- Dünyanın nüfuzlu ölkələri bölgədə yaranmış yeni reallığı qəbul edir
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb.
Səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngli kəndinin yaxınlığında yerləşən Gəncəsar Monastır Kompleksini, daha sonra isə Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər.
Onlara komplekslərin tarixi və memarlıq xüsusiyyətləri, həmçinin abidələrə edilmiş müdaxilə, dəyişiklik və saxtalaşdırma halları barədə məlumat verilib.
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərini şərh edən politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycanda yerləşən səfirliklərin nümayəndələrinin azad olunmuş ərazilərə səfərləri təşkil olunmağa başlayıb:
"Məqsəd həmin ərazilərdə dağıntının miqyasını həm səfirlərə, həm də onların vasitəsilə təmsil etdikləri dövlətlərə çatdırmaq idi. Bir neçə dövlət qəti şəkildə bu səfərlərdə iştirak etməkdən imtina elədi. Bir müddət Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa və bir sıra digər ölkələr də ilk səfərlərdə iştirak eləmədilər. Sonradan yenə də Qarabağ bölgəsinə səfər etməkdən imtina elədilər, ancaq bir müddət keçdikdən sonra onlar başa düşdülər ki, Qarabağda baş verən proseslər dönməz xarakter daşıyır və həmin ərazilərə getmək zəruridir.
Ard-arda təşkil olunan bu səfərlərdə yerlərdəki vəziyyəti gördülər. Həm dağıntının miqyasını, ermənilərin törətdikləri vəşiliklərlə tanış oldular, həm orada aparılan quruculuq işlərinin miqyasını gördülər, Azərbaycanın nə qədər böyük layihələr icra etdiyinin şahidi oldular. Anladılar ki, Qarabağ və ətrafda azad olunmuş ərazilər yaxın illərdə tamamilə yeni bir səviyyədə, yenidən qurulacaq və burada əvvəlkindən də qat-qat yaxşı şəhərlər, kəndlər, yaşayış məntəqələri salınacaq".
Politoloq qeyd edib ki, diplomatik korpus nümayəndələrinin bu prosesi görməsi həmin bölgəyə investisiyaların cəlb olunması işinə də öz təsirini göstərdi və quruculuq işlərində iştirak etmək istəyən dövlətlərin sayının artmasına gətirib çıxartdı:
"Diplomatlar Qarabağ və ətraf bölgələrdə baş verən hadisələri daha dərindən öyrənmək imkanı əldə elədilər və öz ölkələrinə obyektiv məlumatlar çatdırdılar. Bu səfərlər son dərəcə, indi də mühüm əhəmiyyətə malikdir və ilk növbədə dünyanın nüfuzlu ölkələrinə imkan verir ki, reallıqları anlasınlar, Azərbaycanın bölgədə gördüyü böyük, dinc quruculuq işləri ilə tanış olsunlar və bu vəziyyətin bütövlükdə bölgədə təhlükəsizliyin, əmin-amanlığın təmin olunmasına xidmət etdiyini anlasınlar".