Biomüxtəlifliyin qorunması indi əsas məsələdir

Ekologiya və ətraf mühitin mühafizəsi 

Su itkiləri, torpaqların deqradasiyadan xilası, həmçinin səhralaşmanın qarşısının alınması hamının işi olmalıdır

Bu sahədə uğur qazanmaq üçün təkcə hökumətlər deyil, özəl sektor, vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq da vacibdir

Azərbaycanın müvəffəqiyyətlə ev sahibliyi etdiyi və Yer kürəsinin xilası naminə mühüm qərarların qəbul edildiyi BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyası – COP29 dünya dövlətləri üçün həm də uğurlu örnək oldu. COP29 nə qədər mühüm beynəlxalq tədbir idisə, qəbul edilmiş qərarların icrası da bir o qədər böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbiətin mühafizəsi naminə qəbul edilmiş qərarların icrasında nə dərəcədə qətiyyətli olduğunu bu günlərdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində “Ər-Riyaddan Beləmə: Dövlət-özəl sektor əməkdaşlığı üçün “Rio-Trio” təşəbbüsü” mövzusunda sessiyada çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də bildirib. Qeyd edək ki, 2-13 dekabr 2024-cü il tarixlərinda Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilməkdə olan BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan Respublikası yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib. Sədrlik dövründə ölkəmiz həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək. Qrupa Azərbaycan Respublikası ilə bərabər 15 Şərqi və Mərkəzi Avropa dövlətləri daxildir. Sessiyada çıxışı zamanı nazir M.Babayev vurğulayıb ki, Azərbaycan “Rio-Trio” təşəbbüsünün məqsədlərini konkret nəticələrə çevirməyə sadiqdir: "Bu gün zamanın çağırışları ilə üzləşdiyimiz bir dövrdə, Rio Konvensiyaları çərçivəsindəki səylərimizin nə qədər sıx bağlı olduğunu görürük. İqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, torpaqların deqradasiyası və səhralaşma – bunlar ayrı-ayrı problemlər deyil. Onlar bir-biri ilə dərindən əlaqəlidir və inteqrasiya olunmuş, koordinasiya edilmiş həll yolları tələb edir. Strategiyalarımızı əlaqələndirmək və sinerji yaratmaq məsuliyyətini daşıyırıq. İnteqrasiya olunmuş platformalar, məsələn, “Rio-Trio” təşəbbüsü, fərdi səylərimizin təsirini gücləndirəcək həll yollarını tapmağa olan sadiqliyimizi nümayiş etdirir. Azərbaycan, iqlim dəyişikliyi, su çatışmazlığı və biomüxtəlifliyin itirilməsi kimi qarşılıqlı çağırışlarla mübarizədə təbiət əsaslı həll yollarının gücünü qəbul edir. Biz Xəzər dənizində kritik əhəmiyyətə malik ekosistemləri qorumaq üçün ilk dəniz mühafizə olunan ərazini yaratmışıq”. M.Babayev qeyd edib ki, Azərbaycanın COP29-a sədrliyi inteqrasiyanın fəaliyyət gündəminin əsas elementi olmasını hədəfləyir.


“Biz müxtəlif forumlar və sektorlara əlaqələr qurmaq üzərində çalışırıq, çünki iqlim fəaliyyətləri çoxsektorlu bir vəzifədir. Bizim yanaşmamızın əsas nümunəsi COP29-un su məsələlərinə dair təşəbbüsüdür. Su, torpaq deqradasiyası və səhralaşma problemlərinin həllində əsas elementdir. İqlim dəyişikliyinin təsirləri artdıqca su çatışmazlığı ilə mübarizə zərurətə çevrilir. Xəzər dənizinin səviyyəsinin azalması su resurslarının davamlı idarə olunmasının təcili olduğunu bir daha göstərir. COP29 çərçivəsində əsas nailiyyətlərdən biri təxminən 50 ölkə və qeyri-dövlət aktorları tərəfindən dəstəklənən Bakı Su Resursları üzrə İqlim Fəaliyyətləri Bəyannaməsinin qəbul olunmasıdır. Bəyannamə imzalayanları su hövzələrində iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizədə inteqrasiya olunmuş yanaşmalar tətbiq etməyə və su ilə bağlı tədbirləri milli iqlim strategiyalarına daxil etməyə çağırır”, - nazir əlavə edib. M.Babayev vurğulayıb ki, iqlim, biomüxtəliflik və səhralaşma problemləri arasında su əlaqələndirici halqadır. “Bu təşəbbüslər “Rio-Trio” ruhunu əks etdirir və Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının məqsədləri ilə sıx uyğunluq təşkil edir. “Rio-Trio” təşəbbüsü məlumat və bilik mübadiləsi üçün harmonik platformaların yaradılmasının zəruriliyini də vurğulayır. Biomüxtəliflik üzrə milli strategiyaların indeksləri və xəritələri kimi göstəriciləri birləşdirərək, səyləri sadələşdirə, hesabatlılığı artıraraq siyasətimizi praktik nəticələr üzərində qura bilərik. Yerli və əhali bilikləri bu sistemlərin formalaşdırılmasında mərkəzi rol oynamalıdır, çünki onların müdrikliyi davamlı təcrübələr üçün əvəzolunmaz istiqamətlər təklif edir. Birgə çağırışlarımız böyükdür, lakin onlar innovasiya və əməkdaşlıq üçün imkanlar yaradır. Konvensiyalar arasında sinerjini gücləndirərək, davamlı torpaq istifadəsi təcrübələrini təşviq etməli, təbiət əsaslı həllər vasitəsilə suyun istifadəsinin səmərəliliyini artırmalı, torpaqların bərpası səylərini genişləndirməli və davamlı ekosistemlər üçün regional və beynəlxalq əməkdaşlığa töhfə verməliyik. Bu kontekstdə Azərbaycan “Rio-Trio” təşəbbüsünün baxışını həm insanlar, həm də planet üçün faydalı konkret nəticələrə çevirməyə sadiqdir”, – deyə Muxtar Babayev çıxışını yekunlaşdırıb. 

