ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib

ABŞ İrana qarşı keçirdiyi hərbi əməliyyat zamanı ümumilikdə 22 milyard dollar dəyərində sursat sərf edib.

Sherg.az xəbər verir ki, bu barədə RİA Novosti Pentaqonun baş müfəttişinin hesabatına istinadən məlumat yayıb.

Hesabatda qeyd olunur ki, ABŞ-ın keçirdiyi “Epik Qəzəb” (“Epic Fury”) əməliyyatının ümumi xərcləri 7,4 milyard dollar təşkil edib. Sərf edilmiş sursatın dəyəri isə 22,3 milyard dollar, itirilmiş hərbi texnikanın dəyəri 3,7 milyard dollar olaraq qiymətləndirilir.

Bildirilir ki, hesabatda göstərilən rəqəmlər təxminidir. Buna səbəb əməliyyat üçün nəzərdə tutulan büdcənin ABŞ Konqresi tərəfindən təsdiqlənməməsidir. Bu isə xərclər barədə ətraflı hesabat hazırlanmasını çətinləşdirir.

Daha əvvəl The New York Times qəzeti yazıb ki, İranla münaqişə zamanı ABŞ aşağı görünmə qabiliyyətinə malik qanadlı raket ehtiyatlarını demək olar ki, tükədib, Tomahawk raketlərinin 10 illik istehsal həcminə bərabər sayda raket buraxıb və Patriot hava hücumundan müdafiə sistemləri üçün iki illik raket istehsalı qədər sursat sərf edib.

ABŞ və İsrail fevralın 28-də İranda müxtəlif obyektlərə zərbələr endirməyə başlayıb, İran tərəfi isə buna cavab olaraq qarşılıqlı zərbələr həyata keçirib. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalayıb. Lakin sonradan tərəflər yenidən bir-birinə zərbələr endirib. Hazırda münaqişə nizamlanmamış olaraq qalır.

Münaqişənin kəskinləşməsi səbəbindən Hörmüz boğazından gəmiçilik faktiki olaraq dayanıb. Bu boğaz dünya bazarına neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın tədarükü üçün əsas marşrutlardan biridir. Nəticədə dünyanın əksər ölkələrində yanacağın qiyməti artıb.