Tbilisidəki etirazlar: Ocağın altı hələ yanır -TƏHLİL

Gürcüstan hakimiyyəti yaxın 2-3 gündə etirazları yatıra bilsə, vəziyyət sabitləşəcək

Tbilisidə yenidən hökumətə qarşı etiraz aksiyaları başlayıb. Yüzlərlə insan parlament binası qarşısına toplaşmağa başlayıb. Polis qüvvələri ərazini nəzarətdə saxlayır. Gürcüstan Daxili İşlər Nazirliyinin müavini Aleksandr Darahvelidze deyib ki, Tbilisidəki etiraz aksiyalarında Daxili İşlər Nazirliyinin 143 əməkdaşı xəsarət alıb: 

"Nazirlik hər bir polis əməkdaşının həyatının qorunması üçün bütün tədbirləri görür. Pirotexnikanın istifadəsi xüsusilə təhlükəlidir, çünki bu, çox ağır xəsarətlərə səbəb olur". O, etirazçılara zorakı hərəkətləri dayandırmağa və qanunu pozmamağa çağırıb. 

Qeyd edək ki, 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığı barədə açıqlamasından sonra Tbilisidə müxalifətin genişmiqyaslı aksiyaları sistemli hal alıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze etirazlarla bağlı deyib ki, "Maydan" cəhdi iflasa uğrayıb. Onun sözlərinə görə, bu cəhdlər uğursuzluğa məhkumdur: "Bu, həmin insanların yerinə yetirdiyi son tapşırıqdır, hər şey nəzarət altındadır, "Maydan" iflasa uğrayıb, ölkənin maraqları əvvəldən axıra kimi qorunacaq". Avropa Şurasının Baş katibi Alen Berset Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Prezidenti Salome Zurabişvili ilə telefon danışığı aparıb. Baş katib danışıqlar zamanı Gürcüstanda baş verənlərlə bağlı narahatlığını ifadə edib. Berset bütün tərəfləri eskalasiyadan çəkinməyə çağırıb. O, həmçinin nümayişlər zamanı hüquq-mühafizə orqanlarının həddən artıq güc tətbiq etmələri ilə bağlı yayılmış məlumatların araşdırılmasının vacibliyini vurğulayıb. Avropa Şurasının Gürcüstan nümayəndəliyindən bildirilib ki, baş katibin tezliklə Tbilisiyə səfəri gözlənilir. Gürcüstan Patriarxlığı Prezident Salome Zurabişvilini və digər şəxsləri ölkədə genişmiqyaslı etirazların keçirildiyi günlərdə dedikləri hər sözə görə daha çox məsuliyyət daşımağa çağırıb. Bildirilir ki, məsuliyyətsiz bəyanatlar və sözlər hamı üçün faciəvi nəticələrə səbəb ola bilər: “Gürcüstan prezidentinin X sosial şəbəkəsində “kədərli və həyəcanlı” bəyanatı yayılıb. Prezidentin bəyanatında deyilir ki, universitetlərdən sonra aksiyalara həmrəylik bildirmək növbəsi məktəblərə çatır. Belə bir şəraitdə məktəblilərin və ümumiyyətlə, yetkinlik yaşına çatmayanların bu işə cəlb edilməsinə çağıran hər hansı bəyanat verilməməli, xüsusən də bir ölkə prezidenti tərəfindən nəzəri olaraq cəmiyyətdə qütbləşmə və nifrətin azaldılmasına çalışılmalıdır. Gələcək nəsillərin sağlamlığına zərər verilməsi son dərəcə narahatedicidir”.


Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov "Sherg.az"a deyib ki, gürcü cəmiyyəti siyasi partiyalarla bağlı mövqedə qəti olmasa da, Avropa İttifaqının üzvü olmaqda qətidir. Hakimiyyət isə etirazçılara qarşı sona qədər mübarizə aparmaqda israrlıdır:

 "Gürcüstandakı siyasi parçalanma iki düşərgənin ölkənin xarici siyasətinə fərqli baxışları ilə bağlıdır. Parlament seçkilərindən sonra etirazlar olsa da, müxalifətin tərəfdarları onların istədikləri sayda deyildi. Lakin bugünlərdə Baş nazir Kobaxidzenin "Gürcüstan 2028-ci ilə qədər Aİ-yə üzvlük məsələsini dondurur" bəyanatı əvvəlki mitinqlərdən fərqli olaraq daha çox insanı meydanlara yönəltdi. Maraqlısı budur ki, Kobaxidze Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin 2013-cü ilin noyabrında “Aİ ilə assosiativ sazişə hazırlığın dayandırılması” ilə bağlı bəyanatını demək olar ki, sözbəsöz təkrarladı. Bundan sonra insanlar küçələrə axışdı. Nəticə göz qabağındadır. Gürcüstanın iri şəhərlərində minlərlə insan küçələrdə polislərlə üz-üzədir. Parlament seçkilərindən sonra bu kütlənin yarısı belə küçələrdə yox idi. Deməli, mitinqçilərin arxasında kimin olmasından asılı olmayaraq, bir həqiqəti demək lazımdır. Bu gün dünyada ən cəlbedici sayılan Aİ tərzində yaşam gürcülərin arzusudur. Lakin məlumdur ki, Aİ və Qərbin cəlbedici dəyərləri Avrasiyanın ortasında yerləşən qeyri-avropalılar üçün bəzən cənnət deyil, cəhənnəm gətirir. İndi hamının sualı budur, küçədəki insanlar təbii, yoxsa planlaşdırılmış ssenari üzrə iğtişaşlarda iştirak edir? Fakt odur ki, bu etirazların "rəngli inqilab"ın ilkin şərtlərinə bənzəməsi ssenarisini nəzərdən qaçıra bilmərik. Qərb QHT-ləri və siyasi təşkilatları tərəfindən dəstəklənən müxalif qüvvələr əhalinin narazılığından fəal şəkildə istifadə edirlər. Müxalifət, Ukraynada olduğu kimi siyasi hakimiyyəti satqınlıqda və Rusiyanın maraqlarına xidmət etməkdə günahlandırır". 
Z.Məmmədova görə, hadisələr doğrudan da, Ukraynada 10 il əvvəl baş verənləri xatırladır: "Kobaxidze öz bəyanatında vurğulayıb ki, Ukrayna “Maydan” ssenarisi Gürcüstanda təkrarlana bilməz. Gürcüstan hakimiyyəti yaxın 2-3 gündə etirazları yatıra bilsə, vəziyyət sabitləşəcək. Lakin bir fakt göz qabağındadır. Ocağın altı yanır və onun alovlanması bu gün olmasa da, bir neçə il sonra baş tuta bilər. Deməli, ocağın özü ilə haqq-hesabı aparmaq lazımdır. Bu hadisələr, bir daha onu göstərir ki, hələ 2003-cü ildə Prezident İlham Əliyevin başladığı ideoloji daxili və xarici siyasət bizi hansı bəlalardan qurtardı". 
İsmayıl