Epşteyn qalmaqalı təkcə cinayət deyil - RƏYLƏR

Qlobal kəşfiyyat şəbəkələrinin maskası açılır

Son günlər dünya mediasının diqqət mərkəzində Ceffri Epşteyn qalmaqalı dayanır. 2025–2026-cı illərdə ABŞ Ədliyyə Nazirliyi tərəfindən “Epstein Files Transparency Act” çərçivəsində açıqlanan milyonlarla səhifə sənəd, 2000-dən artıq video və 180 min şəkil Epşteynin fəaliyyətlərinin miqyasını ortaya qoyub. Bu sənədlər yalnız onun qadın ticarəti şəbəkəsini və qurbanlarını deyil, həm də tanınmış şəxslərlə əlaqələrini, səyahət qeydlərini, elektron məktublarını və digər detalları əhatə edir. Maraqlıdır ki, açıqlanan sənədlərdə Azərbaycana dair qeydlər də yer alıb və bu məsələnin qlobal miqyasını bir daha vurğulayır.

Epşteyn qalmaqalı ilk dəfə azyaşlılara qarşı cinsi istismar ittihamları ilə gündəmə gəlsə də, zaman keçdikcə bu məsələ təkcə fərdi cinayət işindən çıxaraq sistemli və şəbəkəvi bir fəaliyyət kimi ictimai müzakirələrin predmetinə çevrilib. Hazırda açıqlanan sənədlər, həm də dünya elitasının görünməyən əlaqələrinə işıq salır. ABŞ-nin keçmiş prezidentləri, Britaniya Kral Ailəsinin üzvü, məşhur sənətçilər və digər tanınmış şəxslərin adlarının bu işdə hallanması məsələnin yalnız kriminal yox, həm də siyasi və sosial aspektlərini gündəmə gətirir.

ABŞ Federal Dairə Hakimi Loretta Preska-nın qərarı ilə “John və Jane Doe” kimi gizlədilən təxminən 200 nəfərin adı ictimaiyyətə açıqlanıb. Məhkəmə sənədlərinə əsasən, Bill Clinton, Şahzadə Andrew, müğənni Michael Jackson, sehrbaz David Copperfield və ABŞ Prezidenti Donald Trump da adları hallanan şəxslər arasındadır. Bu açıqlamalar yalnız Epşteynin şəxsi fəaliyyətlərini deyil, həm də onun şəbəkəsinin qlobal miqyasda siyasi, sosial və mədəni təsir mexanizmlərinə necə nüfuz etdiyini göstərir.

Bu baxımdan, Epşteyn qalmaqalı artıq təkcə bir cinayət işi deyil; o, qlobal elitalar arasında gizli münasibətlərin, etimad böhranlarının və güc strukturlarının nə qədər mürəkkəb və şəffaf olmayan zəmində qurulduğunu üzə çıxaran sistemli bir test sahəsi kimi dəyərləndirilə bilər. Hazırda açıq olan sənədlər və ifadələr, hələ də ictimaiyyətin və tədqiqatçıların diqqətini çəkən çoxsaylı suallar və təhlil imkanları təqdim edir.

Milli Məclisin deputatı Asim Mollazadə Sherg.az-a açıqlamasında Epşteyn qalmaqalına təkcə fərdi cinayət işi deyil, qlobal güc münasibətlərinin və mənəvi aşınmanın göstəricisi, geosiyasi və kəşfiyyat müharibələri prizmasından baxmağın vacibliyinə diqqət çəkib:

“Epşteyn ətrafında baş verənlər təkcə bir şəxsin cinayət fəaliyyəti ilə məhdudlaşmır, daha geniş və köklü şəbəkələrin mövcudluğuna işarə edir. Proseslərin arxasında isə KQB durur. Hələ 1930-cu illərdən etibarən formalaşmağa başlayan və sonradan KQB adı altında sistemləşən kəşfiyyat şəbəkələri ABŞ-da, Avropada, Türkiyədə və Yaxın Şərqdə dərin əlaqələr qurmağa nail olub. Bu şəbəkələr uzun illər ərzində siyasi, iqtisadi və ictimai elitalara nüfuz edərək təsir mexanizmləri formalaşdırıb”. 

