Danışıqlar dayandırıldı, İran yeni müharibə mesajı verdi

“ABŞ İranın münaqişənin həlli ilə bağlı qanuni tələblərini qəbul etməsə, döyüş meydanında daha böyük məğlubiyyətlərlə üzləşəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin sözçüsü general Rza Talayiniq deyib.

“Əgər qarşı tərəf diplomatiya sahəsində İran xalqının qanuni və konkret tələblərini qəbul etməsə, onda döyüş meydanında yenidən məğlubiyyətlərini görməyə hazır olmalıdır. Düşmən tərəfindən istənilən yeni təhdid, hücum və ya təcavüz dərhal, qətiyyətli və son cavabla qarşılanacaq. Bu, qarşı tərəfi etdiklərinə peşman edəcək”, - general bildirib.

Rza Talayiniq qeyd edib ki, İran bu məcburi müharibənin qalibi olmağa davam edəcək.

Mayın 10-da İran Pakistan vasitəsilə Amerikanın təkliflərinə cavab verib. ABŞ Prezidenti Donald Tramp Tehranın cavabını “qəbuledilməz” adlandırıb. Ardınca “Fars” xəbər agentliyi mənbələrə istinadla yazıb ki, İran Vaşinqton Tehranın beş şərtini yerinə yetirənə qədər ABŞ ilə danışıqları bərpa etməyəcək. Bu şərtlərə bütün cəbhələrdə, xüsusən də Livanda müharibənin dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin sərbəst buraxılması, müharibənin vurduğu zərərin ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması daxildir.