Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı tezliklə İran nümayəndə heyəti Türkiyəyə səfər edəcəkdi. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dünənki mətbuat konfransında bildirmişdi. Diplomat bildirmişdi ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir. Həmçinin vurğulamışdı ki, İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq. Bəqayi əlavə etmişdi ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq deyə Bəqayi söyləmişdi. Daha sonra İsmayıl Bəqai təkzib yaydı və ümumiyyətlə Zəngəzur barədə danışmadığını bildirdi. Bəqainin eyni sözləri iki fərqli informasiya kimi yayıldı: birində yalnız Türkiyə-İran sərhədindən danışılır, digərində isə “sərhəd” ifadəsi “Zəngəzur dəhlizi” sözləri ilə əvəz edilir. İlk baxışdaca ziddiyyət göz qabağındaydı: Bəqai Zəngəzur dəhlizi haqda “siyasi deyil, texniki məsələdir” sözlərini işlədə bilməzdi. Zəngəzurla bağlı “texniki məsələni” həll etmək üçün İran nümayəndə heyəti niyə müzakirə üçün Türkiyəyə getməlidir? Hətta bu məsələdə Türkiyə israrlı olsa belə, bu niyə “nəqliyyatçıların həll edəcəyi məsələ” (Bəqainin sözləridir) kimi təqdim edilir Bəqai ayrı-ayrı mövzular haqda necə tam eyni sözlərlə - yalnız “sərhəd” sözünün yerinə “Zəngəzur dəhlizi”ni işlətməklə - danışa bilər? Bunlar təsdiqləyirdi ki, Bəqai Türkiyə-İran sərhədindən danışır, Zəngəzur dəhlizindən deyil. Eyni zamanda, İranın əsas xəbər agentlikləri də, Türkiyə mediası da Bəqainin sərhəd açıqlamasını yaymışdı, Zəngəzuru deyil. Bütün deyilənlərə baxmayraq, informasiya manipulyasiyasını Azərbaycan mediası deyil, İran mediası edib. Bəqainin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını yayan “Etimad”dır. “Etimad” İranın rəsmi qəzeti və ya xəbər agentliyi olmasa da, kifayət qədər geniş tiraja malik, oxunan saytıdır. Azərbaycanın bəzi xəbər agentlikləri də informasiyanın mənbəyi kimi “Etimad” və “Xəbəronlayn”dan istifadə edib.
Siyasi şərhçi Tural İrfan “Sherg.az”a söyləyib ki, İran Zəngəzur məsələsinin əleyhinədir və buna hər vəchlə maneə yaradır:
“Həmçinin bu da məlumdur ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, digər maraqlı dövlətlər üçün də əhəmiyyət kəsb edir. Ona görə İrana Türkiyənin təzyiqi təbiidir. İran, Türkiyə və Azərbaycana qarşı mümkün qədər maneələr yaratmağa çalışır. Eyni zamanda hər iki dövlətin Zəngəzur dəhlizi məsələsinin həllindən sonra iqtisadi, hərbi və başqa sahələrdə daha da sıx, siyasi, hərbi, coğrafi əlaqələrindən narahatdır. Bu baxımdan Türkiyənin də müxtəlif yollarla İrana təsir göstərməsi normaldır və bu barədə danışıqların, hətta görüşlərin olması da mümkündür. Ancaq yanıldıcı informasiya manipulyasiyası mütəmadi olaraq İran mediası tərəfindən tirajlanır. Çünki İranda hakimiyyət bir nöqtədən idarə olunmur. Ali dini liderə, Prezidentə, Sepah kimi qurumlara bağlı medialar var ki, çox zaman bunların yaydığı xəbərlər həqiqəti əks etdirmir. Yaxud birini təkzib edən məmulatlar olur. Bu, onların hakim dairələri arasındakı münaqişəli durumdan xəbər verir. Eyni zamanda mühafizəkar qrupla, islahatçı qrupun arasındakı dərin fərqdən qaynaqlanır. Riyakar siyasət yürüdən, çox zaman siyasi diplomatik ənənələrdən çox orta əsr adətləri ilə çıxış edən İran rəsmiləri region dövlətlərini nəzərə almadan siyasət aparması doğru hesab edir ki, bu zaman da maraqlar toqquşur. Bunu da İran zorla, təhdid və terror dili ilə həll etmək istəyir. Çox zaman ikili, ziddiyətli bəyanatlar verirlər. Hesab edirəm ki, İran xarici işlər nazirinin ziddiyət dolu açıqlamaları və fars mediasının təxribatçı açıqlamaları İran siyasətində və dövlət idarəçiliyindəki təlatümləri, çaşqınlığı, ziddiyəti göstərir.
Zəngəzur məsələsi isə mütləq həllini tapacaq. İran istəsə də istəməsə də bu məsələnin gec-tez həll olunması Türkiyənin sayəsində mümkün olacaq”.