Suriya münaqişəsi beynəlxalq güclərin toqquşduğu bir mərkəzdir -TƏHLİL


Türkiyə, ABŞ, Rusiya və İran bu proseslərdə fərqli məqsədlər güdürlər
İran birmənalı şəkildə Əsəd rejiminə dəstək verir. Eyni zamanda bölgədə öz proksi qüvvələri vasitəsilə Türkiyənin dəstəklədiyi qüvvələrə qarşı çıxır

Suriyada müxalif silahlı qüvvələr - "Həyat Təhrir əş-Şam" (HTŞ) Hələb şəhərini və İdlib vilayətini ələ keçiriblər. Qruplaşma Həma şəhərini də ələ keçirmək uğrunda Əsəd qüvvələri ilə vuruşur. Hücum nəticəsində Suriya ordusunun çoxlu sayda hərbçisinin öldürüldüyü bildirilir. Suriyanın Marat ən-Numan şəhəri də qiyamçıların nəzarəti altındadır. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (Suriya Milli Ordusu) isə PKK-ya qarşı hərəkətə başlayıb və illər sonra Tel-Rıfatı terrorçulardan geri alıb. Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Tərəflər arasında Suriyada baş verən son hadisələr müzakirə olunub. Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hadisələrin inkişafının əleyhinə olduğunu deyib. Gərginliyin azaldılması, Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi prosesin tamamlanmasının vacibliyini vurğulayıb. Fidan Türkiyəyə və Suriyanın mülki əhalisinə qarşı terror fəaliyyətinə heç vaxt icazə verilməyəcəyinə də diqqət çəkib. 
Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, Suriya Prezidenti Bəşər Əsədin müxtəlif siyasi qüvvələrlə danışıqlar aparmaq istəməməsi ölkədə müxalif qrupların hücumuna səbəb olub. Qeyd olunub ki, Suriyada baş verən son hadisələr fonunda biz bütün tərəfləri daha çox əzabın, həssas insanların yerdəyişməsinin və mühüm humanitar yardımın çatdırılmasında fasilələrin qarşısını almaq üçün mülki insanların həyatını və infrastrukturu qorumağa çağırırıq: "Biz suriyalıların özlərinin də iştirak etdiyi münaqişənin siyasi həllinə çağırışımızı təkrar edirik. Əsəd rejimi siyasi proseslərə qoşulmaqdan davamlı imtina edərək Rusiya və İrandan asılılığı ilə hazırkı eskalasiyaya şərait yaradıb". 
İddia edilir ki, Bəşər Əsəd İraqdan Türkiyə ilə danışıqlarda vasitəçilik etməsini istəyib, lakin Bağdad buna cavab verməyib. Əsədin Türkiyə tərəfi ilə danışıqlar aparmaq üçün Antalyaya təhlükəsizlik heyəti göndərdiyi bildirilir. Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Ərdoğan dəfələrlə Suriya tərəfi ilə birbaşa danışıqlara hazır olduqlarını bildirsə də, qarşı tərəfdən müsbət cavab almamışdı. İran Prezidenti Məsud Pezeşkian İraqın Baş naziri Məhəmməd Sudani ilə telefon danışığı aparıb. O, Suriya kimi ölkələrin ərazi bütövlüyünün qorunub saxlanmasının İranın regional strategiyası olduğunu vurğulayıb. 


Yaxın Şərq üzrə ekspert Vuqar Zifəroğlu deyib ki, Suriyada yaşanan son proseslər hazırda dünya gündəmini zəbt etməkdədir. Ekspertin sözlərinə görə, birmənalı şəkildə vurğulamaq lazımdır ki, bu yaşananlar keçən ilin oktyabrından dəyişən yeni konfiqurasiyanın nəticələri kimi qiymətləndirilə bilər: 

