"Baş verən son proseslər göstərir ki, İran ciddi təhlükə ilə üz-üzədir"
İranda baş verən genişmiqyaslı etirazlardan sonra Avropa ölkələrinin Tehrana münasibəti daha da sərtləşib. Qərb dövlətləri aksiyaların qanla yatırılmasına görə, əsas məsuliyyəti rejimin başlıca güc dayaqlarından biri hesab edilən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzərinə qoyur. Bir çox siyasi lider SEPAH-ı mövcud rejimin zorakı mexanizminin əsas icraçısı kimi görür. SEPAH-ın 1979-cu il İslam İnqilabından dərhal sonra formalaşdığını və mövcud rejimin əsas təhlükəsizlik sütunu kimi çıxış etdiyini nəzərə alsaq, dövlətlərin bu istiqamətdə mövqe tutması təəccüblü görünmür. SEPAH-ı “terror təşkilat”ı kimi tanıyan ölkələrin sayı durmadan artır. ABŞ, Kanada, Bəhreyn, Səudiyyə Ərəbistanı, Ekvador, Paraqvay və Argentina hərbi qurumu “terror təşkilat”ı kimi tanıyan dövlətlər sırasındadır. Son proseslər Avropa İttifaqında da mövqelərin sərtləşdiyini göstərir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məsələ ilə bağlı açıqlamasında SEPAH-ın terror təşkilatı kimi tanınmasının İttifaq daxilində müzakirə olunduğunu bildirib. Bir vaxtlar məsələyə ehtiyatla yanaşan Fransa isə artıq SEPAH-ın “terror təşkilat”ı kimi tanınmasını dəstəkləyəcəyini bəyan edib.
Mövzu ilə əlaqədar politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, Avropa dövlətlərinin SEPAH-ı terror təşkilatı kimi tanıması yeni proses deyil:
“Məlum olduğu kimi, ABŞ-İran qarşıdurması uzun illərdir davam edir. Hazırkı mərhələdə hərbi qurumun “terror təşkilat”ı kimi qiymətləndirilməsinə təsir göstərən bir neçə əsas amil var. Birinci amil İranda etiraz aksiyaları zamanı rejimin mülki əhaliyə qarşı tətbiq etdiyi sərt repressiyalardır. İnsan tələfatının artması, edamların davam etməsi və kütləvi həbslər Qərbin diqqətini Tehranın daxili siyasətinə yönəldib. Avropa ölkələri ABŞ və İsrail kimi birbaşa hərbi müdaxiləyə getməsələr də, İranı hüquqi və diplomatik mexanizmlər vasitəsilə təzyiq altında saxlamağa çalışırlar. SEPAH-la bağlı mümkün qərar da məhz bu strategiyanın tərkib hissəsidir. İkinci amil ABŞ və İsrailin siyasi və diplomatik təzyiqləridir. Böyük ehtimalla lobbi və diaspor fəaliyyətləri Avropada qəbul edilən qərarlara ciddi təsir göstərib. Bu da SEPAH-ın beynəlxalq müstəvidə daha sərt formada hədəfə alınmasına zəmin yaradır”.
Politoloqun sözlərinə görə, İranın ali dini rəhbəri Əli Xamneyi Venesuelanın keçmiş prezidenti Maduronun taleyini yaşaya bilər:
“Üçüncü mühüm faktor isə ABŞ-nin İrana qarşı artan müdaxilə potensialıdır. Vaşinqton Tehrana qarşı sərt addımlar ataraq, hərbi müdaxiləni istisna etmir. Amerika donanmasının Fars körfəzinə yönəlməsi, Donald Trampın ərazini blokadaya almaqla bağlı ordunu hazır vəziyyətə gətirməsi, eləcə də BƏƏ və İordaniyanın ABŞ-ı dəstəkləyəcəyini bəyan etməsi vəziyyətin gərginliyindən xəbər verir. Baş verən son proseslər göstərir ki, İran ciddi təhlükə ilə üz-üzədir. Ancaq birbaşa genişmiqyaslı müharibə ehtimalı azdır. Əfqanıstan və İraq kimi ölkələrin problemlərindən təzəcə yaxasını qurtaran ABŞ rəhbərliyi indi İranla uzunmüddətli müharibəyə başlamaz. Çünki ordunu aktivləşdirmək böyük vəsait tələb edir. D.Trampın yüksək maliyyə tələb edən müharibəyə qoşulacağına inanmıram. 12 günlük müharibədə olduğu kimi, hədəf yalnız mühüm şəxslər və strateji obyektlər olacaq. İranın ali dini rəhbəri Əli Xamneyi isə Venesuelanın keçmiş prezidenti Maduronun taleyini yaşaya bilər”.
Aybəniz Səfərova