ABŞ İranın quru yollarının bağlanması üzrə Türkiyə ilə danışıqlar aparır

“ABŞ həftənin sonunadək İranla əlaqəli təxminən 1 milyard dollar dəyərində kriptovalyutanı müsadirə edəcək”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

O bildirib ki, Donald Tramp administrasiyası İrana qarşı “maksimum təzyiq” kampaniyasını “tam təcrid” kampaniyasına çevirib. Nazirin sözlərinə görə, bu siyasət maliyyə məhdudiyyətləri ilə yanaşı, İranın xarici dünya ilə əlaqə saxladığı dəniz, hava və quru yollarını da əhatə edir.

ABŞ-nin maliyyə naziri Birləşmiş Ərəb Əmirlikləri və Omanının bu siyasətin həyata keçirilməsində Vaşinqtonla əməkdaşlıq etdiyini açıqlayıb. Bessent qeyd edib ki, ABŞ hökuməti İrana giriş-çıxış üçün istifadə olunan quru yollarını bağlamaq məqsədilə Pakistan və Türkiyə ilə də məsləhətləşmələr aparır.

Bessent vurğulayıb ki, ABŞ-nin dəniz blokadası və hərbi tədbirləri İranın neft ixracını tamamilə dayandırmağa yönəlib. O əlavə edib ki, uçuşlara tətbiq edilən məhdudiyyətlər də İslam Respublikası rəsmilərinin və hakimiyyətə yaxın şəxslərin səfərlərinin qarşısını almaq məqsədi daşıyır.

ABŞ-nin maliyyə naziri bildirib ki, Vaşinqton sözügedən kriptovalyuta aktivlərinin saxlandığı yerləri müəyyənləşdirib və İranın bank sistemindən kənar maliyyə mənbələrinə çıxışını da kəsməyə çalışır.