun tətbiqi və icrasının təmin edilməsi məqsədilə alt qanunverici sənədlərin hazırlanması istiqamətində müvafiq tədbirlərin icrası davam etdirilməkdədir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti “yaşıl enerji” istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. “Yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən biridir. Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə Azərbaycanda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilib və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür. Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmindədir. Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında deyib ki, Qarabağ və Şərqi Zəngəzurda inşa edilən evlərdə, yaşayış binalarında günəş panellərinin olması Azərbaycanın yaşıl enerjini əyani surətdə dəstəkləməsi və sistemli şəkildə fəaliyyət həyata keçirməsi ilə əlaqədardır. Deputatın sözlərinə görə, Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib:
"Bu da ondan xəbər verir ki, praktiki olaraq bu sahədə həyata keçirilən fəaliyyətlər Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji məkanına çevirməklə yanaşı, həm də alternativ mənbələrdən əldə edilən enerjidən daha çox istifadəni stimullaşdırır. Eyni zamanda iqtisadi baxımdan mavi qaza və digər ənənəvi resurslara qənaət edilməsinə imkan yaradır. Bu, enerjiyə qənaət baxımından çox vacibdir. Çünki bunun iqtisadi önəmi böyükdür. Artıq Qarabağ və Şərqi Zəngəzur region üçün yaşıl enerji baxımından mühüm bir modelə çevrilməkdədir. Bu da imkan verir ki, Azərbaycan regionda yaşıl enerji zonasının genişlənməsinə daha ciddi töhfə versin. COP29-a ev sahibliyi edən Azərbaycanın bu istiqamətdəki fəaliyyəti qlobal çağırışlara və hədəflərə tam uyğundur. Həm də daha geniş corğafiyada xüsusi modelin formalaşması və tətbiqinə imkan yaradılması deməkdir".