İqlim dəyişmələri, biomüxtəlifliyin qorunması, su itkiləri, torpaqların deqradasiyadan xilası, həmçinin səhralaşmanın qarşısının alınması COP29-dan sonrakı mərhələdə hansı işlərin həyata keçiriləcəyindən çox asılı olacaq. Bunu “Sherg.az”a açıqlamasında ekoloq Rövşən Abbasov deyib. Mütəxəssis xatırladıb ki, “Rio-Trio” təşəbbüsü Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı hökumətləri arasında novator əməkdaşlıqdır: 
- Bu əməkdaşlıq Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişikliyi Konvensiyası, Kolumbiyanın Bioloji Müxtəliflik Konvensiyası və Səudiyyə Ərəbistanının Səhralaşmaya Qarşı Mübarizə Konvensiyası çərçivəsindəki sədrliyinin işini əlaqələndirməklə dayanıqlı inkişaf üzrə qlobal səylərin təşviqinə yönəlib. Üç ölkə, sədrliklərinin imkanlarından istifadə edərək, təxirəsalınmaz və əlaqələndirilmiş tədbirləri təşviq etmək üçün eyni məqsədə xidmət edir və beynəlxalq ictimaiyyəti bu təşəbbüsə həm gələcək Tərəflər Konfranslarında, həm də onlardan kənarda uzunmüddətli əməkdaşlıq platforması kimi qoşulmağa dəvət edir. COP29 ərəfəsində Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı Krallığı hökumətlərinin yeni tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək “Rio Üçlüyü” təşəbbüsünün rəsmi açılışı üçün Rio Konvensiyasının gələcək sədrləri ilə görüş keçirildi. Məqsəd Azərbaycandan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kolumbiyadan BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası və Səudiyyə Ərəbistanı Krallığından BMT-nin Səhralaşma ilə mübarizə haqqında Konvensiyasını təmsil edən üç yeni COP sədrliyinin səylərini koordinasiya etməklə, qlobal dayanıqlılıq təşəbbüslərini gücləndirməkdir. Hər üç ölkəni təxirəsalınmaz və əlaqələndirilmiş fəaliyyətə start vermək üçün öz COP sədrliklərindən istifadə etmək əzmi birləşdirir. Bu, uzunmüddətli fəaliyət göstərəcək bir platformadır. Beynəlxalq ictimaiyyətə də bu təşəbbüsə qoşulmaq çağırışları edilir. Məqsəd aydın şəkildə izah edilir ki, hər üç ölkənin məqsədi Rio Konvensiyası üzrə əməkdaşlığı gücləndirməklə sinerji yaratmaq, səmərəliliyi artırmaq və həm insanlara, həm də planetə fayda verəcək konkret nəticələri təmin etməkdir. Bu yanaşma onu göstərir ki, hər bir konvensiyanın məqsədi bir-biri ilə sıx əlaqəlidir və bir sahədə əldə olunan irəliləyiş digərlərində də irəliləyişin əldə olunmasına təkan verəcək. İqlim dəyişməsi, biomüxtəlifliyin itirilməsi və səhralaşma bir-biri ilə əlaqəli problemlərdir. Bu problemlərin həlli üçün praktiki və koordinasiyalı fəaliyyətlər vacibdir. Burada təkcə hökumətlər deyil, özəl sektor, vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq da vacibdir.   Belə olan surətdə davamlı həllərə nail olmaq mümkündür.