Baş nazir seçki ittihamlarına cavab verib: "Hər yerdə pozuntular olur"

"Hər yerdə pozuntular olur - seçkilərin ümumi məzmunu demokratik seçki prinsipinə uyğun idi".

24News.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze BBC-yə müsahibəsində seçkilərdə səslərin saxtalaşdırılması ilə bağlı iddialara cavabında deyib.

Hökumət rəhbəri, iddiaları rədd edib və “Gürcü arzusu”nun inandırıcı və mühüm qələbə qazandığını bildirib:

“Hər yerdə pozuntular olur. Təbii ki, biz seçki günü və ya ondan əvvəl baş vermiş bu pozuntuları aradan qaldırmalıyıq, lakin seçkilərin ümumi məzmunu hüquqi prinsiplərə və demokratik seçki prinsipinə uyğun idi”.

Kobaxidze müxalifəti yalan danışmaqda ittiham edib və bildirib ki, 2016, 2020 və 2021-ci illərdə də seçkilərin saxtalaşdırıldığını deyiblər:

“Əlbəttə, onların indi başqa yolu yoxdur, onlar öz tərəfdarlarına deməlidirlər ki, ya yalan danışıblar, ya da hökumət seçkiləri saxtalaşdırıb”, - deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, səslərin elektron sayılması sistemindən ilk dəfə Gürcüstanda keçirilən seçkilərdə istifadə olunub və seçkiləri saxtalaşdırmaq mümkün olmayıb.