"Bakıdan kənarda 30 ilin avtobuslarından istifadə edilir"

Tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılması təklif edilib

  Utilizasiya olunacaq avtomobillərin necə və hansı qurum tərəfindən qiymətləndiriləcəyinə aydınlıq gətirilib. Bu barədə “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında məlumat verib. O bildirib ki, utilizasiyaya təqdim olunacaq bütün nəqliyyat vasitələri tullantı olduğuna görə qiymətləndirmə zamanı avtomobilin markasının heç bir əhəmiyyəti olmayacaq: "Qiymətləndirməni aparan orqan isə "Təmiz Şəhər" ASC ola bilər".

  Mirzə Laçınov deyib ki, Azərbaycanda tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılmasına ehtiyac var: "Hazırda tullantıların idarə olunması ilə bağlı qanunvericilik keçid mərhələsindədir. Müasir dövrün tələbləri və bu sahədə gedən proseslər özlüyündə tələb edir ki, sözügedən qanunvericiliyə yenidən baxaq. Sadəcə bu, bir qədər vaxt tələb edən prosesdir. Biz istəyirik ki, tullantılara artıq bir tullantı kimi yox, iqtisadi dövriyyəyə qaytarılmalı olan xammal kimi baxılan yanaşmanı ortaya qoyaq. Ümumiyyətlə, beynəlxalq təcrübədə gedən tendensiyalar da belədir".

"Avtomobillərin utilizasiyasına sövq etmək üçün ödəniləcək məbləğlərin artırılması mümkündür"

  “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini bildirib ki, vətəndaşları avtomobillərin utilizasiyasına sövq etmək üçün iqtisadi model yol verdiyi təqdirdə ödəniləcək məbləğlərin artırılması mümkündür. O qeyd edib ki, utilizasiyaya təqdim olunan avtomobil o dərəcədə istismara yararsız olmalıdır ki, vətəndaşın onu satmaq və ya digər yollarla əldən çıxarmaq marağı qalmasın: "Əgər vətəndaş avtomobilini mövcud bazara uyğun olaraq özgəninkiləşdirməklə daha artıq vəsait qazana bilirsə, biz onun bu hüququnu məhdudlaşdıra bilmərik. Lakin hesab edirik ki, bu qanun vətəndaşları pis vəziyyətdə qalmış avtomobillərini utilizasiyaya gətirməyə stimul verəcək".

İdxal olunan köhnə maşınlardan alınacaq ilkin utilizasiya rüsumunun məbləği açıqlanıb

  M.Laçınov qeyd edib ki, idxal olunan köhnə avtomobillərdən alınması nəzərdə tutulan ilkin utilizasiya rüsumunun məbləği açıqlanıb. O bildirib ki, istismar müddəti 1-3 il olan avtomobillərin idxalı zamanı utilizasiya rüsumu alınmayacaq: "İstismar müddəti 4 ildən 7 ilə qədər olan idxal olunmuş avtomobillərdən 400 manat, 7 ildən artıq olan avtomobillərdən isə 700 manat rüsum alınması nəzərdə tutulur. Lakin bu rəqəmlər hələ dəqiq deyil. Bu istiqamətdə müzakirələr davam etdirilir və məbləğ dəyişə bilər". 

"O qədər ağır rüsumlardan sonra vətəndaş əlavə nə isə ödəyəcəksə..."

  Deputat Əli Məsimli avtomobillərin utilizasiyası ilə bağlı vətəndaşlardan heç bir vəsaitin alınmamasını təklif edib: “Dünya elektron avtomobilə keçir. Azərbaycanda söhbət avtomobil yığmaqdan gedirsə, ən asan yığılan elektron avtomobillərdir. Dünyanın hansı ölkəsinin adını çəkmək olar ki, o ölkəyə gətirilən avtomobildən alınan rüsumlar və s. üst-üstə yığılanda onun gömrük gəlirinin üçdə iki hissəsinə, bəzən hardasa 80-90 faizinə bərabər olsun. Həddən artıq insafsız göstəricilərdən alınan vəsaitin bir hissəsinin Utilizasiya Fonduna keçirilməsini, ümumiyyətlə, vətəndaşlardan bu sahədə heç bir vəsaitin alınmaması variantını təklif edirəm. O qədər ağır rüsumlardan sonra vətəndaş əlavə nə isə ödəyəcəksə, bu, qiymətlərin artmasına təsir göstərəcək. Çörəyin, avtomobilin qiyməti qalxan kimi, bu, psixoloji cəhətdən başqa məhsulların qiymətinin qalxmasına təsir göstərir".

"Utilizasiya ilə bağlı qanuna dəyişiklik yeni avtomobil alanlardan daha çox vəsait almağa hesablanıb"

  Parlament üzvü Asim Mollazadə də bildirib ki, avtomobillərin utilizasiyası ilə bağlı qanuna dəyişiklik atmosfer havasının çirklənməsinin qarşısını almağa deyil, yeni avtomobil alanlardan daha çox vəsait almağa hesablanıb: "Biz əgər atmosfer havasının çirklənməsinin qarşısının alınmasını istəyiriksə, ilk növbədə böyük avtomobillərdən danışmalıyıq. Bakının havasına köhnə sovet dövründən qalmış avtobusların təsirini görmüşük. Bizim müzakirə etdiyimiz qanun bu məsələ ilə bağlı deyil. Hesab edirəm ki, qanun layihəsi yenidən işlənməlidir. Təqdim olunan rəqəmlər də aydın deyil. Hesab edirəm ki, bu qanun avtomobil qiymətlərinin artmasına gətirib çıxaracaq".

"Utilizasiya haqqının alınması avtomobil qiymətlərinin artımına səbəb olacaq"

  Millət vəkili Vüqar Bayramov qeyd edib ki, xaricdən avtomobil idxalı zamanı ultilizasiya haqqının alınması idxal qiymətinin artımına səbəb olacaq. O bildirib ki, bu, eyni zamanda avtomobil bazarında bahalaşmaya gətirib çıxaracaq: "Tullantıların utilizasiyası ilə avtomobillərin utilizasiyası bir-birindən fərqlidir. Avropa ölkələrində bununla bağlı iki ayrı qanun var. Daha yaxşı olardı ki, bizdə də bu qanun layihəsi ayrıca qanun kimi hazırlanıb təqdim olunsun".

  Deputat İltizam Yusifov deyib ki, Azərbaycanda yük avtomobillərinin təqribən 2.5 faizi yeni avtomobillərdir, qalanları isə köhnə avtomobillərdir. O bildirib ki, sərnişin avtobusları ilə bağlı vəziyyət daha kritikdir: "Bakıdan kənarda 30 ilin avtobuslarından istifadə edilir. Bu cür avtomobillərin ətraf mühitə buraxdığı zərərli tullantıların həcmi çoxdur. Avtomobillərin utilizasiyası məsələsində bunlar da nəzərə alınmalıdır".