ABŞ-ın Cənubi Qafqaza yanaşması dəyişir, Azərbaycan ön plana çıxır - Politoloq

  •  Tramp administrasiyası Azərbaycanı regionun əsas tərəfdaşı kimi görür

Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycan-ABŞ münasibətləri ilə bağlı mühüm mesajlar verib: “ABŞ ilə münasibətlər hazırda tarixinin ən yüksək səviyyəsindədir və strateji tərəfdaşlıq istiqamətində yeni mərhələyə qədəm qoyub”.

Dövlət başçısı 907-ci düzəlişin tam ləğvi məsələsinə də toxunub. O, qeyd edib ki, ABŞ Konqresinin qəbul etdiyi və Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəliş vaxtilə ermənipərəst senatorların təşəbbüsü ilə qəbul olunub və həqiqəti əks etdirməyib: "Azərbaycan heç vaxt Ermənistana blokada tətbiq etməyib. Əksinə, sonrakı dövrdə Ermənistan üzərindən yüklərin daşınmasına şərait yaradılıb, eləcə də ölkəyə neft məhsulları ixrac olunub. Bu düzəliş hazırda praktik baxımdan işləməsə də, siyasi və simvolik əhəmiyyətini saxlayır. Buna baxmayaraq, bu məsələ ABŞ administrasiyası ilə münasibətlərə mənfi təsir göstərmir. ABŞ ilə Azərbaycan arasındakı münasibətlər çox əladır. Deyərdim ki, onlar artıq strateji tərəfdaşlıq səviyyəsini də ötüb. Münasibətlərimiz tarixinin ən yüksək səviyyəsindədir".

Dövlət başçısı əlavə edib ki, iki ölkə arasında ticarət, investisiya, rəqəmsal transformasiya, süni intellekt, enerji təhlükəsizliyi, nəqliyyat və müdafiə sahələrində əməkdaşlıq üzrə işçi qrupları yaradılıb və strateji tərəfdaşlıq haqqında bəyannamənin icrası istiqamətində iş aparılır.

Mövzunu Sherg.az-a şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Prezident İlham Əliyevin ABŞ-Azərbaycan münasibətləri ilə bağlı səsləndirdiyi mesajlar iki ölkə arasında əməkdaşlığın yeni və daha dərin strateji mərhələyə daxil olduğunu göstərir:

“IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyev Donald Tramp və Co Bayden administrasiyaları arasındakı əsas fərqləri yığcam və ümumi olmaqla həm də Cənubi Qafqaza münasibətdə incə detallarına qədər xarakterizə etdi. Yanaşmadakı fərqi isə səlis olaraq diqqətə çatdırdı. Məsələ ondan ibarətdir ki, Donald Tramp qlobal iqtisadiyyatın daha mütərəqqi islahatlarına açıq yanaşır. Şəxsiyyət olaraq öz vizyonunu sülh üzərində qurur və bu da onun baxışlarını müharibədən uzaqlaşdıraraq sülhə, ticarətə və qarşılıqlı faydalı sövdələşmələrin genişlənməsinə istiqamətləndirir. Cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu, onun təbiətindən irəli gələn yanaşmadır. Təbii ki, illər ərzində Bayden və Blinken administrasiyasının yürütdüyü birtərəfli və qərəzli yanaşmanın şahidi olduq. Bayden hələ senator olduğu dövrdə də Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri idi. Bayden Birinci Qarabağ müharibəsi dövründə Senatın Xarici Əlaqələr Komitəsinin nüfuzlu üzvlərindən biri idi və Ermənistanı dəstəkləyən mövqeyi ilə tanınırdı, Azərbaycana qarşı məhdudlaşdırıcı siyasəti dəstəkləyən senatorlar sırasında idi. Dövlət başçımızın da bildirdiyi kimi bu baxımdan Bayden administrasiyasının yanaşması tərəfləri yaxınlaşdırmaq deyil, əksinə, parçalamaq, sülhün deyil, münaqişənin içində olmaqla qarşıdurma yaratmaq idi. Təbii ki, bu vəziyyət onların regiondakı prosesləri daha rahat idarə etməsinə imkan verirdi.

