Cənubi Koreyada müxalifət güclüdür- POLİTOLOQ

Əgər ABŞ prosesə müdaxilə etməsə, ölkədə xalq inqilabı yaşana bilər

Cənubi Koreya Prezidenti Yun Sok Yol Şimali Koreyanın ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyət elan etmişdi. Hərbi vəziyyət 6 saat davam etdikdən sonra müxalifətin və xalqın tələbi ilə ləğv edildi. Parlament də prezidentin qərarını etibarsız saymışdı. Hadisədən sonra Cənubi Koreya Nazirlər Kabinetinin bütün üzvləri istefa vermək niyyətində olduqlarını bildiriblər. 

Cənubi Koreyanın milli müdafiə naziri Kim Yon Hyön paytaxt Seula xüsusi texnika yeridilməsi qərarına görə hökumətdən və xalqdan üzr istəyərək istefa verib. Nazir baş verənlərə görə məsuliyyəti bilavasitə özünün daşıdığını vurğulayıb: “Mən ölkəmizin milli müdafiə naziri kimi paytaxtda yaşanan hadisələrə və hərbi vəziyyət elan edərək, vətəndaşlarda narahatlığın yaranmasına səbəb olduğuma görə hər kəsdən üzr istəyirəm. Hərbçilər həmin gün məhz mənim göstərişlərim əsasında addım atıblar. Bu səbəbdən də artıq istefa ərizəmi müvafiq qaydada Parlamentə təqdim etmişəm”. Xatırladaq ki, konstitusiyaya görə, nazirin istefa qərarını parlament təsdiqləməlidir. 
Cənubi Koreyada müxalifət dekabrın 4-də prezident impiçmenti proseduruna başlayacaq. Prezidentin impiçmenti ilə bağlı parlamentdə səsvermə dekabrın 6 və ya 7-də keçirilə bilər. Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi deyib ki, Seul hərbi vəziyyət barədə ABŞ-yə məlumat verməyib: "Cənubi Koreya Prezidenti tərəfindən ABŞ-yə bu barədə əvvəlcədən açıqlama verilməyib". 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Cənubi Koreyadakı vəziyyəti şərh edib. Deyib ki, Cənubi Koreyadakı siyasi böhran narahatedici və gözlənilməzdir. Bununla bağlı diplomat bildirib ki, bu fonda KXDR hakimiyyətinin öz sərhədlərinin təhlükəsizliyi ilə bağlı qorxuları kifayət qədər başadüşülən və izah edilə bilən görünür: “Çoxları başa düşdü ki, KXDR niyə təhlükəsizliyindən bu qədər narahatdır. Təhlükəsizliyinizlə bağlı məsələləri həll etməlisiniz". 

Politoloq Zeynal Əmrəliyev deyib ki, Koreyanın şimalında sərt rejim fəaliyyət göstərsə də, cənubda da siyasi vəziyyət normal deyil. Ekspert bildirib ki, ölkədə siyasətlə məşğul olmaq demək olar ki, bəladır: 

"Cənubi Koreyanın az qala bütün keçmiş prezidentlərinə qarşı müxtəlif ittihamlarla cinayət işi açılıb. 2018-ci ildə ölkə Prezidenti Park Geunhye vəzifəsindən uzaqlaşdırılıb. Xanım prezidentə səlahiyyətini sona qədər icra etməyə imkan verilməyib və 24 il müddətinə həbs edilib. Həmin il Koreya məhkəməsi Geun-hyenin sələfi  Li Myongbakı həbs edərək 17 illik həbsə məhkum edib. 2022-ci ildən bəri hakimiyyətdə olan Sok Yola qarşı da ölkədə çox ciddi narazılıq var. Park Geunhyenin vəzifədən uzaqlaşdırılmasının təşəbbüskarı məhz indiki prezident Yun Sok Yol olub. Sok Yol o zaman ölkənin Baş prokuroru vəzifəsində çalışırdı. "Xalqın Gücü" Bloku növbəti seçkidə onu namizəd kimi göstərdi və qalmaqallı seçkidə Sok Yol ölkə prezidenti seçildi. O, ölkənin tanınmış siyasətçilərindən olan Lee Jaemyungi zorla məğlub etdi. Rəsmi nəticələrə görə, hər iki namizədin arasında cəmi 0,73 faizlik fərq var idi. Koreya tarixində ilk dəfə olaraq şəxslər 99,50 faiz sayılmamış kimin qalib gəldiyini müəyyən etmək mümkün olmadı". 
Analitikə görə, son 2 ildə Yun Sok Yol yuxarı təbəqənin mənafeyini müdafiə edərək orta və kiçik biznes təbəqəsinin mənfəətinin azalmasına səbəb olub. Bu dövlətdə keçmiş Baş prokuror təhlükəsizlik elitasına ciddi səkildə dəstək verərək onların mövqelərinin güclənməsinə səbəb olub: "Bu isə siyasi dairələrdə həyəcanla izlənilirdi. Müxalifət uzun müddətdir ki, dövlət başçısının həbsi istiqamətində fəaliyyət göstərirdi. Görünür ki, kimlərsə Sok Yolun qulağına sərt rejim yaratmaq barədə nələrsə pıçıldayıblar. O, yaxşı bilir ki, vaxtında hərəkət etməsə, onu da sələflərinin aqibəti gözləyir. Cənubi Koreyada Şimali Koreyaya rəğbətin artması barədə iddialar tamamilə absurddur. Cənubi Koreya ABŞ-nin nəzarətində olan ölkədir. Ehtimal ki, baş verənlər Ağ Evlə razılaşdırılıb. Bu da Co Baydenin gedənayaq dünyaya yeni il hədiyyəsi hesab edilə bilər. Baş verənlər Koreya yarımadasında gərginliyin açıq fazaya keçməsinə şərait yarada bilər. Əgər ABŞ prosesə müdaxilə etməsə, ölkədə xalq inqilabı yaşana bilər. Müxalifət liderləri artıq Yun Sok Yolun hakimiyyətini qeyri-qanuni elan ediblər. Nəzərə alaq ki, müxalifətin gücü çoxdur. Xüsusilə paytaxt Seulda Demokrat Partiyası çox güclüdür".