Deputat xüsusilə erməni diasporasının bu təsir şəbəkələrində fəal rol oynadığını və həmin şəbəkələrin maraqlarına uyğun fəaliyyət göstərdiyini qeyd edib. Mollazadə hesab edir ki, son illər dünyada müşahidə olunan ifşalar və sızmalar təsadüfi deyil. Onun fikrincə, Avropa Parlamentində və Avropa Şurasında Azərbaycana qarşı sistemli təbliğat aparan bəzi fiqurların keçmiş KQB ilə əlaqələrinin üzə çıxması, bu şəbəkələrin hələ də tam sıradan çıxmadığını göstərir. Bu isə onu deməyə əsas verir ki, “soyuq müharibə” bitmiş kimi görünsə də, onun ideoloji və kəşfiyyat alətləri müxtəlif adlar altında fəaliyyətini davam etdirir.

Deputatın diqqət çəkdiyi digər mühüm məqam bu şəbəkələrin bu gün də ABŞ və Avropa siyasi institutlarında aktiv qalmasıdır. Onun sözlərinə görə, bu şəxslər formal olaraq müstəqil siyasi və ictimai xadim kimi çıxış etsələr də, faktiki olaraq Moskvanın maraqlarına uyğun davranır, müstəqil dövlətlərə qarşı informasiya və siyasi təzyiq alətlərinə çevrilirlər. A. Mollazadə bu proseslərin mərhələli şəkildə ifşa olunacağını və bir çox “toxunulmaz” hesab edilən şəxslərin maskalarının düşəcəyini düşünür.

Epşteyn qalmaqalı kontekstində ABŞ prezidenti Donald Trampın adının hallanmasına münasibət bildirən deputat Trampın adının hansısa siyahılarda yer almasının texniki və ya formal səbəblərlə mümkün olduğunu istisna etməsə də, onun KQB agenti olması və ya Rusiya kəşfiyyatına işləməsi iddialarını real hesab etmir. 

Azərbaycan faktoru ilə bağlı deputat bildirir ki, KQB şəbəkəsinə daxil olan şəxslərin əsas funksiyası əldə etdikləri məlumatları öz rəhbərlərinə ötürmək olub. Onlar müxtəlif ölkələrdə görüşlər keçirir, şirkətlər və fərdlərlə əlaqələr qurur, xüsusilə ABŞ-la bağlı həssas məlumatları mərkəzə çatdırırdılar. Müxtəlif ölkələrə aid şəxslərin və şirkətlərin adının Epşteyn qalmaqalı fonunda gündəmə gəlməsi də məhz bu cür əlaqə və məlumat axınlarının nəticəsi kimi dəyərləndirilir.

Epşteyn qalmaqalını qlobal kəşfiyyat şəbəkələrinin, informasiya müharibələrinin və siyasi manipulyasiyaların bir hissəsi kimi dəyərləndirən deputat hesab edir ki, bu qalmaqal təkcə keçmişin deyil, bu günün də təhlükəsizlik və suverenlik problemlərini üzə çıxarır və göstərir ki, beynəlxalq münasibətlərdə görünməyən, amma hələ də aktiv olan strukturlar mövcuddur.

Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyeva hesab edir ki, Epşteyn faylları diplomatik və yarı-diplomatik statusa malik transmilli humanitar infrastrukturların transmilli cinayətlər üçün “çətir” rolunu necə oynadıqlarını göstərir:

“Təsəvvür edin ki, Epşteynə ‘Afrikadan oğlan uşağı gətirim, yoxsa qız uşağı?’ deyə soruşan cinayətkar uşaq evləri və sığınacaqların dövlət reabilitasiya və müdafiə proqramlarının donoru və nümayəndəsi olub. Əslində bu mövzunu 2015–2019-cu illərdə Kamboca, Nepal, Uqanda və digər ölkələrdə transmilli ‘yetim uşaqlar biznesi’ şəbəkəsi mövzusunda araşdırmada geniş təsvir etmişəm. Həmin araşdırmaya BMT və ATƏT səviyyəsində uşaq əməyinin istismarı və azyaşlıların qara miqrasiyası mövzusunda hesabatlarda istinadlar var.”