Donald Tramp hakimiyyətə gəldikdən sonra dünyanın müxtəlif bölgələrində münaqişələrə son qoyacağını bəyan etmişdi. Təbii ki, siyasətdə sözlərdən və ritorikadan daha çox atılan addımlar əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan və Ermənistan arasında danışıqların yekun mərhələsində Donald Trampın və onun komandasına daxil olan şəxslərin sülhü mümkün edən siyasi çərçivə formalaşdırması nəticə etibarilə öz bəhrəsini verdi. Bu gün Donald Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərqin olduğu dövlət başçısı tərəfindən bir daha diqqətə çatdırıldı. Həm ABŞ-ın, həm də ATƏT-in Minsk qrupuna daxil olan digər həmsədrlərin əsas məqsədi uzun illər ərzində münaqişənin dondurulması idi. Halbuki BMT Təhlükəsizlik Şurasının qətnamələri tamamilə fərqli reallığı əks etdirirdi. Sənədləri qəbul edənlər və reallığı inkar edənlər fərqli aktorlar deyildi. Cənab Prezident dəqiq ifadə etdi ki, Bayden administrasiyası bu məsələdən geosiyasi alət, siyasi təsir vasitəsi, yəni “oyun kartı” kimi istifadə edirdi. Deməli, Qarabağa kart kimi yanaşma nə 90-cı illərdə qalmışdı, nə də tək aktorla kifayətlənmirdi”. 

Forum çərçivəsində dövlət başçısının 907-ci düzəliş məsələsinə toxunduğunu xatırladan politoloq bildirib ki, 907-ci düzəlişin tam ləğvi gündəlikdə dayanan məsələlərdən biridir: “Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirib. Belə ki, artıq Rusiya və Qazaxıstandan Ermənistana yüklər Azərbaycan ərazisi vasitəsilə daşınır. Dünya ölkələri yanacaq dalınca gedərkən, Ermənistana bu çatdırılır. Azərbaycan öhdəliyinə sadiqdir. Son dövrlərdə ABŞ-dan müxtəlif səviyyəli rəsmilərin ölkəmizə səfərləri də onu göstərir ki, Vaşinqtonun Cənubi Qafqaza yanaşmasında yeni dinamika formalaşmaqdadır. Cənubi Qafqaz ABŞ xarici siyasətində baş verən dəyişikliklərin təsir etdiyi geosiyasi regionlardan biri hesab olunur. Donald Trampın ikinci prezidentlik dövründə ABŞ administrasiyası Cənubi Qafqaza daha çox geoiqtisadi və geostrateji prizmadan yanaşmağa başlamışdır. Regionun əsas əhəmiyyəti Orta Dəhliz, enerji marşrutları, kritik xammal tədarükü, eləcə də Çin və Rusiya arasında formalaşan geosiyasi rəqabət kontekstində qiymətləndirilir. Donald Tramp xarici siyasətə iqtisadi səmərəlilik, strateji rəqabət və praqmatik tərəfdaşlıq prinsipləri çərçivəsindən baxır. Diplomatiyada adətən münasibətlərin “çox yüksək səviyyədə” xarakterizə olunması nadir hallarda rast gəlinən praktikadır. Cənab Prezidentin münasibətlərə bu tərifi verdiyinin şahidi olduq. Habelə, Tramp iqtisadi rıçaqlara üstünlük verir ki, bu da əməkdaşlığı qaçılmaz etdiyi qədər, tərəflərin maraqlarını uzlaşdıran amil kimi çıxış edir. Trampın Cənubi Qafqaz baxışlarında, xüsusilə də Azərbaycan-Ermənistan münasibətləri kontekstində davamlılıq və dayanıqlılıq müşahidə olunur”.