"Yaxın Şərqdə heç bir hadisə təsadüf olmur və bütün hadisələr bölgədə marağı olan güclərin mürəkkəb gedişatlarının nəticələridir ki, özünü bu şəkildə göstərməkdədir. İlk növbədə onu vurğulamaq lazımdır ki, Suriyadakı aktivlik məhz İsrailin Livanla əldə etdiyi razılaşmadan bir gün sonra baş verdi. Qəzzada HAMAS, Livanda Hizbullahla bağlı əməliyyatlardan sonra İsrailin Suriyada şiə milis dəstələri, İraqda Haşdi-Şəabi, Yəməndə isə Ənsurallah üzərində təzyiqlərini artıracağını ehtimal etmək olardı. Suriyada HTŞ-nin aktivliyini və Hələb istiqamətində hücumunu artıq prosesin ardı kimi dəyərləndirmək mümkündür. Burada xüsusi incə məqam, ABŞ-nin HTŞ-ni terror təşkilatı kimi tanımasına rəğmən, proseslərə həm də seyrçi mövqedən yanaşmasıdır. Sadəcə, diplomatik tonda, həm də bəzi hallarda ziddiyətli açıqlamalar verməsi, İsrailin isə ümumiyyətlə səssiz qalmasıdır. Suriyadakı münaqişə və xüsusilə Heyəti Təhrir əş-Şam (HTŞ) qruplaşmasının fəaliyyəti beynəlxalq güclərin mövqeyini və strateji maraqlarını ciddi şəkildə müəyyənləşdirir. ABŞ, Rusiya, Türkiyə və İran bu proseslərdə fərqli məqsədlərə və yanaşmalara malikdir. Hər bir ölkənin mövqeyi onların regional siyasətlərindən və təhlükəsizlik prioritetlərindən qaynaqlanır. Əslində, bölgədə yaşananların mürəkkəbliyini tam çılpaqlığı ilə ortaya qoyan sxem kimi ABŞ, İran, Rusiya və Türkiyə faktorlarının proseslərdəki münasibətlərini qeyd etmək mümkündür.  
Bu dörd gücün mövqeləri bir çox məsələdə bir-birinə ziddir. ABŞ-nin PKK/YPG/PYD-yə dəstəyi Türkiyənin maraqlarına ziddir. Türkiyə Rusiyanın Lazkiyada hərbi mövcudluğunu qəbul edir. Moskva Ankaranın Suriyanın şimalında müəyyən təhlükəsizlik zonası yaratmaq istəyini qəbul edir. Hər iki tərəf ciddi strateji əhəmiyyət daşıyan İdlibdə fərqli məqsədlər güdür, lakin birbaşa qarşıdurmadan çəkinirlər". 

Analitikə görə, İranın bölgədəki təsiri ABŞ-nin Suriya siyasətinin əsas əks nöqtəsidir:

 "İran birmənalı şəkildə Əsəd rejiminə dəstək verir. Eyni zamanda bölgədə öz proksi qüvvələri vasitəsilə Türkiyənin dəstəklədiyi qüvvələrə qarşı çıxır. Bu zaman hətta bölücü kürd terror qruplaşmalarını da təbii müttəfiq şəklində görür. Vaşinqton heç bir halda Yaxın Şərqdə Rusiyanın təsirini görmək istəmir. Ələlxüsus Lazkiyada hərbi baza onu narahat edir. Ərəb baharından sonra bir sıra mövqelərini (məsələn, Liviyada) qoyub çıxmağa məcbur olmuş Moskva üçün isə ora son istinad nöqtəsi, isti dənizlərə çıxış imkanı verən strateji qapıdır. Suriyada strateji hərbi mövcudluğunu qorumaq və Tartus dəniz bazası vasitəsilə Aralıq dənizində təsirini artırmaq həyati əhəmiyyət kəsb edir. Hazırda qarşıda Həma və Homs şəhərləri uğrunda əsas taleyüklü döyüşlərdən biri gözlənilir. Eyni zamanda müxalif qüvvələr PKK terror birləşmələrinin əsas dayaq nöqtəsi olan Tel-Rifat istiqamətində hücumlarını davam etdirirlər və mərkəzə nəzarət etdikləri ilə bağlı vizual təsdiqlər var". 

V.Zifəroğlu qeyd edib ki, əgər Suriya müxalifəti bu şəhər və bölgələrə nəzarəti ələ keçirə bilsə, bu, ilk növbədə ciddi strateji qələbə olacaq: 
"Əsəd rejiminin Aralıq dənizi ilə əlaqəsi kəsiləcək və strateji M5 magistral yolu ilə şimala çıxışdan məhrum olacaq. Rusiyanın Aralıq dənizindəki hərbi bazaları faktiki olaraq bloklanacaq, çətin vəziyyətə düşəcək və Əsəd rejiminə ciddi dəstək verə bilməyəcək. İranın etibarlı nümayəndələri (və buna görə də Tehran) Suriyanın mərkəzində üstünlüklərdən və strateji dərinlikdən məhrum olacaq. Türkiyə üçün isə yalnız Türkiyə-Suriya sərhədində bölücü terror qüvvələrini məğlub etmək deyil, həm də ABŞ ilə birlikdə Suriyanın taleyini həll edəcək əsas siyasi müəllifə çevrilmək üçün unikal imkan yaranacaq. Bu 4 məqamın hər biri ayrı-ayrılıqda ciddi əhəmiyyətə malikdir və tam yeni bir mənzərə yaradır. Faktiki olaraq hazırda HTŞ-nin hücumları yalnız Suriya daxilində deyil, həm də bölgədə daha geniş geosiyasi nəticələrə səbəb olur. Suriya münaqişəsi regional və beynəlxalq güclərin maraqlarının toqquşduğu bir mərkəz olaraq qalır. Türkiyə, ABŞ, Rusiya və İran bu proseslərdə fərqli məqsədlər güdürlər. Son hadisələr – xüsusilə Heyəti Təhrir əş-Şam (HTŞ) qruplaşmasının fəaliyyətinin artması, İdlib bölgəsindəki gərginlik və Şimali Suriyadakı hərbi dinamika – bu güclərin hədəflərini və strategiyalarını yenidən aktuallaşdırır".

