Rusiya mülki təyyarələrin təhlükəsiz uçuşuna görə məsuliyyət daşıyır - Tofiq Zülfüqarov


“Təəssüf ki, bizim faciəmiz məhz Rusiyada gedən bu proseslər fonunda baş verdi" 

Məlum olduğu kimi dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib və nəticədə təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub. İlkin məlumatlara görə, Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və "Pantsir-S1” zenit-raket kompleksi tərəfindən ciddi zərbə alan təyyarə Aktauya istiqamətlənib. Ona Qroznıya yaxın aeroportlara eniş etməyə icazə verilməyib. Təyyarə Aktau aeroportuna 3 dəqiqəlik məsafə qalanda qəzaya uğrayıb.

Hadisə zamanı həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır. Təyyarənin gövdəsindəki izlər və deşiklər onun vurulduğunu göstərir. Mahaçqala Hava Limanı təyyarəni qəbul etməyib, Bakıya qayıdışı isə mümkünsüz edilib. Pilotlar böyük qəhrəmanlıq göstərərək təyyarəni mümkün qədər uzun müddət havada saxlayıb və faciənin miqyasını azaldıblar. Ekspertlərə görə, təyyarə Xəzər dənizinə düşsəydi, izlər itiriləcək, qara qutu bəlkə də tapılmayacaqdı. Ümumən, Bakı-Qroznı təyyarə reysində baş vermiş qəza böyük faciədir. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, BMT-nin xüsusi ixtisaslaşmış təşkilatı - Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvü olan ölkələr beynəlxalq uçuşlara görə məsuliyyət daşıyırlar. Keçmiş XİN başçısı vurğulayıb ki, İkinci Dünya müharibəsi zamanı bu məsələ aktuallaşıb və koalisiya ölkələri Çikaqoda müvafiq qanunlar tətbiq otməyə çalışıblar. Nəticədə 1947-ci ildə Çikaqo Konvensiyasına 26 ölkə qoşulub: 

"İnidiki mərhələdə təxminən 196 ölkə bu Konvensiyanın üzvüdür. Konvensiyanın 100-ə yaxın bəndi var. Əsas prinsipial məsələ odur ki, təyyarə hansı ölkənin ərazisindədirsə, hava gəmisinin təhlükəsizliyi həmin ölkənin üzərindədir. Təyyarə qəzası ona görə baş verib ki, Rusiya hazırda müharibə şəraitindədir. Moskva bunu qəbul etməsə də, Ukrayna ilə savaşı "hərbi əməliyyat" adlandırsa da, reallıq odur ki, tərəflər arasında böyükmiqyaslı müharibə gedir. Müharibənin gedişatında iki tərəf də bir-birinə qarşılıqlı zərbələr endirir. Artıq müharibənin fəsadları bizim sərhədlərə yaxınlaşır. Şimali Qafqazda müxtəlif yerlərdə partlayışlar baş verir, PUA-lardan istifadə olunur. Digər məsələ odur ki, Rusiya dövləti və onun idarəetmə mexanizmi çox böhranlı vəziyyətdədir. Bu, həm siyasi, həm də hərbi idarəetməyə aiddir. Rusiyada bir neçə qurum demək olar ki, Müdafiə Nazirliyinin funksiyasını yerinə yetirir. İndi deyirlər ki, Kadırovun Çeçenistanda öz ordusu, hərbi sistemləri var, hətta öz qohumuna medal verir. Yəni böhranlı duruma diqqət çəkmək üçün bunları deyirəm. Dövlətin bir neçə ordusu var. Ona görə düşünmürəm ki, kimsə qəsdən təyyarəmizi hədəf alıb. Amma danılmaz reallıq odur ki, həmin hadisə nəticəsində təyyarəmiz qəzalı vəziyyətə düşüb və faciə yaşanıb". 

T.Zülfüqarov vurğulayıb ki, Qazaxıstanın apardığı istintaq prosesində təyyarənin məxsus olduğu Azərbaycan nümayəndələri və təyyarənin getmək istədiyi ölkənin təmsilçiləri, istehsalçı şirkətin təmsilçisi iştirak edə bilər: 

"Artıq Braziliyanın üç hərbi müstəntiqi Qazaxıstanda gedən istintaq işində iştirak edirlər. Rusiyada dövlətə məxsus orqanlar müxtəlif qruplara paylanılıb. Baş verən faciə də bunun nəticəsidir. Yəni təyyarəmizin vurulması Rusiyada hansısa daxili toqquşma səbəbi ilə də baş verə bilər. Mənzərə çox mürəkkəbdir. Rusiyanın informasiya təbliğatı müharibəyönümlüdür. O səbəbdən səhih və dəqiq informasiya əldə etmək çətindir. Təəssüf ki, bizim faciəmiz məhz Rusiyada gedən bu proseslər fonunda baş verdi. Rusiya mülki təyyarələrin təhlükəsiz uçuşuna görə məsuliyyət daşıyır. Bizə üzrdən savayı həqiqətlər də lazımdır, bu cinayəti törədənlərin aşkarlanaraq cəzalandırılması lazımdır. Həm də bundan sonra qərar verməliyik ki, Rusiyaya uçmaq olar, yoxsa yox. Artıq xeyli ölkə Rusiya üzərindən uçmaqdan imtina edir. Azərbaycan Rusiya ilə münasibətlərə hər zaman diqqətlə yanaşıb. Rusiyadan eyni diqqəti gözləmək təbii haqqımızdır". 
İsmayıl Qocayev