Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən “Türkiyə Süni İntellekt Zirvəsi”ndə çıxış edərək ölkənin yeni “Süni İntellekt Fəaliyyət Planı” barədə mühüm mesajlar verib.
Sherg.az-ın məlumatına görə, dövlət başçısı bildirib ki, 2026–2030-cu illəri əhatə edən plan “Fark Et, İstifadə Et, İstehsal Et və İdarə Et” adlı 4 əsas sütun üzərində qurulub. Bu çərçivədə Türkiyədə süni intellekt, bulud texnologiyaları və data mərkəzləri üçün ən azı 10 milyard dollarlıq özəl sektor investisiyası cəlb olunacaq.
Ərdoğan qeyd edib ki, plan çərçivəsində 81 vilayətdə süni intellekt savadlılığı proqramı həyata keçiriləcək, 5 milyon vətəndaşa təlim veriləcək, 10 min mütəxəssis və 100 min tətbiq üzrə peşəkar yetişdiriləcək.
O, həmçinin vurğulayıb ki, Türkiyə rəqəmsal transformasiyanı sürətləndirir, 5G texnologiyasını tətbiq edib, yerli peyk və müdafiə sənayesi ilə texnoloji müstəqilliyini gücləndirir.
Planın iqtisadi təsirinin 1 trilyon lirəni keçəcəyi gözlənilir. İstanbulun isə süni intellekt sahəsində beynəlxalq investisiya və innovasiya mərkəzinə çevrilməsi hədəflənir.