Azərbaycan-Slovakiya əlaqələri artıq strateji tərəfdaşlıq müstəvisinə keçir - ŞƏRH

  • "Şuşa görüşü bu prosesin növbəti mərhələsini müəyyənləşdirən siyasi hadisə kimi tarixə düşə bilər"

Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi mühüm prioritetlərdən biridir. Bu kontekstdə Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri və Şuşada Prezident İlham Əliyev tərəfindən qarşılanması Bakı-Bratislava münasibətlərinin dinamik inkişafının və qarşılıqlı etimadın növbəti təzahürü kimi qiymətləndirilir.

Son illərdə siyasi dialoqun intensivləşməsi, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi Azərbaycan-Slovakiya əlaqələrini yeni keyfiyyət mərhələsinə çıxarıb və iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi üçün əlverişli zəmin formalaşdırıb.

Qeyd edək ki, Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 1993-cü ildə qurulub. Sonrakı illərdə qarşılıqlı əlaqələrin institusional bazası gücləndirilib, hər iki ölkədə səfirliklərin açılması siyasi dialoqun və iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verib.

Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələ 2024-cü il mayın 6-da Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı başlanıb. Həmin səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” ikitərəfli əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldib.

Hazırda Bakı ilə Bratislava arasında əməkdaşlıq siyasi dialoqla məhdudlaşmır. İki ölkə enerji, nəqliyyat, müdafiə sənayesi, iqtisadiyyat və humanitar sahələrdə konkret layihələr həyata keçirir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və Slovakiyanın bu istiqamətdə əməkdaşlığa göstərdiyi maraq strateji tərəfdaşlığın perspektivlərini daha da genişləndirir.

Yüksək səviyyəli siyasi iradə, qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan əməkdaşlıq Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının gələcəkdə daha da dərinləşməsi və yeni məzmun qazanması üçün möhkəm zəmin yaradır.

 Azərbaycan-Slovakiya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü, deputat Elçin Mirzəbəyli Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş təkcə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm diplomatik hadisə deyil, eyni zamanda Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət kursunun və formalaşdırdığı yeni geosiyasi reallıqların praktik nəticələrinin təzahürüdür.

Deputatın sözlərinə görə, bu görüşün ən diqqətçəkən məqamlarından biri onun məhz Şuşada keçirilməsidir: “Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı statusunu daşımır. Bu şəhər eyni zamanda ölkəmizin diplomatik gücünün, siyasi iradəsinin və postmünaqişə dövründə yaranmış yeni reallıqların dünyaya təqdim olunduğu mühüm siyasi və diplomatik məkana çevrilib. Son illər Azərbaycanın formalaşdırdığı yeni diplomatik ənənə, xarici dövlət başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin Qarabağa, xüsusilə də Şuşaya səfərlərinin təşkili həm beynəlxalq ictimaiyyətə bölgədə yaranmış yeni reallıqların nümayiş etdirilməsi, həm də Azərbaycanın suveren hüquqlarının və ərazi bütövlüyünün praktik müstəvidə təsdiqlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Elçin Mirzəbəyli qeyd edib ki, Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşaya səfəri və burada keçirilən görüşlərdə iştirakı Slovakiyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyin növbəti ifadəsi kimi qiymətləndirilməlidir: “Bu səfər yalnız ikitərəfli münasibətlərin iqtisadi və siyasi gündəliyi ilə məhdudlaşmır. Onun daha geniş geosiyasi və diplomatik məzmunu var. Şuşada keçirilən görüş bir daha göstərir ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərini beynəlxalq əməkdaşlıq və diplomatik dialoq məkanına çevirə bilib. Eyni zamanda, bu, Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqların beynəlxalq tərəfdaşlar tərəfindən qəbul edildiyini və dəstəkləndiyini göstərən mühüm siyasi mesajdır”. E. Mirzəbəylinin sözlərinə görə, diqqət çəkən məqamlardan biri Slovakiya Prezidentinin Azərbaycanı regionun sabitliyinin və inkişafının təminatçısı kimi xarakterizə etməsidir: “ Əslində bu yanaşma son illərdə Avropada formalaşan yeni geosiyasi baxışın tərkib hissəsidir. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi və Orta Dəhlizin artan əhəmiyyəti fonunda Azərbaycan Avropa üçün sadəcə enerji tərəfdaşı deyil, Avrasiya məkanını birləşdirən mühüm geosiyasi mərkəz kimi qəbul edilir.

Bu gün Azərbaycanın təşəbbüskarı olduğu layihələr təkcə iqtisadi xarakter daşımır. Orta Dəhliz, Zəngəzur dəhlizi, Xəzər üzərindən formalaşan yeni logistika marşrutları Avrasiyanın siyasi və iqtisadi xəritəsini yenidən formalaşdıran amillər sırasında yer alır. Slovakiyanın bu proseslərə maraq göstərməsi isə Mərkəzi Avropanın yeni nəqliyyat arxitekturasında iştirak etmək niyyətindən xəbər verir.

Qarabağın bərpasında Slovakiya şirkətlərinin iştirakı münasibətlərin praktik müstəviyə keçdiyini göstərən mühüm göstəricidir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrə xarici tərəfdaşların cəlb olunması təkcə investisiya və texnologiya transferi deyil, həm də siyasi etimad göstəricisidir. Slovakiya məhz bu etimadı qazanan ölkələrdən biri kimi çıxış edir.

Görüş zamanı energetika, ticarət-iqtisadi əməkdaşlıq və hərbi-texniki sahələrin prioritet istiqamətlər kimi vurğulanması tərəfdaşlığın çoxşaxəli xarakter aldığını göstərir. Xüsusilə hərbi-texniki əməkdaşlığın gündəmdə yer alması Azərbaycanın Avropa məkanında müdafiə sənayesi əlaqələrini genişləndirmək strategiyasının tərkib hissəsi kimi diqqəti cəlb edir.

Bütün bunlar göstərir ki, Azərbaycan-Slovakiya münasibətləri artıq klassik diplomatik münasibətlər çərçivəsini aşaraq strateji tərəfdaşlıq müstəvisinə daxil olur. Şuşa görüşü bu prosesin növbəti mərhələsini müəyyənləşdirən siyasi hadisə kimi tarixə düşə bilər. Qarşıdakı dövrdə tərəflərin əldə olunan siyasi anlaşmaları konkret layihələrə və institusional mexanizmlərə çevirməsi münasibətlərin dayanıqlı inkişafının əsas şərti olacaq”.