“İspaniya Seuta şəhərinə on minlərlə qanunsuz miqrant axını ilə bağlı vəziyyəti mümkün qədər tez nəzarət altına almalı, Mərakeş isə qanunsuz miqrantları geri qəbul etməlidir”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
“Avropa İttifaqının xarici sərhədlərinin qorunması qanunsuz miqrasiya ilə mübarizədə həlledici əhəmiyyət daşıyır. Qəti gözləntim budur ki, Avropa İttifaqına üzv bütün dövlətlər bu öhdəliyi yerinə yetirəcəklər. Məsələ ilə bağlı İspaniya hökuməti ilə təmasdayıq”, - Almaniya Kansleri bildirib.
Merts qeyd edib ki, İspaniya Seutadakı vəziyyəti mümkün qədər tez nəzarət altına almaq istəyir və bunu etməlidir.
“Mərakeşdən qanunsuz miqrantların dərhal geri qəbul edilməsini gözləyirik. Avropa Komissiyası və daxili işlər və miqrasiya üzrə komissar Maqnus Brunnerin bu məsələdə dəstək vəd etməsi müsbət haldır”, - o əlavə edib.
Almaniya Kansleri vurğulayıb ki, iyun ayında qəbul edilmiş miqrantların geri qaytarılması haqqında reqlament dərhal və tam həcmdə həyata keçirilməlidir.
İspaniya mediası minlərlə miqrantın Mərakeşdən Seutaya daxil olması haqda məlumat yayıb. “Cadena SER”in məlumatına görə, son sutka ərzində Seutaya 49 min qanunsuz miqrant daxil olub. Şəhərə çatmağa cəhd edərkən azı 28 nəfər həlak olub.
Miqrasiya böhranı fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə hərbçilərin cəlb edilməsi barədə qərar qəbul edib.