ABŞ-dən vətəndaşlarına XƏBƏRDARLIQ: Təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır

ABŞ-nin Misir, İordaniya, İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Livan, Bəhreyn, Qətər və Oman­dakı səfirlikləri İrana qarşı həyata keçirilən hücumlar səbəbindən regionda gərginliyin daha da arta biləcəyini bildirərək, amerikalı vətəndaşlara təhlükəsizlik xəbərdarlığı edib.

Səfirliklərin yazılı açıqlamalarında Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin “mürəkkəbliyini qoruduğu” qeyd olunub.

Açıqlamalarda bölgədə yaşayan ABŞ vətəndaşlarından diqqətli və hazırlıqlı olmaları tələb edilib. Həmçinin mümkün uçuşların ləğvi, hava məkanlarının müvəqqəti bağlanması və səfərlərdə yarana biləcək çətinliklərə qarşı hazır olmaları tövsiyə olunub.

Bundan əlavə, Yaxın Şərqə səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına səyahət planlarını yenidən nəzərdən keçirmək çağırışı edilib.

Açıqlamalarda ABŞ-nin xaricdəki diplomatik nümayəndəliklərinin daha əvvəl də hədəfə alındığı xatırladılıb.

Bildirilib ki, İran və İranı dəstəkləyən qruplar dünya miqyasında ABŞ-nin maraqlarını, şirkətlərini və amerikalı vətəndaşlarla əlaqəli digər obyektləri hədəf ala bilər.

Açıqlamada iddia olunub ki, İran rəhbərliyi son dövrlərdə bölgədəki hədəflərə əvvəlcədən xəbərdarlıq etmədən hücumlar həyata keçirib və bu hücumları əvvəllər hədəf alınmayan ərazilərə də genişləndirib.

ABŞ vətəndaşlarından olduqları ölkələrdə ehtiyatlı davranmaları və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri istənilib.

ABŞ-ın İsraildəki səfirliyi də daha əvvəl İrana qarşı həyata keçirilən hücumlar səbəbindən regional gərginliyin daha da yüksələ biləcəyini bildirərək, öz vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı etmişdi.