Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Dini liderlərin COP29 çərçivəsində keçirəcəkləri görüşlər də Azərbaycandakı dini tolerantlığın hansı səviyyədə olduğunun göstəricisi olacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində “Dinlərarası Qonşuluq Şəbəkəsi”nin həmtəsisçisi, “Nortvud” kilsəsinin baş pastoru Bob Roberts və “Dinlərarası Qonşuluq Şəbəkəsi”nin digər həmtəsisçisi Məhəmməd Məcidlə görüşüb. Komitə sədri bildirib ki, Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı və dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər, icmaların sərbəst fəaliyyətinə yaradılan şərait, habelə bütün dini konfessiya nümayəndələrinə göstərilən qayğı ölkəmizdəki yüksək dini-mənəvi mühitin göstəriciləridir. R.Məmmədov ABŞ-də beynəlxalq simpoziumda Azərbaycanın dini tolerantlıq və dialoq mühitindən danışıb. Bu mühitin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətinə toxunan Ramin Məmmədov vurğulayıb ki, müxtəlif dinlər arasında qarşılıqlı anlaşma və etimad Azərbaycanın tolerantlıq modelinin effektivliyini sübut edir. Görüş zamanı Komitə sədri ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası ilə Dövlət Departamentinin Din Azadlığı Ofisi tərəfindən hazırlanan və Azərbaycan haqqında qeyri-obyektiv informasiyaların yer aldığı hesabatlara da toxunub. Vurğulayıb ki, ölkəmizdəki möhkəm hüquqi baza dini plüralizmi gücləndirərək, geniş spektrli dini icmalara qeydiyyatdan keçməyə və sərbəst fəaliyyət göstərməyə imkan verir. R.Məmmədov görüş iştirakçılarını dini etiqad azadlığının təminatı ilə bağlı real vəziyyəti görmək, birgəyaşayış mühitinin canlı şahidi olmaq üçün Azərbaycana dəvət edib. Ramin Məmmədov ölkəmizdəki dini tolerantlıq və dialoq mühiti, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, eyni zamanda Prezident İlham Əliyev tərəfindən bu dəyərlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti barədə danışıb. Komitə sədri Azərbaycanın tarixən xristianların, yəhudilərin və başqa dinlərə mənsub insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində yaşadığı və burada öz etnik-mədəni dəyərlərini qorumaları üçün hər zaman geniş imkanların yaradıldığını bildirib. O, Bakıda yerləşən məscid, sinaqoq və kilsələrin bu müxtəlifliyin təzahürü olduğunu qeyd edərək vurğulayıb ki, Azərbaycanda dini etiqad azadlığı ölkə Konstitusiyasında da təsbit olunub. Bu möhkəm hüquqi baza isə dini plüralizmi gücləndirərək, geniş spektrli dini icmalara qeydiyyatdan keçməyə və müdaxiləsiz fəaliyyət göstərməyə imkan verir. Bu hüquqi açıqlığın ən diqqətəlayiq nümunələrindən biri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin dövlət qeydiyyatına alınmasıdır. Azərbaycanın dünyəvi dövlət modeli müxtəlifliyə, inklüzivliyə, neytrallığa sadiqlik və inancından asılı olmayaraq bütün vətəndaşlara xidmət prinsiplərinə əsaslandığını, bunu ölkəmizin təxminən otuz illik işğaldan sonra Qarabağı, onun mədəni sərvətlərini bərpa edərək, dini və etnik müxtəlifliyə sadiqliyini bir daha təsdiqlədiyini deyən Komitə sədri çıxışının sonunda tədbirə ev sahibliyi edən Yuta ştatında mövcud dini birgəyaşayış modelinin bir çox cəhətdən Azərbaycanın inklüziv və tolerantlıq modeli ilə oxşarlıq təşkil etdiyini vurğulayaraq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Görüş iştirakçıları Azərbaycanda bütün dini konfessiya nümayəndələrinə göstərilən qayğıdan, eyni zamanda dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər. Qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edən təşəbbüsləri dəstəklədiklərini vurğulayıblar. Eyni zamanda bu il Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində keçiriləcək dini liderlərin sammitinə hazırlıq müzakirə olunub, tədbirin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Xatırladaq ki, 1994-cü ildən etibarən keçirilən Beynəlxalq Hüquq və Din Simpoziumu dini etiqad azadlığı prinsiplərinin müzakirə edilməsi və bu prinsiplərin daha yaxşı həyata keçirilməsi mexanizmlərinin araşdırılmasına həsr olunan mühüm beynəlxalq platformalardan biridir. 31-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda müvafiq dövlət qurumları və beynəlxalq dini qurumların rəhbər və nümayəndələri, nüfuzlu elmi-tədqiqat mərkəzlərinin mütəxəssisləri, habelə ictimai təşkilatların üzvləri iştirak edirlər. Oktyabrın 6-8-də keçirilən simpoziumun açılışında Briqam Yanq Universitetinin prezidenti Şeyn Ris, dekanı David Mur, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin direktoru Bret Şarfz çıxış ediblər.
