Azərbaycanın QIZIL TARİXİ: İlham Əliyev yazır

Azərbaycanın müasir tarixi üçün 2020 -2025-ci illər sıradan bir zaman kəsiyi deyil. Bu, dövlətin taleyində dönüş yaradan, xalqın yüz illik arzularının gerçəyə çevrildiyi və geosiyasi reallıqların Azərbaycanın xeyrinə yenidən yazıldığı bir dövrdür. Beş il ərzində baş verənlər təkcə hadisələr silsiləsi deyil, həm də siyasi uzaqgörənlik, milli birlik və strateji liderliyin sintezidir.

 2020-ci ilin 44 günü  - Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı: işğalda olan ərazilər azad edildi, ölkənin ərazi bütövlüyü tam ölçüdə bərpa olundu. Baş verənlər təkcə hərbi zəfər deyildi, həm də beynəlxalq münasibətlərdə Azərbaycanın çəkisini artıran strateji üstünlük idi.
 
2023-cü ilin 23 saatı ərzində Qarabağda separatizm tamamilə məhv edildi. Antiterror tədbirləri dəqiq planlanmış və ən qısa zamanda nəticə vermişdi. Bu əməliyyat göstərdi ki, Azərbaycan təkcə savaş meydanında deyil, həm də təhlükəsizlik strategiyasında çevik və qətiyyətlidir.
2024-cü il  -  Rusiya hərbi kontingentinin ölkəni tərk etməsi ilə Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu addım regionda geosiyasi balansın dəyişdiyi bir zamanda atıldı və Azərbaycanın diplomatik manevr gücünü ortaya qoydu.

Və nəhayyət, 2025-ci il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması ili kimi tarixə düşdü. Vaşinqtonda gerçəkləşən bu proses artıq hərbi-siyasi mübahisənin diplomatik həllə keçdiyini göstərdi.

Təbii ki, bu uzaqgörən siyasətin baş memarı var. Bütün bu mərhələlərin arxasında bir strateji liderlik dayanır  - Prezident İlham Əliyev. Onun fəaliyyətini xarakterizə edən üç əsas xüsusiyyət bu uğurların açarını təşkil edir:

Dəqiq zamanlama  - o, hər addımını beynəlxalq və regional vəziyyəti dəqiq analiz edərək atdı. 44 günlük müharibənin başlama tarixi, antiterror tədbirlərinin vaxtı, sülhməramlıların çıxarılması - hamısı doğru anda baş verən qərarlar idi.

O lider həm də milli birlikdən güc alaraq yola çıxmışdı. Qarabağ məsələsində cəmiyyətin bütün təbəqələri, hətta ən sərt tənqidçilər belə Prezidentin yanında oldu. İlham Əliyevin xalqa güvənməsi bu birliyi möhkəmləndirdi, xalqın güvəni isə dövlətin mövqeyini gücləndirdi. 


2025-ci il 8  - 9 avqust tarixlərində Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan birgə bəyanat (sülh mərhələsinə keçidə yönələn ilkin sənəd) Cənubi Qafqazda geopolitik balansı sürətlə dəyişdirə biləcək addımdır. Bəyanat iqtisadi əlaqələrin açılması, nəqliyyat dəhlizlərinin bərpası və beynəlxalq zəmanət mexanizmlərinin tətbiqi kimi maddələrə malikdir. 
 Sənəd əsasən sülhə və sərhədlərin qarşılıqlı tanınmasına yönələn ilkin siyasi iradəni əks etdirir; tərəflər iqtisadi əlaqələri bərpa etmək, qarşılıqlı hərbi fəaliyyətləri məhdudlaşdırmaq və bir sıra nəqliyyat dəhlizlərinin açılmasını razılaşdırıblar. Vaşinqton bəyanatında ABŞ-nin vasitəçilik və müəyyən qarant rolunu üzərinə götürməsi açıq ifadə olunub.

Vaşinqtonda paraflanan sülh müqaviləsi Cənubi Qafqazın gələcəyini formalaşdıracaq sənəd statusundadır. Bu addım regionun iqtisadi xəritəsini dəyişəcək. Sərhədlərin açılması, Zəngəzur dəhlizinin  işə düşməsi təkcə Azərbaycan-Ermənistan münasibətlərini deyil, həm də Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ilə ticarət yollarını yenidən formalaşdıracaq.
Təhlükəsizlik mühiti tamami ilə sabitləşəcək . Münaqişə risklərinin sıfıra enməsi xarici sərmayə üçün əlverişli şərait yaradacaq.
Bundan sonra regionda geosiyasi balans da  dəyişəcək.  ABŞ və Aİ-nin bölgədə rolu artacaq, Rusiya isə bütün rollarını, əvvəlki dominant vasitəçi mövqeyini itirəcək.

Beləliklə, əminliklə demək olar ki, Azərbaycanın 2020  - 2025-ci illərdə keçdiyi tarixi yol həm milli gücün, həm də peşəkar dövlət idarəçiliyinin nümunəsidir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, xalqın birliyi və doğru zamanda verilən qərarlar bu qızıl beşilliyi tarix kitablarında şərəfli səhifə kimi yazdı.

Bu gün Azərbaycan təkcə bərpa etdiyi  torpaqların sahibi deyil, həm də regionun siyasi xəritəsini dəyişdirən, iqtisadi və diplomatik mərkəzə çevrilən bir dövlətdir. Qarşıda görüləcək işlər çoxdur, amma dövlətin strateji kursu, xalqın iradəsi və liderin siyasi çevikliyi Azərbaycanın gələcəyinin daha da parlaq olacağına inam yaradır.