Düşmənin dilini bilmək lazımdır
Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda keçirilən ictimai dinləmədə bir sıra vacib məsələlərə toxunulub. Çıxış edənlər Ermənistan hökumətinin Qərbi Azərbaycandan deportasiya etdiyi soydaşlarımızın tarixi Vətənlərinə qayıtması hüququnun beynəlxalq təşkilatlar qarşısında daim qaldırılmalı olduğunu qeyd ediblər. Eyni zamanda həllini gözləyən digər vacib məsələlərə də toxunulub. Professor Firudin Cəlilov erməni dili və ədəbiyyatının tədrisinin vacibliyindən danışıb. Qeyd edib ki, Azərbaycanda erməni dilini, ədəbiyyatını tədris edən fakültə, hətta universitet yaradılmalıdır. Qərbi azərbaycanlıların problemlərini qaldırmaq üçün ermənilərin dilini öyrənmək vacibdir: “Bizə ermənilərlə qarşı-qarşıya dura biləcək, müzakirə aparacaq kadrlar lazımdır, onları hazırlamalıyıq. Ermənilər Azərbaycan dilini bilirlər, öyrənirlər, tədqiq edirlər. Amma bizdə bu çatışmazlıq hələ də həllini tapmayıb”. Məlum məsələdir ki, hər hansı bir dövlətə düşmən mövqedə duran digər dövlətin qarşı tərəfin dilini öyrənməsi, adət-ənənəsinə bələd olması siyasi və hərbi müstəvidə üstün mövqe əldə etməsi deməkdir. Bu, tarixən belə olub. Dövlət başçıları qonşu ölkələrə oranın xalqının dilini bilən, ənənələrə bələd olanları elçi qismində, lazım gəldikdə isə agent, kəşfiyyatçı kimi göndəriblər. Birinci Qarabağ müharibəsində həm Azərbaycan, həm də Ermənistan tərəfindən ratsiya vasitəsilə aparılan danışıqların bəzən dinlədildiyi və tərcümə olunaraq məlumat əldə edildiyi halları da olub. Ermənilər Çar Rusiyası tərəfindən Qafqaza, eləcə də Qarabağa köçürüldükdən sonra uzun illər azərbaycanlılarla birgə yaşayış keçirdiklərindən bizim dili bilirdilər, Qarabağ əhalisi də ermənilərin dilini bilirdi. Lakin dil bilmək kifayət etmir. Tarix, ədəbiyyat da öyrənilməlidir ki, qarşındakının xüsusiyyətlərinə, tarixi keçmişinə bələd olasan və buraxılmış səhvlər bir daha təkrarlanmasın. Məsələn, İsrail məktəblərində “İran” fənninin tədris olunacağına dair bir müddət əvvəl məlumatlar verilib. Məlumatda qeyd edilirdi ki, paytaxt Təl-Əviv yaxınlığındakı Xolon şəhərinin “Navon” liseyində şagirdlərə “İran” adlı fənn keçiləcək. Şagirdlərə əsas təhsil sahələrindən biri kimi “İran” fənni təklif edilib və 15 əlaçı məktəbli bunu qəbul edib. Tədris zamanı şagirdlərə İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah), Rza Pəhləvi və oğlu Məhəmmədrza şah dövründə baş verən etiraz mitinqləri, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin siyasəti, ölkədə məzhəb məsələləri, o cümlədən fars dili öyrədiləcək. Həmçinin şagirdlərə İsrailin İranla bağlı təhlükəsizlik və kəşfiyyat məsələləri də dərindən öyrədiləcək. Görünür, professor Firudin Cəlilov “Azərbaycanda erməni dilini, ədəbiyyatını tədris edən fakültə, hətta universitet yaradılmalıdır. Bizə ermənilərlə qarşı-qarşıya dura biləcək, müzakirə aparacaq kadrlar lazımdır, onları hazırlamalıyıq”, deyəndə məhz bu cür hərtərəfli tədrisi nəzərdə tutur.
Tanınmış ermənişünas alim İsmayıl Tanrıverdinin fikrincə, hansı ölkə ilə münasibətlər gərgindirsə, oranın dilini bilmək və bələd olmaq vacibdir:
- Aydın məsələdir ki, ölkələr arasında münasibətlər gərgindirsə, zaman-zaman bizə qarşı Ermənistan tərəfindən ərazi iddiaları irəli sürülürsə, ermənilər separatçılıq meyillərindən əl çəkmirlərsə, erməni dilini öyrənmək, bu dövlətin necə yarandığını, ermənilərin haradan Qafqaza gəlib yerləşdiyini, yəni tarix gənclərə tədris olunmalıdır, tədqiqatlar, elmi araşdırmalar aparılmalıdır. 1988-ci ildə bəzi üzdəniraqlar bəyan edirdi ki, erməni kimdir ki biz onların dilini öyrənək?!. Bu, kökündən yanlış yanaşmadır. Erməni dilində çox sayda Azərbaycan – türk sözləri var. Həmişə belə olub, indi də belədir. Baxmayaraq ki, ermənilər sonradan öz dillərində güclü dəyişikliklər aparıblar. Ermənistanda Dil Komissiyası bu gün də bununla məşğuldur, amma bütün bu səylərə baxmayaraq, bu gün də ermənilər türk mənşəli sözlərdən geniş istifadə edirlər. 2012-ci ildən ölkəmizdə cənab Prezidentin tapşırığı ilə erməni dilinin tədrisinə başlanılıb. Hərbi məktəblərdə, Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində erməni dili tədris olunub. Düşmənin dilini bilmək mütləq lazımdır. Düşmənin dilini öyrənmək məxfi sənədləri izləmək, fikirləri bilmək, hadisələri izləmək, təbliğat materialı kimi istifadə etmək üçün vacibdir. Yaxşı olardı ki, Qarabağ Universitetində də erməni dili tədris olunsun. Bu, bizim düşmən ölkə qarşısında hazırlıqlı olmağımız üçün lazımdır.