- "Amma Türkiyə vətəndaşlarının Ermənistanda mənzil almasına hakimiyyət maraqlıdır. Düşünürəm ki, müzakirələr yekun sülh sazişinin imzalanmasına maneə yaratmayacaq"
Ermənistan parlamentinin müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın azərbaycanlılarla bağlı etdiyi çıxış müzakirə doğurub.
O, azərbaycanlıların Ermənistanda daşınmaz əmlak sahibi olmasının qarşısını almağın labüdlüyünü əsaslandırıb.
Müxalifətin bu mövqeyi Azərbaycan-Ermənistan yekun sülh müqaviləsinin imzalanmasına təsir edə biləcəyi haqda suallar yaradır.
Mövzu ilə bağlı Sherg.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, müxalifət məsələni şişirdir:
“Azərbaycan və Türkiyə vətəndaşlarının Ermənistanda mənzil alma məsələsi daha öncə də gündəmə gəlmişdi. Hətta statistik məlumatlar vardı ki, ötən illərdə bir neçə azərbaycanlı və türkiyəli Ermənistanda mənzil alıb. Müxalifət prosesi şişirdərək, “Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən ələ keçirilməsi” fonunda qiymətləndirmişdi. Bir növ bu məsələni mövcud hakimiyyətə qarşı təbliğat vasitəsi kimi istifadə edirdilər. Fikrimcə, Paşinyan hakimiyyəti bu prosesə qarşı çıxacaq. Hər hansı bir qanun layihəsinin müzakirə və qəbul edilməsi inandırıcı görünmür. Çünki, Ermənistan rəsmiləri məsələyə investisiyanın cəlbi kimi baxırlar. Azərbaycanlıların Ermənistanda mənzil alması hələ ki, sual altında olan məsələdir, amma Türkiyə vətəndaşlarının Ermənistanda mənzil almasına hakimiyyət maraqlıdır. Düşünürəm ki, müzakirələr yekun sülh sazişinin imzalanmasına maneə yaratmayacaq. Həm Bakıda, həm də İrəvanda siyasi iradə mövcuddur. Paşinyan hökumətinin də əvvəldən səsləndirdiyi fikirlər prosesi bu yöndə aparır. Müxalifət əvvəl etiraz etdiyi kimi, hazırda da, hətta sülh müqaviləsindən sonra da bu məsələyə qarşı etiraz edəcək. Paşinyan hakimiyyətinin isə Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşması siyasətinin əleyhinə olan “mənzil alma”məsələsinin qadağa kimi qəbul olunması güman olunmur.”
Paşa Nuru