Türkiyənin tanınmış elm adamları, araşdırmaçı-alimləri "Şərq"i ziyarət ediblər. Redaksiyamızın budəfəki dəyərli qonaqları görkəmli ədəbiyyatşünas alim, Türkiyənin Ege Universitetinin professoru Yavuz Akpınar, Pamukkale Universitetinin müəllimi, dosent Orhan Baldane, Egey Universitetinin xarici əlaqələr bölməsinin rəhbəri, dosent Yılmaz Özkaya və Bandırma Onyedi Eylül Üniversitesinin dosenti Ümit Akın olub.
Qonaqları məmnunluqla qarşılayan "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı alimlərlə Azərbaycan-Türkiyə əlaqələri, mətbuat tarixi ilə bağlı müzakirələr aparıb. Baş redaktor qonaqları redaksiya nəzdində yaradılmış Mətbuat Muzeyi ilə tanış edib. Muzeyin ərsəyə gəlməsi haqda ətraflı məlumat verən A.Aşırlı muzeydə Azərbaycan mətbuatının bütün mərhələlərini əks etdirən dəyərli eksponatların, nadir mətbuat nümunələrinin toplandığını söyləyib. Baş redaktor Azərbaycan “Türk ocağı” barəsində də qonaqlara qısaca məlumat verib. Ocağın tarixindən, yenidən təsis olunmasından və gördüyü işlərdən bəhs edib.
Muzeylə və görülən işlərlə yaxından tanış olan qonaqlar öz təəssüratlarını bölüşüblər. Görkəmli alim, ədəbiyyatşünas Yavuz Akpınar bildirib ki, ayrıca Mətbuat Muzeyinin yaradılmasına böyük ehtiyac var idi. Alimin sözlərinə görə, öz imkanları sayəsində bu işi həyata keçirənlər önəmli missiyanı həyata keçiriblər:
""Əkinçi"dən bu yana orijinal mətnlər çox azdır. Tiflisdə nəşr olunan "Ziya", "Ziyayi Qafqaziyyə", "Kəşkül" kimi nəşrlər sovet zamanı haqsız şəkildə "mürtəce" adı ilə damğalanmışdı. Halbuki, "Ziya" kimi qəzetlər mədrəsələri tənqid edirdi. Belə məqalələr dərc edən mətbuat orqanı mürtəce ola bilərmi? Azərbaycanda XIX əsrin modernləşməvə yeni fikir hərəkatlarının qaynağı "Əkinçi"dən sonra "Ziya" və "Ziyayi Qafqaziyyə"dir. Bu qəzetləri ərsəyə gətirən şəxs din adamı olsa da, dini təhsilin yetərsizliyini, müasir çağın ehtiyaclarına cavab vermədiyini vurğulayırdı. Ünsizadələrin Türkiyədə mətbu orqanlarda gedən yazıları var. Bir hissəsini nəşr etdirmişəm. Daha çox araşdırılmasına ehtiyac var. Öncədən belə Muzeylər təsis olunsaydı, nadir eksponatlar toplansaydı, əlimizdə xeyli material və bilgi olardı. Əfsuslar ki, sovet dövründə ciddi boşluqlar yarandı. Yenidən toplamağa başlamışıq. Akif bəy bu işdə mühüm işlər görür, önəmli və faydalı təşəbbüsdür, çox sevindim. Amma dövlətin də dəstəyi mütləqdir".
Y.Akpınar Azərbaycan "Türk Ocağı" haqqında da fikirlərini açıqlayıb:
"Azərbaycan "Türk Ocağı"nın yenidən təsis olunması sevindiricidir. Ocağın 1918-20-ci illəri əhatə edən fəaliyyətindən xəbərdarıq. Ancaq ictimaiyyətə məlum olan bilgilər çox azdır. Son dövrlərdə bununla bağlı müəyyən işlər görülüb, məqalələr yazılıb. "Bir millət, iki dövlət" düsturunu əsas götürsək, bu sahədə ciddi araşdırmalara ehtiyac var. İşimizi həmin şüara layiq şəkildə görməliyik. Azərbaycan "Türk Ocağı" sadəcə iki qardaş ölkə və xalq arasında deyil, türk dünyası arasın əlaqələrin daha da dərinləşməsi üçün müstəsna fəaliyyət sərgiləyən tarixi qurumdur".
Pamukkale Universitetinin müəllimi, dosent, eyni zamanda Denizli Türk Ocaqları İdarə Heyətinin üzvü Orhan Baldane də Mətbuat Muzeyində çox dəyərli nümunələrin, əlyazmaların olmasına diqqət çəkib. Gənc alim bildirib ki, xüsusən Qafqaz İslam Ordusu ilə bağlı nadir sənədləri Muzeydə görməkdən məmnunluq duyub:
"Adını Azərbaycan mətbuat tarixinə qızıl hərflərlə yazdırmış "Əkinçi", "Kəşkül" və başqa qəzet və jurnalların orijinal nüsxələrini burada görmək çox xoş oldu. Tanınmış jurnalistlərin, yazarların şəxsi əşyaları da çox maraqlı idi. Biz "Şərq" qəzetində Muzeylə yanaşı, həm də Azərbaycan "Türk Ocağı"nı ziyarət etmiş olduq. Qurumla bağlı tarixi sənədlərlə də tanış olduq. Səmimi münasibətə və görülən işlərə görə Akif bəyə öz təşəkkürümüzü bildiririk. Uğurlar arzulayırıq".