- “Məkkə ittifaqı”nı yalnız İsrailə qarşı yaradılmış hərbi blok kimi təqdim etmək də düzgün olmaz
İsrail və Türkiyə arasındakı gərginlik liderlərin kəskin açıqlamalarında aydın görünür. İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampı Türkiyəyə F-35-lərin verilməsi fikrindən daşındırmaq cəhdi, əlaqələri qopma nöqtəsinə gətirib. İsraildə oktyabrın 27-də parlament seçkiləri keçiriləcək. Netanyahunun seçki kampaniyasında Ərdoğanı İsrailin təhlükəsizliyinə təhdid kimi təqdim etməsi, Türkiyə mətbuatının kəskin etirazı ilə qarşılanıb.
Hakim “Likud” partiyası Tel-Əvivdəki reklam lövhələrində Ərdoğanın fotolarını, İranın ali lideri Müctəba Xamenei, “Hizbullah”ın baş katibi Naim Qasım və Nyu-Yorkun meri Zöhran Mamdani ilə birgə “düşmən” obrazında göstərib. Fotoların yer aldığı plakatların üzərində, “Bunlar Netanyahunun məğlub olmasını istəyirlər”, “Onların qalib gəlməsinə imkan verməyin” şüarları yazılıb. Gərginləşən münasibətlər fonunda, prezident Ərdoğanın verdiyi açıqlama diqqət mərkəzinə çevrilib. Türkiyə lideri vurğulayıb ki, kimsə Türkiyəyə hücum etmək niyyətinə düşərsə, tərəddüd etmədən müharibəyə qoşulacaqlar. “Məkkə Sazişi”nə diqqət çəkən Ərdoğan, “Əgər hər hansı hücum baş verərsə, ittifaqa daxil olan 3 dövlət birgə zəruri addımlar atacaq” ifadəsi ilə sanki İsrailə göz dağı verib.
Mövzu ilə bağlı Ankara Universitetinin professoru Toğrul İsmayıl Sherg.az-a bildirib ki, hazırda Türkiyə-İsrail münasibətlərini sadəcə diplomatik gərginlik kimi qiymətləndirmək mümkün deyil:
“Xüsusilə İsrailin Suriya və Livandakı hərbi fəaliyyəti Türkiyənin təhlükəsizlik maraqları ilə daha çox toqquşur. Prezident Ərdoğanın son açıqlamalarını da ilk növbədə müharibə çağırışı kimi yox, çəkindirmə mesajı olaraq dəyərləndirmək lazımdır. Hazırda Türkiyənin İsraillə birbaşa müharibəyə başlama ehtimalını yüksək hesab etmirəm. Ankara üçün əsas məqsəd, müharibəyə girmək deyil, İsrailin Türkiyənin strateji ətrafında yeni təhlükəsizlik reallığı yaratmasının qarşısını almaqdır. Lakin regional münaqişənin genişlənməsi iki ölkəni birbaşa qarşıdurmaya gətirə bilər. Əsas risk də budur. “Məkkə ittifaqı”nı yalnız İsrailə qarşı yaradılmış hərbi blok kimi təqdim etmək də düzgün olmaz.
Pofessorun sözlərinə görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın təhlükəsizlik əməkdaşlığının dərinləşməsi, regionda yeni çəkindirmə mexanizmi yaradır:
“Xüsusilə Türkiyənin hərbi imkanları, Səudiyyə Ərəbistanının iqtisadi gücü və Pakistanın nüvə potensialı birlikdə düşünüldükdə, bunun İsrailin regional hesablamalarına təsir etməməsi mümkün deyil. Ona görə də “Məkkə ittifaqı”nı İsrailə qarşı müharibə koalisiyasından daha çox, regionda yeni güc balansı yaratmağa yönəlmiş strateji çəkindirmə platforması kimi qiymətləndirərdim. Əsas məsələ Türkiyə ilə İsrailin müharibə edib-etməyəcəyi yox, bundan sonra Yaxın Şərqin təhlükəsizlik arxitekturasını kimin müəyyən edəcəyidir”.