Böyük Britaniya 2016-cı ilin iyununda keçirilən Brexit referendumundan bəri son on ilin ən ciddi siyasi qeyri-sabitlik dövrlərindən birini yaşayır. Bu müddətdə ölkədə beş dəfə baş nazir dəyişikliyi baş verib və altı fərqli siyasətçi hökumət başçısı olub. Son olaraq, Leyboristlər Partiyasının lideri Keir Starmer partiya daxilində artan təzyiqlərdən sonra istefa verəcəyini açıqlayıb.
Böyük Britaniyada son 10 ildə yaşanan siyasi proseslər və hakimiyyət dəyişiklikləri ölkə tarixinin ən dinamik dövrlərindən birinə çevrilib.
2016-cı ilin iyunundan indiyədək Mühafizəkarlar Partiyası və Leyboristlər Partiyasının hökumətləri dövründə ümumilikdə beş dəfə baş nazir dəyişib və altı fərqli şəxs bu posta yiyələnib.
David Kameron (2010-2016)
Siyasi dəyişikliklərin əsasını qoyan hadisə 2016-cı ildə keçirilən Avropa İttifaqı referendumu oldu.
Həmin dövrdə baş nazir olan Devid Kemeron ölkənin Avropa İttifaqında qalmasını dəstəkləsə də, referendumun nəticəsində Brexit qərarı qəbul edildi. Bunun ardından o, 2016-cı ilin iyul ayında istefa verdi.
Tereza Mey (2016–2019)
Kemeronun yerinə gələn Tereza Mey Brexit üzrə ayrılma sazişini parlamentdən keçirə bilmədiyi üçün partiya daxilindəki təzyiqlərə tab gətirməyərək 2019-cu ilin iyulunda vəzifəsini tərk etdi.
Boris Conson (2019–2022)
Tereza Meyin istefasından sonra baş nazir olan Boris Conson “Brexiti həyata keçirmək” şüarı ilə girdiyi seçkilərdə böyük qələbə qazandı.
Lakin onun hakimiyyəti dövründə koronavirus pandemiyası zamanı Baş nazir iqamətgahında təşkil olunan məclislərlə bağlı “Partygate” qalmaqalı və müxtəlif etik mübahisələr ciddi siyasi böhrana səbəb oldu.
Artan təzyiqlər nəticəsində Conson 2022-ci ilin sentyabrında istefa verdi.
Liz Trass - Tarixin ən qısa müddətli baş naziri (49 gün)
Boris Consondan sonra Mühafizəkarlar Partiyasının lideri seçilən Liz Trass 2022-ci ilin sentyabrında baş nazir vəzifəsinə başladı.
Lakin onun hökumətinin açıqladığı mübahisəli vergi endirimi paketi funt sterlinqin kəskin dəyər itirməsinə və maliyyə bazarlarında ciddi sarsıntıya səbəb oldu.
Etimadı itirən Trass cəmi 49 gün vəzifədə qaldıqdan sonra istefa verərək ölkə tarixinin ən qısa müddət fəaliyyət göstərən baş naziri oldu.
Rişi Sunak (2022–2024)
Liz Trassın istefasından sonra 2022-ci ilin oktyabrında vəzifəyə gələn Rişi Sunak ölkənin ilk Asiya mənşəli baş naziri kimi iqtisadi sabitliyi bərpa etməyə çalışdı.
Lakin iki illik çətin siyasi dövrdən sonra 2024-cü ilin iyulunda keçirilən ümumi seçkilərdə Mühafizəkarlar Partiyası ağır məğlubiyyətə uğradı.
Keir Starmer və onun istefası
Seçkilərdən sonra Leyboristlər Partiyasının lideri Keyr Starmer hökuməti formalaşdıraraq Böyük Britaniyanın yeni baş naziri oldu və bununla da ölkədə Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyəti sona çatdı.
Böyük Britaniyanın baş naziri və Leyboristlər Partiyasının lideri Keyr Starmer bu gün partiyasının onu növbəti ümumi seçkilərdə ölkəyə rəhbərlik edəcək ən uyğun şəxs kimi görmədiyini qəbul edərək istefa verəcəyini açıqlayıb.
Starmer istefa çıxışında baş nazir olmağın həyatının “ən qürurverici anı” olduğunu bildirib.
O qeyd edib ki, vəzifəyə gəldiyi zaman siyasi, maliyyə və mənəvi baxımdan böhran içində olan, dəfələrlə sona çatdığı deyilən bir Leyboristlər Partiyası ilə qarşılaşıb.
Starmer vurğulayıb ki, partiyası onun növbəti seçkilərdə liderlik etmək üçün doğru şəxs olub-olmadığını sual altına alıb və o da bu qərarı anlayışla qəbul edib.
Baş nazir bildirib ki, kral ilə görüşüb və yeni Leyboristlər Partiyası liderinin müəyyənləşdirilməsi üçün yarış keçiriləcəyi təqdirdə, qalib şəxs parlamentin sentyabr sessiyası başlamazdan əvvəl vəzifəyə başlayacaq.
O, hakimiyyətin nizamlı şəkildə təhvil verilməsi üçün əlindən gələni edəcəyini və özündən sonrakı liderə tam dəstək göstərəcəyini də əlavə edib.