Siyasi şərhçinin fikrincə, Türkiyə Suriya münaqişəsində aktiv iştirak edən regional güclərdən biridir: 

"Onun hədəfləri əsasən təhlükəsizlik, qaçqın böhranı və milli maraqlar ətrafında formalaşır. Qardaş ölkənin əsas hədəfləri sırasında ilk yerdə Suriya ilə sərhədlərində sabitliyi qorumaqdır. Xüsusilə YPG/PYD və PKK təhlükəsini aradan qaldırmaq məqsədilə hərbi əməliyyatlar həyata keçirir. Şimali Suriyada təhlükəsiz zona yaratmaq planları, Türkiyəni həm kürd qruplaşmalarından qorumağa, həm də qaçqınların geri qaytarılmasına yönəlib. İkinci hədəf qaçqın böhranının həllidir. Türkiyə, hazırda ölkəsindəki təxminən 3,6 milyon suriyalı qaçqını öz sərhədləri daxilində təhlükəsiz zonalara köçürmək istəyir. Bu məqsəd, həm daxili sosial-siyasi təzyiqləri azaltmağa, həm də bölgədəki təsirini gücləndirməyə xidmət edir. Üçüncü hədəf isə təbii ki, İdlibə nəzarəti qorumaqla bağlıdır. Türkiyə, İdlibdəki HTŞ və digər qruplaşmaların fəaliyyətini birbaşa dəstəkləməsə də, bu bölgədə öz təsirini qorumağa çalışır. Bu, həm Suriya rejiminin hücumlarını məhdudlaşdırmaq, həm də qaçqın axınının qarşısını almaq məqsədi daşıyır. Bu mənada Türkiyə strateji məqsədlər olaraq Rusiya ilə balansı saxlamağa çalışır. Eyni zamanda bölücü terror qruplaşmalarına dəstək verdikləri üçün Vaşinqtonla fikir ayrılığı olsa da, Qərb ittifaqını tam itirmək istəmir. ABŞ-nin strateji hədəfləri sırasında ilk yeri isə Rusiya və İranın bölgədə artan təsirini məhdudlaşdırmaq, Türkiyəni isə özündən asılı vəziyyətə salmaq istəyi durur. Həmçinin Suriyanın enerji mənbələrinə nəzarət Vaşinqtonun uzunmüddətli maraqlarına daxildir. Həm Türkiyəyə təzyiq, həm də enerji mənbələrinə nəzarəti təmin etmək üçün ABŞ bölücü kürd terror qruplaşmalarından maksimum dərəcədə faydalanır. Rusiya və İrana qarşı isə zaman-zaman radikal islami qruplaşmalar vasitəsilə müəyyən həmlələr edir. Bu mənada ABŞ, İranın Suriya vasitəsilə Livana və Hizbullaha uzanan "Şiə Hilalı" strategiyasını dağıtmağa çalışır. Rusiya, Suriya münaqişəsini öz regional və qlobal təsirini gücləndirmək üçün bir vasitə kimi görür. Moskva, münaqişədə hərbi və diplomatik dominantlıq əldə etməklə yanaşı, öz müttəfiqlərinin maraqlarını qoruyur. Rusiya, Suriyada Əsəd rejiminin davamlılığını təmin etməklə öz müttəfiqini qoruyur. Bu, həm də Qərbin rejim dəyişikliyi strategiyasına qarşı durmaq məqsədinə xidmət edir. Vurğulamaq lazımdır ki, Rusiyanın Tartus limanı və Hmeymim aviabazası Aralıq dənizində strateji hərbi mövcudluq üçün kritik əhəmiyyətə malikdir. İran isə Suriyada öz strateji mövqeyini qorumağa və genişləndirməyə çalışır. Onun hədəfləri həm hərbi, həm də ideoloji motivlərə əsaslanır. İran üçün Əsəd rejimi bölgədə strateji müttəfiqdir. Rejimin sabitliyi İranın Suriya vasitəsilə Livanda Hizbullaha dəstək verməsinə şərait yaradır. İran eyni zamanda İran, İraq, Suriya və Livanı birləşdirən bir "şiə təsir xətti" yaratmaq istəyir. Bu, İranın regional hegemonluğunu təmin edir. İranın Suriyada hərbi varlığı, həmçinin İsrailə qarşı strateji üstünlük əldə etməyə yönəlib. Bu, İranın İsraillə dolaylı müharibə strategiyasının bir hissəsidir".