Dövlət qulluqçuları qlobal təhdidlərə hazır olmalıdır - ŞƏRH

  • Zaur Məmmədov: "Bu sahə artıq təkcə idarəetmə deyil, həm də ictimai etimad institutudur”

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü Azərbaycanda dövlət idarəçiliyinin inkişafında mühüm rol oynayan, fəaliyyətlərini məsuliyyət, peşəkarlıq və vətənə sədaqət prinsipləri əsasında quran dövlət qulluqçularına göstərilən yüksək ehtiramın ifadəsidir. Bu əlamətdar gün dövlətin dayanıqlı inkişafı, cəmiyyətin rifahı və idarəetmə sisteminin səmərəli fəaliyyətində mühüm xidmətləri olan dövlət qulluqçularının əməyinə verilən dəyəri nümayiş etdirir.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndərin rəhbərliyi ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılmış, peşəkar dövlət idarəçiliyinin əsasları yaradılıb. 1995-ci ildə qəbul olunan Konstitusiya dövlət idarəçiliyinin hüquqi bazasını formalaşdırmış, 2000-ci ildə qəbul edilən “Dövlət qulluğu haqqında” Qanun isə bu sahədə vahid kadr siyasətinin, dövlət qulluqçularının hüquq və vəzifələrinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar daha da genişlənərək müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Dövlət idarəçiliyində şəffaflığın, çevikliyin və səmərəliliyin artırılması, peşəkar kadr potensialının gücləndirilməsi, dövlət qulluqçularının bilik və bacarıqlarının inkişaf etdirilməsi prioritet istiqamətlər kimi müəyyən olunub. Bütün bunlar Azərbaycanda müasir və vətəndaş məmnunluğuna əsaslanan idarəçilik modelinin formalaşmasına mühüm töhfə verir.

Dövlət İdarəçilik Akademiyasının (DİA) rektorunun ictimai əlaqələr üzrə müşaviri, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, dövlət qulluqçularının peşəkarlığının artırılması və idarəetmədə müasir yanaşmaların tətbiqi dövlətin dayanıqlı inkişafının əsas şərtlərindən biridir:

“23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 may 2006-cı il tarixində imzalanmış sərəncam əsasında təsis olunub. Bu tarixin seçilməsi isə təsadüfi deyil. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 21 iyul 2000-ci ildə qəbul edilmiş və 23 iyun 2001-ci ildə qüvvəyə minib. Bu qanunun əsas məqsədi Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində,dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir”.

Z. Məmmədovun sözlərinə görə, Azərbaycanda dövlət qulluğu sisteminin formalaşdırılması və təkmilləşdirilməsi dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatların mühüm tərkib hissəsidir:

“Bu sistemin əsas məqsədi peşəkar, səmərəli, qanunçuluq və etik davranış prinsiplərinə əsaslanan dövlət idarəçiliyinin təmin edilməsidir.

Dövlət qulluqçularının əsas missiyası dövlətə və xalqa xidmət etmək, üzərlərinə düşən vəzifələri operativ, məsuliyyətli və yüksək peşəkarlıqla yerinə yetirməkdən ibarətdir. Müasir dövrdə dövlət qulluğu yalnız inzibati fəaliyyət deyil, eyni zamanda vətəndaş məmnunluğunu təmin edən, ictimai etimadı gücləndirən mühüm idarəetmə institutudur. Dövlət qulluğu siyasətinin əsas istiqamətləri ölkədə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və çevikliyin artırılması, vətəndaşların müraciət və ehtiyaclarının daha dolğun şəkildə təmin olunmasıdır. Son illərdə bu sahədə həyata keçirilən islahatlar dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm nəticələr verməkdədir və proses davamlı xarakter daşıyır.

Dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması, onların müasir idarəetmə prinsiplərinə uyğun təlimlərə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Qlobal və regional çağırışların artdığı bir dövrdə çevik düşüncəyə, yüksək peşəkarlığa və innovativ yanaşmalara malik dövlət qulluqçusu korpusunun formalaşdırılması prioritet məsələlərdən biridir”.