Danışıqlar üçün Vaşinqtonun irəli sürdüyü şərtlər kifayət qədər ciddidir
ABŞ ilə İran arasında aparılan gərgin diplomatik dialoq, etiraz aksiyalarından sonra dalana dirənib. Ümumiyyətlə Tehran və Vaşinqton arasındakı gərginlik çoxşaxəlidir. İranın təhlükə mənbəyi kimi gördüyü İsrailin ABŞ-nin yaxın müttəfiqi olması Tehranın Vaşinqtona qarşı sərt xətt seçməsinə yol açıb. Təəccüblü deyil ki, iki müttəfiq 12 günlük müharibə ərzində İranı bombardman edərək, ölkəni strateji baxımdan həssas vəziyyətə saldılar. Digər tərəfdən, İranın nüvə proqramı Vaşinqton və Təl-Əviv tərəfindən regional və qlobal təhlükəsizlik üçün risk kimi qiymətləndirilir. İllərdir məsələyə dair müzakirələr getsə də həllini tapmayan problemə çevrilib. İranda 28 dekabrda baş qaldıran aksiyalar zamanı, ABŞ prezidenti Donald Trampın etirazçılara ünvanladığı “kömək yoldadır” bəyanatı tərəflər arasında gərgin ritorikanın artmasına təkan verdi. Küçələrdə təhlükəsizlik qüvvələri ilə etirazçılar üz-üzə gələn bir vaxtda, ABŞ və İran liderləri də mediada qarşılıqlı təhdidlər səsləndirirərək, meydan oxuyurdular. Bəzi iddialara görə, D.Trampın əmri ilə ABŞ ordusu Yaxın Şərqdə müharibəyə hazır vəziyyətə gətirilib. Ötən gün isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər regionda vəziyyətin ciddi olduğunu göstərir. "Hürriyet" qəzetinin yazdığına görə, rəsmi Ankara Vaşinqton və Tehranı dialoqa çağırır.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ-nin strateji planının əsas hədəfi İranda rejimin dəyişdirilməsidir:
“1979-cu il İslam İnqilabından sonra Vaşinqton üçün Tehranla münasibətlər sistemli qarşıdurma müstəvisinə keçib. Hazırkı geopolitik reallıqlardan irəli gələrək, D. Tramp ABŞ-nin dünyada birqütüblü siyasətini möhkəmləndirmək istiqamətində addımlar atır. Vaşinqton Rusiya Çin və İranın nüfuzunu zəiflətmək məqsədilə Tehrana hərbi müdaxilə hazırlığı aparır. Ona görə də ABŞ İran ətrafında kifayət qədər hərbi qüvvələr cəmləşdirib. Hazırda D.Tramp yalnız hərbi müdaxilə variantını deyil, eyni zamanda müharibənin gedişi və ondan sonrakı regional-siyasi nəticələrini də hesablayır. Diqqətçəkən məqamlardan biri də Türkiyənin prosesdə fəallaşmasıdır. D.Trampla yanvarın 27-də baş tutan telefon danışığından sonra İranın xarici işlər naziri Abbas Əraqçinin Türkiyəyə səfəri Ankaranın iki tərəf arasında vasitəçilik missiyasına can atdığını göstərir”.
Politoloqun qənaətinə görə, tərəflər dialoqa üz tutmasa, ABŞ yenidən İrana hava hücumları həyata keçirə bilər:
“Türkiyə regional güc kimi mümkün eskalasiyanın qarşısını almaq və dialoq platforması yaratmaq niyyətindədir. Lakin danışıqlar üçün Vaşinqtonun irəli sürdüyü şərtlər kifayət qədər ciddidir. ABŞ İranın nüvə proqramından tam imtina etməsini, ballistik raketlərin uçuş məsafəsinin məhdudlaşdırılmasını, neft-qaz sektorunda ABŞ şirkətlərinin fəaliyyətinə şərait yaradılmasını, eləcə də İsrailin təhlükəsizliyi naminə İranın proksi qüvvələrə dəstəyi dayandırmasını tələb edir. Tehran isə tələbləri strateji maraqlarına təhlükə hesab etdiyindən, prinsipial mövqeyindən geri çəkilmir. Əgər tərəflər arasında ortaq məxrəc tapılmasa, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara əl atması istisna edilmir. Unutmaq olmaz ki, Vaşinqton üçün İran rejiminin zəiflədilməsi və Yaxın Şərqdə təsir imkanlarının minimuma endirilməsi əsas strateji məqsəd olaraq qalır. İran ətrafında cəmləşdirilən hərbi resurslar isə, məsələnin ciddiliyindən xəbər verir”.
Aybəniz Səfərova