ABŞ-İran memorandumunun pərdəarxası: Hələ heç nə həll olunmayıb - ŞƏRH

"Bir səhifəlik sənəd Yaxın Şərqdə sülh demək deyil, ən kiçik problem danışıqları çökdürə bilər”

ABŞ və İran arasında anlaşma memorandumunun həftə sonu imzalanması gözlənilsə də, razılaşma mətni ilə bağlı tərəflərin açıqladığı detalların fərqliliyi diqqət çəkir. İranın açıqladığı “14 maddəlik anlaşma memorandumu”nda yer alan “Livan da daxil olmaqla, bütün cəbhələrdə dərhal və daimi atəşkəs” maddəsi mübahisəlidir.

Livanın - İsrailin Hizbullaha qarşı əməliyyatının dayandırılması məsələsi ABŞ tərəfindən təsdiqlənmir. 

ABŞ prezidenti Donald Tramp açıqlamasında vurğulayıb ki, İsrailin Livana mümkün hücumu İranla əldə edilən razılaşmanın pozulması anlamına gəlməyəcək. İran xarici işlər naziri Abbas Əraqçi isə əksinə, İsrailin Livana hərbi müdaxiləsinin Cenevrədə imzalanması planlaşdırılan mümkün razılaşmanı təhlükə altına salacağını bildirib.

Əraqçının sözlərinə görə, Livanda müharibənin başa çatması, müharibənin tam şəkildə dayandırılmasının ayrılmaz hissəsidir. İsrailin Livana qarşı istənilən hərbi hücumu və işğalın davam etdirilməsi anlaşma memorandumunun pozulması hesab olunur. Xatırladaq ki, bundan əvvəl ABŞ, İran və vasitəçi Pakistan Vaşinqton və Tehran arasında, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması məqsədi daşıyan razılaşmanı təsdiqləyib. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.

Tərəflərin açıqlamalarındakı bu ziddiyyət, memorandumun detalları və öhdəliklərin sərhədləri ilə bağlı hələ də ciddi qeyri-müəyyənliyin qaldığını göstərir.

Mövzunu şərh edən politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, ABŞ ilə İran arasında həftəsonu imzalanması gözlənilən memorandum hələlik yekun razılaşma deyil və sənədin real mahiyyətini yalnız imzalanandan sonra ictimaiyyətə açıqlananda qiymətləndirmək mümkün olacaq:

“Mətn dərc olunandan sonra razılaşmann kimin xeyrinə, kimin ziyanına olduğu, hansı nəticələr doğuracağı barədə qəti fikir söyləmək mümkün olacaq. Lakin o da nəzərə alənmalıdır ki, bu səhifə yarımlıq memorandumdur

Yəni burada söhbət əsasən tərəflərin niyyətini ifadə edən çərçivə sənədindən gedir və əsas müzakirələr növbəti 60 gün ərzində nümayəndə heyətləri arasında aparılacaq. Məhz həmin danışıqlarda tərəflər arasında fikir ayrılığı yaradan fundamental məsələlər müzakirə olunacaq”.

 İsrailin bu prosesə münasibətinə görə gəldikdə isə politoloq qeyd edib ki, baş nazir Benyamin Netanyahu açıq şəkildə bəyan edib ki, ABŞ prezidenti Donald Trampa hörmət etsə də, ilk növbədə İsrailin maraqlarını qorumağa borcludur. Bu isə göstərir ki, Vaşinqton və Tehran arasında əldə olunacaq mümkün razılaşma İsrail üçün məcburedici xarakter daşımır:

“Memorandum ABŞ və İran arasında imzalanır və sənəd İsrailin üzərinə hər hansı hüquqi öhdəlik qoymur. Netanyahu artıq İsrailin Cənubi Livandan geri çəkilməyəcəyini açıqlayıb və bu baxımdan bölgəyə zərbələrin davam etməsi ehtimalı yüksək olaraq qalır”.

A.Səmədov İranın Livan məsələsini bu razılaşmaya daxil etməsinin doğru yanaşma olmadığını deyib. Onun sözlərinə görə, Livan müstəqil dövlətdir və İsraillə mövcud razılaşmaya əsasən Hizbullahın tərksilahı Livan hökumətinin öhdəliyidir: “Lakin Hizbullahın İranın təsiri altında olması bu prosesi çətinləşdirir. Bu səbəbdən Tehranın ABŞ qarşısında Livanla bağlı şərt irəli sürməsi reallıqla tam uzlaşmır. Regiondakı mürəkkəb vəziyyət ABŞ-İran danışıqlarını risk altına sala bilər. Hər iki dövlət vəziyyətin mürəkkəbliyini anlayıb, müdrik addımlar atmağa cəhd göstərməli, vəziyyəti düzgün qiymətləndirməlidir.

Əgər həm Amerika Birləşmiş Ştatları, həm də İran  ən xırda problem ortaya çıxanda danışıqları pozmaq xəttini tutsalar imzalanan memorandumun heç bir əhəmiyyəti olmayacaq. 

Tərəflər emosional qərarlardan yayınmalıdır. Əks halda memorandum formal sənəd olaraq qalacaq, yekun sülh sazişi imzalanmayacaq və bölgədə hərbi gərginlik yenidən artacaq. Bu isə nə İranın, nə də ABŞ-nin maraqlarına cavab verir”.