Ötən gün Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq tədbirdə də Azərbaycanın tolerantlıq modeli təqdim olunub. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Ceyhun Rüstəmov söyləyib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı cəmiyyət quruluşu ilə fərqlənən, müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşadığı və bu səbəbdən dünyaya nümunə ola biləcək bir dövlətdir: “Bu, əsrlərdir davam edir və gələcəkdə də davam edəcək. Azərbaycandakı dinlərarası münasibətlər dünyaya nümunədir və ölkəmiz bu baxımdan unikal bir dövlətdir". Onun sözlərinə görə, belə bir tədbirdə Azərbaycanın təmsil olunması həqiqətən böyük əhəmiyyət kəsb edir: “Oktyabrın 9-da plenar iclasda çıxış edəcəyik. Orada Azərbaycanın nümunəvi bir dövlət olduğunu, dinlər arasındakı münasibətlərin və tolerantlığın ölkəmiz üçün prioritet olduğunu vurğulayacağıq. Azərbaycanda tarixən bu dəyərlər qardaşlıq zəminində formalaşıb və inkişaf edib. Bu baxımdan, Azərbaycanın üstünlüklərini qeyd edəcəyik”. O, Qazaxıstanın Azərbaycan üçün qardaş dövlət olduğunu diqqətə çatdıraraq əlavə edib: “Müstəqilliyimizi əldə etdikdən sonra Qazaxıstanla çox yaxşı münasibətlərimiz qurulub. Sovet dövründə və çar Rusiyası zamanında yaşayan insanların, xalqların - həm Qazax, həm də Azərbaycan xalqının bu dövrlərdə dini və milli dəyərləri qismən zədələnmişdi. Bu səbəbdən xalqlar arasında o qədər də yaxınlıq yox idi. Yalnız keçmiş SSRİ-nin müəyyənləşdirdiyi sərhədlər çərçivəsində xalqlar arasında bəzi yaxınlıqlar mövcud idi. Lakin şükürlər olsun ki, son 30 ildə müstəqillik əldə etdikdən sonra təkcə Qazaxıstanla deyil, həmçinin Özbəkistan, Türkmənistan, Qırğızıstan, Türkiyə və digər türkdilli dövlətlərlə sıx və gözəl münasibətlər qurulub. Həm dini, həm diplomatik, həm də siyasi sahədə münasibətlərimiz getdikcə inkişaf edir”.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev yəhudi xalqının milli yeni il bayramı – Roş ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına ünvanladığı təbrik məktubunda da vurğulayıb ki, ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri bir ailə kimi yaşayıblar: "Şərqlə Qərbin qovuşuğunda körpü rolunu oynayan Azərbaycan uzun əsrlərdən bəri xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin mövcud olduğu və etnik-mədəni rəngarəngliyin, yüksək multikultural dəyərlərin qorunub saxlandığı nadir məkanlardandır. Burada tarix boyu ən müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri ayrı-seçkiliyə məruz qalmadan həmişə sülh, mehriban qonşuluq, qarşılıqlı etimad və hörmət şəraitində bir ailə kimi yaşamışlar". Dövlətimizin başçısı qeyd edib ki, bu gün də nümunəvi tolerantlıq mühitinin hökm sürdüyü ölkəmizdə etnik və dini azlıqların, o cümlədən yəhudi icmasının öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanaraq adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaları üçün geniş imkanlar mövcuddur: “Xüsusi vurğulamaq istəyirəm ki, cəmiyyətimizin ayrılmaz hissəsi və bərabərhüquqlu üzvü olaraq yəhudiəsilli vətəndaşlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması işinə töhfələr verir, hazırda böyük tərəqqi və sürətli inkişaf mərhələsini yaşayan respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edirlər”.
İlahiyyat üzrə fəlsəfə doktoru, ilahiyyatçı-alim Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda dini dözümlülük, multikulturalizm çox yüksək səviyyədədir. Alimin sözlərinə görə, dini sahəyə dövlət tərəfindən xüsusi dəstək və qayğı göstərilir:
"Azərbaycan dini tolerantlıq və multikulturalizm sahəsində bütün dünyaya nümunə ola biləcək bir ölkədir. Azərbaycanda müxtəlif dini konsepsiyalar, dini icmalar öz ayinlərini sərbəst, rahat və təhlükəsiz şəkildə icra edirlər. Dini icmalar heç bir qadağa ilə, problemlə, məhdudiyyətlə üzləşmirlər. Heç biri deyə bilməz ki, onlara qarşı hansısa ayrı-seçkilik olub. Dini Komitə rəhbərinin də dediyi kimi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər Azərbaycandakı mənəvi mühitin göstəricisidir. Bu həqiqətləri heç kim dana, inkar edə bilməz. Dini liderlərin COP29 çərçivəsində keçirəcəkləri görüşlər də Azərbaycandakı dini tolerantlığın hansı səviyyədə olduğunun göstəricisi olacaq".
Ə.Həsənov əlavə edib ki, hazırda dünyada müsəlmanlar yaşayan bir çox ölkələrdə məzhəb qarşıdurmaları, müxtəlif xüsusiyyətli dini məzhəblərin dözülməz tendensiyasını müşahidə etməkdəyik: "Azərbaycanda müxtəlif xalqlar həyat sürür, fərqli dinlərin nümayəndələri yaşayır. Hamısı dostluq və qardaşlıq şəraitində yaşayırlar. Bütün ölkələr bizim dini dözümlülüyümüzü, tolerantlıq ənənələrimizi öyrənib tətbiq etsələr, dünyamızda sülh və qarşılıqlı hörmət formalaşar. Prezident İlham Əliyev deyib ki, son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir: "Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk".