Qərbə mesaj, Moskvaya əməkdaşlıq: Paşinyanın ikiüzlü manevri - ŞƏRH

Ermənistanın xarici siyasəti regional və beynəlxalq müstəvidə diqqət mərkəzindədir. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya və Çinlə əməkdaşlığı davam etdirdiyini bildirib.

Onun sözlərinə görə, Moskva ilə münasibətlər bütün sahələr üzrə inkişaf etdirilir, Rusiya Prezidenti ilə bir neçə görüş keçirilib. Paşinyan eyni zamanda regional kommunikasiyaların açılması məsələsində Rusiya ilə əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıb. O bu istiqamətdə müsbət siqnalların mövcud olduğunu qeyd edib.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında Nikol Paşinyanın dediklərində həqiqət payının olduğunu söyləyib: 

"Baxmayaraq ki, Ermənistanla Rusiya arasında zaman-zaman səhv ritorika və qarşılıqlı ittihamlar səsləndirilir, lakin faktiki vəziyyət fərqlidir. Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin artması və paralel şəkildə diplomatik münasibətlərin güclənməsi onu göstərir ki, bu iki ölkə arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir.

Yəni, bizim təsəvvür etdiyimiz kimi ciddi bir gərginlikdən və ya dərin böhrandan söhbət getmir. 

Bu da onu sübut edir ki, Ermənistan və Rusiya arasındakı münasibətlər normal səviyyədədir və normal şəkildə inkişaf edir. Sözügedən gərginliklər daha çox görüntü xatirinə olan, süni xarakter daşıyan proseslərdir. Ermənistan Qərbə daha da yaxınlaşmaq üçün zaman-zaman Rusiya ilə münasibətlərdə bu cür süni gərginliklər yaratmağa çalışır".

Politoloq Çinin son dövrlərdə Cənubi Qafqaza marağının artmaqda olduğunu və bu marağın təkcə Ermənistanla məhdudlaşmadığını deyib: 

"Çin eyni zamanda Azərbaycan və Gürcüstanla da müxtəlif layihələr həyata keçirmək niyyətindədir. O, ümumilikdə Cənubi Qafqaz ölkələri ilə sıx münasibətlər qurmaqda maraqlıdır.

Son zamanlar Ermənistanla Çin arasında da münasibətlərin istiləşdiyi müşahidə olunur. Bu isə Çinin regiona artan marağı ilə bağlı olan təbii bir prosesdir.

Buradakı əsas məsələ isə Rusiya-Ermənistan münasibətlərinin gələcək taleyidir. Əgər Nikol Paşinyan həqiqətən Qərbə inteqrasiya prosesinə start veribsə və bunu reallaşdırmaq niyyətindədirsə, Avropa İttifaqı və perspektivdə NATO kimi qurumlara üzv olmaq istəyirsə, Rusiyanın orbitində olan təşkilatlardan uzaqlaşmalıdır. Bu, ilk növbədə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlara aiddir". 

Analitik Ermənistanın bu strukturlardan çıxmağının Moskva-İrəvan xəttində real gərginliyə səbəb olacağını vurğulayıb:

"Lakin hazırkı mərhələdə biz yenə də ticarət dövriyyəsində artım müşahidə edirik. Bu da onu göstərir ki, Nikol Paşinyan daha çox manevr edir, bir tərəfdən bəyanatlar verir, digər tərəfdən isə fərqli addımlar atır. Rusiya-Ermənistan arasındakı yumşalma Qərbi aldatmaq hesabına formalaşır".