Azərbaycan ilə Türkmənistan türk dünyasının ayrılmaz parçasıdır - ŞƏRH

Berdiməhəmmədovun Bakıya səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsidir

İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycan Respublikasına dövlət səfəri çərçivəsində rəsmi qarşılanma mərasimi keçirilib. Daha sonra Prezident İlham Əliyev ilə Türkmənistan Prezidenti arasında əvvəlcə təkbətək, ardınca isə geniş tərkibdə görüşlər baş tutub. Qeyd edək ki, bu səfər iki ölkə arasında dostluq və strateji əməkdaşlığın daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, eləcə də Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostluq” neftdaşıyan tankerinin təqdimatı iki ölkə arasında mövcud olan sarsılmaz dostluğun, qarşılıqlı etimadın və strateji əməkdaşlığın parlaq təzahürüdür.

 Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir, türk dünyasında həmrəyliyin və birliyin möhkəmlənməsinə mühüm töhfələr verir.

Ortaq tarixə, milli-mənəvi dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan–Türkmənistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, regionda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunmasına xidmət edəcəkdir.

Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü  Naqif Həmzəyev Sherg.az-a bildirib ki, Azərbaycan ilə Türkmənistan arasındakı əlaqələr sıravi diplomatik münasibətlərdən çox-çox dərindədir: “Bu iki ölkəni bir-birinə bağlayan güclü tarixi, etnik və mədəni teldir. Hər iki xalq türk dünyasının ayrılmaz parçasıdır. Ortaq dil ailəsi, ortaq ənənələr, ortaq tarix. Bunlar ikitərəfli münasibətlər üçün möhkəm təməl yaradır. Sovet İttifaqının dağılmasından sonra hər iki dövlət müstəqilliyini elan etdi və bu tarixi dönüm nöqtəsindən etibarən əlaqələr ardıcıl inkişaf etməyə başladı. Prezident Sərdar Berdiməhəmmədovun Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirilən təkbətək görüş ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsidir. Liderlərin şəxsi dialoqu dövlətlərarası əlaqələrin sütununu təşkil edir, ikitərəfli gündəlikdəki məsələlərin bilavasitə müzakirəsini təşkil edir və Xəzər hövzəsində sülh və əməkdaşlıq mühitinin formalaşdırır”.

Deputat bildirib ki, Azərbaycanın Türkmənistana "Dostluq" adlı tanker bağışlaması sadəcə diplomatik hədiyyə deyil- bu, çox dərin məna daşıyan strateji bir addımdır. Bu addımın əhəmiyyətinə gəldikdə isə N. Həmzəyev qeyd edib ki, "Dostluq" sözü hər iki xalqın bir-birinə münasibətini ən dəqiq ifadə edir. Hədiyyəyə verilən bu ad təsadüfi deyil: “İkincisi, Xəzər üzərindəki əməkdaşlıq. Hər iki ölkənin Xəzər dənizinə sahil olması nəqliyyat, enerji və ticarət sahəsində birgə imkanları genişləndirir. Tanker bu birgə gələcəyin simvoludur. Üçüncüsü, enerji əməkdaşlığının perspektivləri. Azərbaycan enerji sahəsində regionun aparıcı oyunçusudur. Türkmənistan isə dünyanın ən böyük qaz ehtiyatlarına malik ölkələrdən biridir. Bu iki potensialın birləşdirilməsi hər iki tərəf üçün böyük fürsətlər yaradır. Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər əhəmiyyətli dərəcədə genişlənib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Xəzər dəniz limanları infrastrukturu və Orta Dəhliz layihəsi -bütün bunlar iki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün güclü platforma yaradır. Azərbaycan Orta Dəhlizdə (Transhəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji mövqe tutur. Türkmənistanın bu dəhlizə inteqrasiyası hər iki ölkənin tranzit gəlirlərini artıracaq, Avropa-Asiya yük axınında mühüm rol oynamağa imkan verəcək.

"Dostluq" tankerinin hədiyyə edilməsi bu münasibətlərin mahiyyətini bir sözdə cəmləşdirir. Azərbaycan-Türkmənistan əlaqələri siyasi maraqların diktə etdiyi soyuq hesablamalar deyil - bu, qardaş xalqların səmimi yaxınlaşması, ortaq gələcəyə birgə inam deməkdir.

Prezidentlər Əliyev və Berdiməhəmmədovun görüşü göstərir ki, hər iki ölkənin rəhbərliyi bu əlaqələrə strateji önəm verir. Önümüzdəki dövrdə iqtisadi əməkdaşlığın, xüsusilə Orta Dəhliz və enerji layihələri kontekstində, yeni zirvələrə çatacağını gözləmək üçün ciddi əsaslar var”.