“Yerkrapa” terrorçuları sərhədə daşınır -Politoloq

Samir Hümbətov: “Paşinyan terrorçuları Azərbaycanın ədalətinə təhvil verə bilər”
“Yerkrapa” terror təşkilatı şərti sərhəddəki döyüş mövqelərinə yeni terrorçular göndərib. Bu barədə “GSSR44” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçular var. Həmçinin ərazidə separatçı əski parçası dalğalanır. Terrorçuları daşıyan nəqliyyat vasitələri Ermənistan Müdafiə Nazirliyinə aiddir. Revanşizmə xidmət edən bu kimi addımlar regionda sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistanın “sülh” açıqlamaları ilə bu amillər birbaşa ziddiyyət təşkil edir.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, Ermənistanda revanşistlərin aktivləşməsi, separatçı tör-töküntülərin dirçəlməsi bir sıra məqsədlərdən qaynaqlanır. Ekspertin fikrincə, Ermənistan hökuməti revanşistləri qabağa verməklə öz maraqlarını onlar üzərindən təmin etməyə cəhd göstərirlər:
 "Ermənistandakı revanşist qüvvələrdən istifadə edən kənar güclərin mövcudluğu da sirr deyil. Zaman-zaman xarici dairələr Ermənistan daxilindəki revanşistlərdən, radikal ünsürlərdən öz siyasi məqsədləri üçün faydalanıblar. İrəvan hökuməti də kənar təzyiqlərə məruz qaldığına görə, daxildəki revanşistlərin pozucu hərəkətlərinə, təxribatlarına adekvat cavab verməyib. Ancaq mümkündür ki, Ermənistanın daxilindəki separatçı tör-töküntülərə şərait yaradan elə Paşinyan hökumətidir. Bəlkə də, bu metodla separatçıları ələ almağa çalışır. Lakin bu cür təxribatçı addımlar, revanşist hərəkətlər ümumi proseslərə ciddi təsir göstərmir. Bu gün erməni quldurları, separatçı ünsürlər, terrorçular Bakıda məhkəmələrdə mühakimə olunurlar. Zaman gələr ki, Paşinyan öz siyasi maraqları naminə Ermənistandakı digər terrorçuları, separatçı tör-töküntüləri də Azərbaycanın ədalətli mühakiməsinə təhvil verər".