Y. Hacıyeva bildirib ki, “Epşteyn işi” sadəcə ABŞ-da pullardan, əlaqələrdən və cəzasızlıqdan yararlanan bir cinayətkarın hekayəsi deyil: “O, maliyyə hakimiyyəti ilə dövlətin institusional gücünü birləşdirən bir fiqur olub və belə fiqurlar təsadüfən yaranmır. Sənədlərdən aydın olur ki, Epşteyn, transmilli sistemin bir neçə funksiyasını yerinə yetirən mərkəzi fiqur kimi, iqtisadi-siyasi elitalar, ictimai fiqurlar və qapalı cinayətkar dairələr arasında vasitəçi və nəzarətçi rolunu oynayıb. ABŞ-dan kənarda da oxşar əlaqələr qura bilibmiş.

Belə əlaqələri yalnız qlobal güc ölkələrinin, hər şeyə qadir təhlükəsizlik və güc təsisatlarının nümayəndələri qura bilərdi. Təsir rıçağı kimi kompromatların istifadəsi güclü təzyiq mexanizmidir və bütün dünyada xüsusi xidmətlər, biznes strukturları və siyasi aparatların perspektivli gənclərin, nüfuzlu şəxslərin və rəqiblərin zəif tərəflərindən istifadə etməsi ilə loyallıq və idarəolunanlıq təmin olunur.”

Politoloq əlavə edib ki, Epşteyn xüsusi xidmətin siyasi, ictimai, iqtisadi və fərdi sferalar arasındakı “boz zonalarda” fəaliyyət göstərən, başqalarının zəif nöqtələrini müəyyən edən “operator” rolunu oynayıb: “Əks halda, ABŞ Ədliyyə Nazirliyi 2008-ci ildən istintaq aparsa da onun cinayətlərini dərc etməyə icazə verərdi. Bu 18 il ərzində cinayətin detallarının açıqlanması epizodik olub və əsasən selektiv şəkildə aparılıb. Seçkilərin nəticəsindən asılı olaraq demokratların və ya respublikaçıların nəzarətində olan ABŞ Ədliyyə Nazirliyi istintaqın detallarını sadəcə rəqibləri sıradan çıxarmaq üçün istifadə edib. İstintaqın detallarından hər iki partiya daxili seçkilərdə, qubernatorluq seçkilərində istifadə edib. Hal-hazırda da vəziyyət eynidir.”

Politoloq vurğulayıb ki, ABŞ Ədliyyə Nazirliyi məlumatları cinayətkarların ifşası, qurbanların müdafiəsi və ya ədalətin bərqərar olunması üçün deyil, mövcud respublikaçı prezidentə qarşı kompromat üçün yayıb: “Bunun da səbəbi var. İlin əvvəlində, 2016-cı il prezident seçkilərində Trampa qarşı saxtalaşdırılmış cinayət işini araşdıran işçi qrupun ilkin rəyi dərc olunub. Rəyə görə, demokrat eks-prezident Obama, bir neçə konqresmen və Milli Kəşfiyyatın həmin vaxtkı rəhbəri Trampın əleyhinə sübutları saxtalaşdırıb və yalan ifadələr veriblər. Xatırlayırsınızsa, Donald Tramp keçən həftə Barak Obamanın buna görə həbs olunmalı və 44-cü prezident kimi bütün imtiyazlarından məhrum edilməsinin vacibliyini bəyan edib.”

Y. Hacıyeva qeyd edib ki, Epşteyn cinayətinin detallarının dərc olunması cinayətkarların cəzalandırılması üçün deyil, ABŞ hakim elitasının daxili hesablaşması üçün həyata keçirilib: “ Siyasi elitanın bir cinahı öz mövqeyini qorumaq, prosesin idarəolunanlığını itirməmək və reputasiya riskini minimuma endirmək üçün bu addımı atıb. Oxşar hallar bizə yaxın coğrafiyalarda da baş verib. Məsələn, Türkiyədə bəlli qrupların CHP daxilində mövqeyini gücləndirmək üçün Dəniz Baykal və Məhərrəm İncənin videolarının yayımlanması kimi. ABŞ-da isə Kennedinin öldürülməsi istintaqı 60 il, Uotergeyt istintaqı 53 il məxfilik qrifini pozmayan Ədliyyə Nazirliyi Epşteyn istintaqının detallarını nə ədalət üçün, nə də təsadüfən yayıb.”