Erməni ekspert Aram Manukyan yerli mediaya açıqlamasında deyib ki, Ermənistanda antirusiya dalğası son dərəcə böyükdür. Ermənistanın enerji baxımından Rusiyadan çox asılı olduğunu nəzərə alsaq, bu maniya çox təhlükəlidir. O bildirib ki, antirusiya siyasəti ölkəni məhvə aparır. Şərq qanadı güclənir, BRİKS genişlənir, artıq 30 ölkəni əhatə edir, Qərbi baltalayır. BRİKS ilə milyardlarla dollar dəyərində o qədər müqavilə imzalanıb: Orta dəhliz, Şimal-Cənub, Şərq-Qərb… Biz idə onların heç birində deyilik. Onun sözlərinə görə, Ermənistan bu layihələrdən kənarda qalmasını “kompensasiya” etmək üçün “Sülh qovşağı” layihəsini ortaya atıb. Ancaq bu layihəni kim ciddi qəbul edir? Bu qədər zəif və prinsipsizsinizsə, beynəlxalq layihələrin bir hissəsi ola bilməzsiniz. Ölkənin üzləşdiyi problemləri həll etmək üçün külli miqdarda pula, güclü iqtisadiyyata və çoxlu dostlara sahib olmaq lazımdır. Ermənistanın isə heç nəyi yoxdur deyə vurğulayıb.
“Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, bu gün Ermənistan faktiki olaraq Qərb və Rusiya arasında siyasi paliqona çevrilib:
“Eyni zamanda Ermənistanın gələcəkdə Ukrayna ilə eyni taleyi yaşıyaraq hərbi paliqona çevrilməsi də istisna edilmir. Belə olan halda Ermənistan daxilindəki bəzi analitiklərin bu cür fikirlər səsləndirməsi təəccüblü deyil. Hazırda baş verən proseslər, Qərb və Şərq arasındakı mübarizədə Avropa İttifaqının getdikcə zəifləməsi, NATO daxilində ziddiyyətlərin artması Şərq aləmini daha da gücləndirir. Buna baxmayaraq Ermənistan hələ də Qərbin ətəyindən yapışır və Rusiyaya arxa çevirir. Bu isə prespektivdə Ermənistan üçün ciddi təhdid mənbəyidir. Ermənistan Ukraynanın taleyindən dərs götürməliydi ki, Fransa və ABŞ-nin ipiylə quyuya düşmək olmaz”.